Ağ ölümə yox deyək!

Ümumbəşəri bəla olan narkomaniya ilə mübarizə bu gün respublikamızın bütün regionlarında qəbul edilmiş dövlət proqramı əsasında uğurla həyata keçirilir, narkomaniya problemi bütün ciddiliyi ilə ön plana çəkilir. Bu baxımdan Sumqayıt şəhərində də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onun prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” tərəfindən hər ilin əvvəlində narkotik vasitələrin yayılması və narkomaniya ilə mübarizə istiqamətində aparılan işlərin vəziyyəti haqqında müvafiq idarə, müəssissə və təşkilatların hesabatları alınaraq təhlil edilir, onların fəaliyyətindəki nöqsan və çatımazlıqlar aşkarlanaraq gələcəkdə görüləcək işlər üçün prioritet istiqamətlər müəyyən edilmişdir, eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və onun prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icra edilməsindən irəli gələn vəzifələri müəyyən etmək məqsədilə şəhərin müxtəlif idarə və təşkilatları da cəlb olunmaqla Komissiyanın növbəti il üçün Tədbirlər Planı təsdiq edilir.

2017-ci il ərzində Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satılması, saxlanılması, tiryəkxanaların təşkil edilməsi və zəhərli maddələrin saxlanılması ilə əlaqədar şəhər Polis İdarəsinin Narkomaniya ilə mübarizə Bölməsinin əməkdaşları tərəfindən 97 cinayət faktı müəyyən edilmişdir ki, onlardan 10-u narkotiklərin qanunsuz satışı ilə bağlı olmuşdur. Nəticədə ümumi çəkidə  27273,498 qram qeyri-qanuni yolla əldə edilən narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 6112,774 qramını güclü təsirə malik narkotik vasitələr növünə aiddir ki, bunların da 5802,717 qramını heroin, 240,213 qramını tiryək, 69,844 qramını həşiş təşkil edir.

2016-cı il ilə müqayisədə hesabat ilində narkotiklərlə bağlı aşkar edilmiş cinayət faktlarının sayı 21 fakt az olsa da, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı isə 45,459 qram çox olmuşdur.

Hesabat dövrü ərzində şəhər Polis İdarəsində saxlanılan məhkəmə qərarı ilə müsadirə edilmiş narkotik vasitələr olan 9387,294 qram marixuana, 19,381 qram heroin, 184,224 qram tiryək, 172,704 qram həşiş qətranı, 1 ədəd tramadol həbi “Müsadirə edilmiş az miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə Komissiya”  üzvlərinin iştirakı ilə yandırma yolu məhv olunmuşdur. Şəhər ərazisində narkotik preparatların istifadəsinə nəzarət işi də daim diqqət mərkəzində olan problemlərdən biridir. Şəhər ərazisində Rayonlararası Narkoloji Dispanser fəaliyyət göstərir. Dispanserin “Məxfi müalicə otağı” əhaliyə anonim tibbi xidmət göstərir. Məxfilik tam qanunauyğun surətdə saxlanılır ki, bu da xəstələrin müalicəyə cəlb olunmasında xüsusi əhəmiyyət kəsb edir.

Narkomaniya ilə mübarizə istiqamətində işin aktuallığını və gənc nəslin bu prosesə həssaslığı nəzərə alınaraq, aidiyyatı qurumların iştirakı ilə mütəmadi olaraq şəhərin bütün orta ümumtəhsil məktəblərində və müxtəlif ali, orta-ixtisas, texniki-peşə məktəblərində yeniyetmə və gənclərlə “Narkotiksiz gənclik”, “Ağ ölümə yox deyək”, “Narkotiksiz Sumqayıt” devizi altında narkomaniyanın fəsadları, müalicəsi və profilaktikası haqda məlumat və maarifləndirmə xarakterli silsilə görüşlər keçirilir, narkomaniyanın törətdiyi faciələr, yeniyetmələr arasında cinayətkarlıq, hüquq pozuntuları və bu hallara qarşı profilaktik tədbirlər mövzusunda məruzələr edilir. Görüşlər zamanı narkomanlığa düçar olmuş şəxslərin faciəli taleyindən bəhs edən “Narkomaniya əsrin bəlasıdır”, “Ampula”  və “Mayak” adlı video-çarx nümayiş etdirilir. 

Hər il mütəmadi olaraq BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar şəhər komissiyası aidiyyatı orqanlarla birlikdə maarifləndirici xarakterli silsilə tədbirlər həyata keçirir, 26 iyun iyun tarixində keçirilmiş tədbirlərin təhlili məqsədilə komissiya üzvlərinin iştirakı ilə tədbir keçirilir və narkomaniya ilə mübarizə sahəsində növbəti 6 ay ərzində görüləcək işlərlə bağlı təkliflər dinlənilir.

Şəhər ərazisində narkoloji vəziyyəti öyrənmək, əhalini narkomanlığa qarşı mübarizəyə cəlb etmək və yerlərdə təbliğat işini daha da genişləndirmək məqsədilə şəhərin məhəllə və mikrorayonlarda görüşlərin və reydlərin keçirilir. Bu məqsədlə aidiyyatı qurumların nümayəndələrinin və ictimai nüfuzlu şəxslərdən ibarət işçi qrupları tərtib edilmiş qrafikə əsasən şəhərin müxtəlif ərazilərində sakinlərlə görüşlər keçirirlər. Keçirilən görüşlər zamanı narkomaniya, onunla mübarizə barəsində təbliğat xarakterli söhbətlər edilir, sakinlərin problemlə bağlı  fikir və təklifləri dinlənilir, aidiyyatı orqanlara əhalinin narkomaniyaya qarşı birgə mübarizəsinin mexanizmi haqqında fikir mübadiləsi aparılır. Eyni zamanda, uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının daha səmərəli təşkili, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması məqsədilə məhəllə və mikrorayonların ərazisində yerləşən uşaq idman meydançalarında mütəmadi olaraq müxtəlif idman yarışları keçirilir.

Bundan başqa, şəhərimizdə işsizlik probleminin aradan qaldırılması məqsədilə yeni müəssisələr tikilərək istifadəyə verilmiş, yeni-yeni iş yerləri yaradılmışdır. Eyni zamanda gənclərin zərərli vərdişlərdən uzaq dayanması və onların asudə vaxtlarının daha səmərəli təşkil edilməsi məqsədilə son illərdə şəhərimizdə yeni mədəni və sosial obyektlər istifadəyə verilmişdir. Müasir tələblərə uyğun şəkildə salınmış Dənizkənarı Bulvar, yeni tikintisi aparılmış şahmat və musiqi məktəbləri, Heydər Əliyev Mərkəzi, Sumqayıt Dövlət Dram Teatrı, Heydər Əliyev parkı, Nəsimi parkı, Lüdvigşagen parkı müasir tələblərə uyğun olaraq yenidən qurularaq Sumqayıt sakinlərinin, eləcə də gənclərin ixtiyarına verilmişdir. Əlbəttə ki, bütün bu aparılan işlərin məqsədi öz vətənini sevən, milli ruhda tərbiyə olunan, sağlam həyat tərzi keçirən, təhsilli, intellektli gələcəyin formalaşdırılmasıdır.

Bu sahədə görülən işlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Sumqayıt şəhər İcra hakimiyyəti başçısı yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya”ya təqdim etdiyi “İş Planı”na  əsasən davam etdirilməkdədir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya




Baxılıb: 2130