Narkomaniya insanlara fəlakət gətirən bəşəri bəladır

İnsanlara fəlakət gətirən, digər cinayətlərə səbəb olan, taleləri məhv edən narkotiklərin qanunsuz dövriyyəsi bu gün bəşəriyyətin başlıca bəlalarından sayılır. Ömür çırağını vaxtsız söndürən narkotik vasitələrdən istifadənin qarşısını almaq məqsədi ilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirmək, orta və ali tədris müəssisələrində vaxtaşırı “ağ ölüm” ünvanlı bu dəhişətli bəlanın törətdiyi fəsadlar haqqında məlumat vermək, xüsusi bukletlər hazırlayıb əhali arasında yaymaq, narkomaniyadan əzab  çəkənlərin faciəli həyatından bəhs edən kinosüjetlər nümayiş etdirmək, bu istiqamətdə maarifləndirici tədbirləri həyata keçirmək üçün dövlət səviyyəsində  qətiyyətli, təsirli tədbirlər görülür, dövlət və ictimai təşkilatlar tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya narkomanlıqla mübarizə sahəsində narkomaniyaya aid müxtəlif mövzularda maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə  Dövlət Komissiyasının, onun İşçi Qrupunun, Sabunçu Rayon  Polis İdarəsinin, digər aidiyyəti qurumların birgə iştirakı ilə  2017-ci il ərzində  tam orta məktəblərdə, kollec və liseylərdə 56 tədbir keçirmişdir. Keçirilən hər tədbirlərdə məktəbli uşaqların narkomaniyaya aid hazırladıqları səhnəciklər, rəsm və fotosərgilər nümayiş etdirilmiş, videoçarxlar göstərilmiş, narkomaniyanın gətirdiyi ağır bəlalardan, insanlara, ailələrə, cəmiyyətə gətirdiyi problemlərdən geniş söz açılmış, onun necə bir ümumbəşər faciə olduğundan danışılmışdır. “Narkomaniya əsrin bəlasıdır”, “Ağ ölümə yox deyirik”, “Zərərli vərdişlərin fəsadları”, “Narkomaniya-ölümə aparan yol”, “Biz sağlam həyat tərzi istəyirik” və s. mövzularda keçirilən tədbirlədrə rayon ictimaiyyətin nümayəndələri, qəsəbə din xadimləri, valideyinlər iştirak etmiş, geniş diskussiyalar aparılmışdır. Narkomaniyaya qarşı əyani vəsaitlərin, narkotik tərkibli bitkilərin və sintetik narkotik vasitələrin təbliği məqsədi ilə morfoloji görkəmini əks etdirən və onların zərərli xassələri barədə jurnal və bukletlərin şagirdlərin arasında paylanması istiqamətində zəruri layihələr icra olunmuşdur.

26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə bağlı rayonun Bakıxanov qəsəbəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə  Dövlət Komissiyasının, onun İşçi Qrupunun əməkdaşlarının, rayon ictimaiyyətinin, təhsil, səhiyyə, bəzi QHT nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilmiş, ölkəmizdə, eləcə də Sabunçu rayonunda bu istiqamətdə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açılmışdır.

 2017-ci il ərzində  rayon ərazisində polis idarəsi tərəfindən narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri nəticəsində 9 əkin faktı üzrə yaş çəkisi 39 kq 046,711 qram, olan 206 ədəd çətənə kolu aşkar olunaraq götürülmüşdür.  

2017-ci ilin 9 iyun tarixində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası rayon Gənclər və idman idarəsinin, Sabunçu Rayon  Polis İdarəsinin birgə təşkilatçılığı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə  Dövlət Komissiyasının, onun İşçi Qrupunun,  digər aidiyyəti qurumların iştirakı ilə  2016-2017 tədris ili ərzində rayon ərazisində fəaliyyət göstərən tam orta məktəblərdə, kollec və liseylərdə narkomaniya ilə bağlı görülmüş maarifləndirici işlərin yekununa həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə narkomaniyaya qarşı aparılan maarifləndirmə işlərində xüsusi fərqlənən məktəblərə, müəllimlərə, şagirdlərə fəxri fərmanlar, qiymətli hədiyyələr verilmişdir.

Ümumbəşəri bəla olan narkomaniyaya qarşı maarifləndirmə tədbirləri bu gün də aidiyyəti qurumlarla birgə davam etdirilir.

Ədalət Teymurov,

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və Narkotik 
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi




Baxılıb: 1185