Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır

  “Ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü düşündürən məsələdir. Qlobal cinayətkarlıq hesab olunan və korrupsiyaya qurşanmış mafioz qruplar tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən orqan və silah alveri kimi qatı cinayətlər arasında insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, tranferi dəhşətli fəsadlara yol açır. Bu istiqamətdə aparılan təbliğat işlərinin gücləndirilməsində də məqsəd beynəlxalq səviyyədə həyata keçirilən narkomanlığa qarşı mübarizədə Azərbaycanın fəallığını təmin etməkdir. Belə ki, həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter almışdır.

  Təbii ki, hər bir ilə yekun vurarkən hesabat xarakteri daşıdığı üçün ayrı-ayrı sahələrdə görülən işlərə bir baxış keçirmək mütləqdir. Bu məqamı da unutmayaq ki, bu günün uğurları əvvəlki illərdə qoyulan möhkəm təmələ əsaslanır. Bu baxımdan Azərbaycanın müstəqillik tarixində narkotizmə qarşı mübarizənin gücləndirilməsi üçün nə kimi tədbirlər həyata keçirdiyinə diqqət yetirək. Azərbaycan müstəqillik əldə etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra digər problemlər kimi, narkotizmə qarşı mübarizənin vacibliyi də ön plana çıxdı. Bu mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldı. Ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizənin əsası 1999-cu ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanunla qoyulmuşdur. Təbii ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı mübarizə səylərin birləşdirilməsini bir tələbə çevirib. Ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi hal almasının qarşısını almağa öz töhfəsini verməyə səy göstərir. O da məlumdur ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə Günü” kimi qeyd olunur. Hər il qeyd edilən bu tarixi gün ayrı-ayrı dövlətlərin bu sahədə hansı nəticələrə nail olduğuna, mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirməsinə işıq salır. Bu dəhşətli bəlaya qarşı mübarizədə  Azərbaycanın səylərinin göstərcilərindən biri də məhz  bu mövzuda beynəlxalq konfranslara ev sahibliyi etməsi, hər bir dövlətin malik olduğu imkanların təqdimatına və birləşdirməsinə yol açmasıdır. Bu faktı qeyd edək ki, Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar konvensiyalarına qoşulmuş, bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” Milli Proqram” qəbul edilmişdir. Bu sənədin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır.

Son 14 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, bu sahədə də mövcud qanunların təkmilləşdirilməsinə, yeni Dövlət Proqramının qəbuluna nail olmuşdur. Cənab İlham Əliyev ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün aidiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsinin başlıca meyar olduğunu qeyd edir, narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri sistemli şəkildə həyata keçirir. 2005-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun qəbul olunmuşdur. Bu sənəd narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Həmçinin ölkə Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Sərancamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə uzrə Proqramı (2007-2012-ci illər)” təsdiq edilmişdir. Hər bir proqramın uğurlu icrası növbəti sənədin qəbulunu bir zərurət kimi gündəmə gətirir. Yeni sənəddə müvafiq dövr üçün görüləcək işlərin, həyata keçiriləcək tədbirlərin planı və icra mexanizmi öz əksini tapır. Ən əsası yenə də müvafiq strukturların birgə fəaliyyətinin vacibliyi qeyd edilir. Hazırda “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın icrasının son ilindəyik. Hər bir ilin statistikası bu sahədə müəyyən nailiyyətlərin əldə olunduğunu təsdiqləyir. Təbii ki, görülən işlərlə, əldə olunan nəticələrlə kifayətlənməməli, daha səylə çalışmalıyıq.

Bu faktı da qeyd etməliyik ki, Avropa və Asiyanın qovşağında yerləşən  Azərbaycan öz təbiəti, təbii sərvətləri ilə hər zaman diqqət çəkib. Yer planetində mövcud olan 11 iqlim qurşağından 9-u ölkə ərazisindən keçir. Bu iqlim şəraitləri ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də belə bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdır. Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir. Həmçinin 25 ildən artıqdır ki davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Təsadüfi deyildir ki, cənab İlham Əliyev ən yüksək tribunalardan Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu, işğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirildiyini, onlardan əldə olunan vəsaitlərin cirkin niyyətlərin həyata keçirilməsinə yönəldiyini bəyan edib. Reallıq budur ki, Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur.

Problemin həllinə xidmət edən mühüm addımlardan biri hər zaman qeyd edildiyi kimi, maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məsələ gənclərimizin belə zərərli vərdişlərdən uzaq olmasıdır. Bunun üçün təbliğata xidmət edən müxtəlif tərkibli tədbirlərin həyata keçirilməsi mütləqdir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dövləti gənclərə diqqət və qayğını həyata keçirdiyi siyasətin əsas tərkib hissəsinə çevirib. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərin tikilməsində də əsas məqsədlərdən biri məhz sağlamlığın təmin edilməsi, ən əsası  insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.

İl ərzində mütəmadi olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan rayonların hər birində narkomaniyanın sağlam həyat üçün nə qədər böyük təhlükə olduğunu təbliğ edən silsilə tədbirlər keçirilir, səsləndirilən çağırışlar gənclərimizə maarifləndirici təsir göstərir. “Narkomaniyaya yox deyək!”, “Narkomaniya böyük bəladır”, “Narkomaniya sağlamlığımıza zərbədir”, “Gəncliyimizi qoruyaq” kimi  çağırışlar özündə böyük  problemlərin həllini ehtiva edir. Keçirilən aksiyalar, elmi-praktiki konfranslar, kütləvi idman tədbirləri və s. gənclərin və yeniyetmələrin sağlam ruhda öz gələcəyini qurmasına, heç bir təsirə düşmədən düzgün seçim etmələrinə, müstəqil dövlətin vətəndaşları olaraq öz potensial imkanlarını ölkənin gələcəyi üçün təhsillərini lazımi səviyyədə almalarına, elmin sirlərinə dərindən yiyələnmələrinə öz müsbət təsirini göstərir. Bu tədbirlərin təşkilində Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Mədəniyyət və Turizm İdarəsinin,  Baş Polis İdarəsinin, Baş Səhiyyə İdarəsinin və Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin rolunu xüsusi qeyd etmək lazımdır. Hər bir qurum üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetiriməklə kompleks şəkildə problemin həllinə dəstək olur. Orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri keçirilir. Müsabiqələr üçün seçilən mövzular, işlənməsi tələb olunan rəsmlər özlüyündə cəmiyyətə, gənclərimizə bir mesaj, çağırışdır.

  İctimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin rolunu nəzərə alsaq, bu kimi problemlərin həllində əsas amillərdən olan maarifləndirmə işində mətbuatın önəmi daha aydın görünür. Bunun üçün yazılı mətbuatda narkomaniyanın nə kimi fəsadlara yol açdığını ictimaiyyət açıqlayan yazılara, televiziya kanallarında bu mövzuda verilişlərin çəkilişinə böyük ehtiyac vardır. Eyni zamanda keçirilən tədbirlərin işıqlandırılması da mütləqdir. Təqdirəlayiq haldır ki, hər bir rayon çərçivəsində aidiyyəti orqanın gördüyü işlərin hesabatı mütəmadi olaraq kütləvi informasiya vasitələrinin səhifələrində yer alır. Görülən işlərdə əsas məqsədlərdən biri də hər sahədə uğurlu siyasəti ilə öncüllər sırasında yer alan Azərbaycan narkomaniyaya və narkobiznesə qarşı mübarizənin önündə də olmaqla atdığı addımları ilə narkomaniyaya sözdə deyil, real həyatda yox deyildiyini dünyaya nümayiş etdirsin.

Böyükağa Mirhəşimov,

Bakı Şəhər İcra Hakimiyyətində ictimai-siyasi

və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi,

Narkomaniyaya Qarşı Mübarizə  Komissiyasının katibi




Baxılıb: 2465