Narkomaniyaya qarşı mübarizə davamlı və sistemli şəkildə aparılır

Narkotizm tədricən yayılan neqativ sosial hal kimi ictimai həyatın bir çox sahələrinə sirayət etmiş, dünyanın bir çox dövlətlərində dəhşətli bəlaya çevrilməkdədir.

Azərbaycan bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan etsə də, bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır.  

Ölkəmiz bu sahədəki problemlə ona böyük maddi və mənəvi ziyan vurmuş hərbi təcavüz – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının 20 %-nin işğalı, dağıdılmış minlərlə yaşayış məskəninin mövcudluğu şəraitində mübarizə aparır. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonu zəbt edilmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Ermənistan silahlı qüvvələri işğalı bu günədək davam etdirdiyindən, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilmişdir ki, həmin ərazilərdən də Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir. İşğal olunmuş və nəzarətdən çıxmış torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır ki, bu da dünyanın bütün sivil ölkələrini düşündürməlidir. Çünki, bölgədə narkotiklərin kök salması, təkcə ölkə və region üçün yox, həm də digər dövlətlər üçün gələcəkdə qarşısı alınmaz qüvvəyə çevrilə bilər.

Məhz narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış və əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 36 Qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 53 Sərəncamı, Nazirlər Kabinetinin 23 qərarı, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilmişdir. 

Eyni zamanda fəaliyyət istiqamətinin genişləndirmək məqsədilə 2000-ci ildən etibarən respublikanın bütün şəhər/rayon İcra hakimiyyətlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə göstərdiyi və atdığı qəti mövqe narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində dövlətin siyasətində, yanaşmasında aydın ifadə olunur. Dövlətin siyasəti narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkara çıxarılması, narkotik vasitənin qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətinə yönəlmiş və bu dövlət orqanları tərəfindən həyata keçirilən strateji sistemdir.

2017-ci il ərzində ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2907 fakt aşkar edilmişdir ki, onlardan 897-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1749-u satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 201-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 60-ı isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 202 kq 065,799 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, o cümlədən 12.830 ədəd çətənə kolu, 12 kq 793 qr güclü təsir edən və 59 kq 391,1 qr zəhərli maddə müsadirə olunmuşdur.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  676 kq 226,576 qr marixuana (56%), 242 kq 419,444 qr tiryək (20%), 196 kq 786,845 qr heroin (16,4%), 20 kq 327,234 qr həşiş (1,6%), 66 kq 290,853 qr digərləri (6%), 14,847 qr kokain və 1645 ədəd həb, həmçinin 2910 ədəd flakon mydrax (100%),1 kq 545,4 qr psixotrop maddə təşkil etmişdir.

Ötən il ərzində cinayət məsuliyyətinə 2487 nəfər cəlb edilmişdir ki, onlardan 4-ü 18 yaşadək, 189-u 18-25 yaşadək, 350-i 26-29 yaşadək, 1944-ü 30 yaşdan yuxarı, o cümlədən 28-i fəhlə, 6-i qulluqçu, 1-maddi məsul şəxs, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 2183-ü işləməyənlər, 936-ı əvvələr təkrar cinayət törətmiş şəxslər, 50-i əvvələr xüsusi qeydiyyatda olanlar, 2451-i kişilər, 36-ı qadınlar olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 44 nəfəri isə xarici ölkə vətəndaşları olmuş, onlardan da ümumilikdə 140 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 ha 66,98 sot ərazidən 174 ton 420 kq 537 qr (373 min 115 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci il ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 570 nəfər təşkil etmişdir ki, onlardan 559-u (97,7%) Azərbaycan vətəndaşı, 11-i (2,3%) isə əcnəbidir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 01.01.2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6755 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6538-i (96,7%) Azərbaycan vətəndaşı, 217-i (3,3%) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 4938-i (73,7%) kişi, 1817-i (26,3%) qadındır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq 2017-ci ilin 05 iyul tarixində Müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 276 məhkəmə hökmü ilə müsadirə olunmuş 467 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 8700 ədəd çətənə bitkisi yandırılma yolu ilə məhv edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

Belə ki, cari il üçün Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Dövlət Proqramına müvafiq olaraq, narkotiklərlə mübarizə sahəsində maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi, narkotiklərin törətdiyi fəsadlar barədə düzgün məlumatlandırmaq məqsədilə  valideynlərin, gənclərin, təhsil və tibb işçilərinin istifadəsi üçün yeni “Sağlam həyat naminə narkotikə yox!”, “Marixuana Haqqında Həqiqət”, “Düz bildiyin səhvlər”, “Narkotiklər haqqında həqiqəti bilin” və “Psixotrop maddələr haqqında həqiqət” adlı beş adda on min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanmışdır.

Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Çalış ki, Narkotiklərə Hədəf Olmayasan!” sayca 5-ci yeni sosial rolik hazırlanmış və cari ildən başlayaraq Bakı şəhərinin mərkəzi küçələrində yerləşən 19 elektron reklam tablosunda, eyni zamanda “MetroPark" və “Park Bulvar” Alış Veriş Mərkəzlərində mövcud olan monitorlarda yayımlanmağa başlanılmışdır.

Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədi ilə və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar olan yeni forma və məzmunda hazırlanmış 12 ədəd sosial lövhə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi”, “Koroğlu”, “Nəriman Nərimanov”, “Nəsimi”, “Xalqlar Dostluğu”, “Əhmədli” və digər stansiyalarında və 100 ədəd lövhə avtobus dayanacaqlarında quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ına müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə təbliğat aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı, əsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” teatr tamaşasının cari ilin mart ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət, Azərbaycan Tibb, Xarici Dillər, Slavyan, Pedaqoji, İqtisad və Texniki Universitetlərində nümayişi təmin olunmuşdur.

Müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bu ildə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda eləcə də, mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçirilməkdədir.

Həmçinin 2012-ci ildən başlayaraq “İki Sahil” qəzetinin rəhbərliyi ilə razılaşmaya uyğun olaraq rubrika açılmış hər həftə psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunverciliyin və onun tələblərinin izah edilməsi, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə məlumatlar dərc edilməkdədir.

Narkotik vasitələr, psixotrop maddələr və siqaretin yeniyetmə və gənclər tərəfindən əldə olunmasının mümkünlüyü, istifadəsi, bu kimi halların yayılma dərəcəsi, eyni zamanda onlarla təmasın xüsusiyyətləri, təsir altına düşmə risk amilləri, yaxın sosial çərçivədə, ailədə mövcud risk amilləri və sair bu kimi epidemioloji vəziyyəti öyrənmək məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və aidiyyəti qeyri-hökümət təşkilatınının iştirakı ilə Baki şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarında arasında 1000 nəfər yeniyetmə və gənc arasında sosial sorğu keçirilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan işlər barədə Azərbaycan və İngilis dillərində Azərbaycan Respublikasında Narkotiklərə Nəzarət sahəsində 2017-ci il üçün Ölkə Məruzəsi hazırlanmışdır.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində təbliğat aparılmasını nəzərə alaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet və feysbuk sosial şəbəkəsindəki rəsmi səhifələrində narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq Azərbaycan, Rus və İngilis dillərində geniş məlumatlar verilmiş və səhifələrin təbliği istiqamətində müvafiq işlər həyata keçirilmişdir.

Bundan əlavə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin müraciətinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə qarşılıqlı olaraq rəsmi internet səhifələrində veb-banerlərin yerləşdirilməsi təmin edilmişdir.

Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummili siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, Ölkə Prezidenti cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri




Baxılıb: 1726