Narkomaniyaya qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intelektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilmişdir ki, onlardan  678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 196-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kq 434,074 qr  müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 ədəd çətənə kolları, 8 kq 915,4 qr güclü təsir edən maddə, 58 kq 162,7 qr zəhərli maddə müsadirə olunmuşdur.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  599 kq 305 qr marixuana (58,4%), 173 kq 714,044 qr tiryək (16,9%), 180 kq 262,668 qr heroin (17,5%), 5 kq 564,2 qr həşiş (0,6%), 1545 ədəd həb, o cümlədən 4 kq 302 psixotrop maddələr (0,1%), 66 kq 677,752 qr digərləri (6,5%) təşkil etmişdir.

Cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilmişdir ki, onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-sı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-si qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi,  1726-sı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-sı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 ha 36,86 sot ərazidən 173 ton 430 kq 202 qr (370 min 760 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülmüş, 1.249 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 390 nəfər təşkil etmişdir ki, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbilərdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 1 oktyabr 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır.

O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq 2017-ci ilin 5 iyul tarixində Müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 276 məhkəmə hökmü ilə müsadirə olunmuş 467 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 8700 ədəd çətənə bitkisi yandırılma yolu ilə məhv edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi Qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi  genişləndirilmişdir.

Belə ki, Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəqli və istehsalı ilə bağlı vəziyyəti təhlil etməklə hər rübdə məruzə hazırlamış, eyni zamanda aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlər barədə verilən hesabatlar, ölkə üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair rüblük statistik göstəricilər (ötən dövr üzrə müqayisəli şəkildə qrafik və diaqramalar formasında) ümumiləşdirilərək aidiyyəti üzrə təqdim olunmasını təmin etmişdir.

Dövlət Komissiyasının İşçi Qrupu Dövlət Proqramına müvafiq olaraq, fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər/rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirir və fəaliyyətin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr verir.

Beləliklə,  narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu respublikanın bir çox şəhər və rayonlarında seminar-müşavirələr keçirmişdir.

Bundan əlavə, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublikanın bir çox şəhər və rayonlarında yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirmiş və ümumilikdə 1600 təlimçi hazırlanaraq onlar zəruri əyani vəsaitlərlə (o cümlədən diskə daxil edilmiş elektron variantda da əlavə olunmaqla) təmin edilmişdir.      

Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə 26 iyun- BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar ənənəvi olaraq,  şəhər və rayon  icra hakimiyyətlərində fəaliyyət göstərən bütün yerli komisiyalar tərəfindən hər il olduğu kimi, ötən il də maarifləndirici silsilə tədbirlər keçirilmiş və təşkil olunan tədbirlər barədə məlumatlar (foto və videogörüntülər də əlavə olunmaqla) Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində yerləşdirilmişdir.

2017-ci ildə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında təsdiq edilmiş  “Tədbirlər Planı”na müvafiq olaraq cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə tərtib olunmuş qrafikə əsasən, hər ay 2 cəzaçəkmə müəssisəsində Bakı Uşaq Teatrının peşəkar aktyorlarının iştirakı ilə narkotiklərin fəsadları barədə aydın təsəvvür yaradan “Həyatla oyun” tamaşası məhkumlara  nümayiş olunub.

Qeyd olunanlardan əlavə, Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə ümumtəhsil internat məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər üçün “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirmə tədbirləri keçirilmiş və tədbirlər çərçivəsində şagirdlər zəruri təbliğat materialları ilə təmin olunublar. 

Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış idman ustalarının iştirakı ilə hazırlanmış “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial çarx cari il ərzində Bakı şəhərinin 15 elektron reklam tablosunda, Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 450 avtobus dayanacaqlarında yerləşən informasiya terminal monitorlarında,  “Park Bulvar” Alış Veriş Mərkəzinin, “MetroPark” və “28 Mall” Ticarət və Əyləncə mərkəzlərində, o cümlədən ölkə üzrə kinoteatr şəbəkəsi olan “CinemaPlus LLC” şirkətinə məxsus kinoteatrlarda (“28 Mall” Ticarət və Əyləncə Mərkəzi, “Amburan Mall”) kinofilmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə yayımlanmışdır.

Görülən işlərin davamı olaraq, “Narkomaniyaya birlikdə “yox” deyək” adlı xüsusi loqo cari il ərzində Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında göstərilmişdir.

Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədi ilə və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 60 ədəd bilbord şəhərlərin müxtəlif küçə və prospektlərində, yol kənarlarında, 94 lövhə avtobus dayanacaqlarında, yeraltı piyada keçidlərində, 25 bilbord metro stansiyalarında quraşdırılmışdır. 

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, Dövlət Komissiyasının müasir informasiya texnologiyayalarının imkanlarından istifadə etməklə narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildiriş və əlaqə vasitələri ölkədə fəaliyyət göstərən 3 mobil operatorun (“Azercell”, “Bakcell”, “Nar Mobile”) ümumilikdə 6 milyondan çox abunəçisinə SMS şəklində göndərilmışdır.  

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar 23-30 noyabr tarixlərində Gəncə, Mingəçevir, Bərdə, Lənkəran, Masallı, Astara şəhər və rayonlarında olan ali və orta ixtisas təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilmişdir.

Dövlət Proqramı”nın 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, yeniyetmə və gənclər arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və aidiyyəti qeyri-hökümət təşkilatınının iştirakı ilə cari ilin dekabr ayının müvafiq dövrü ərzində Bakı şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, həmçinin Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarında sosial sorğular keçirilmişdir.

Təbliğat-təşviqat işləri ilə əlaqədar məlumatların ictimaiyyətə çatdırılması üçün  Dövlət Komissiyasının www.nmdk.gov.az ünvanlı rəsmi saytında bütün zəruri materiallar Azərbaycan, rus və ingilis dillərində yerləşdirilir.

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərindən istifadə olunmaqla, yaddaş kitabçası və zəruri əyani, metodik vəsaitlər hazırlanmış və keçirilən bütün tədbirlərdə kütləvi şəkildə paylanılması təmin edilmişdir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan təhlillər onu göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətin siyasətində, yanaşmasında aydın ifadə olunur. Dövlətin siyasəti narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkara çıxarılması, narkotik vasitənin qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətinə yönəlmiş və bu dövlət orqanları tərəfindən həyata keçirilən strateji sistemdir.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz

Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının

İşçi Qrupunun rəhbəri 




Baxılıb: 1413