Narkomaniya dəhşətli bəladır

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur.

Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, “ağ ölüm” adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.

Beynəlxalq təşkilatların qəbul və təsdiq etdikləri prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və.s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə qərb bölgəsində bu sosial bəlanın kifayət qədər qarşısının alınması, eyni zamanda, narkotiklərin külli miqdarda respublikamızın ərazisindən tranzit kimi istifadə etməklə digər ölkələrə daşınması ilə məşğul olan cinayətkar şəxsləri müəyyənləşdirmək, onların cinayətkar əməllərini ifşa etmək və fəaliyyət marşurutlarının qarşısını almaq məqsədi ilə şöbənin xidmət etdiyi ərazinin hüquq-mühafizə orqanları və digər dövlət və içtimai təşkilatların imkanlarından səmərəli istifadə etməklə, əməliyyat mövqelərinin gücləndirilməsi məqsədi ilə mütəmadi informasiya mübadiləsi aparmış, işgüzar əlaqələri genişləndirmiş, narkotiklərlə cinayət əməlləri profilaktikasını və onlarla və onlarla mübarizənin gücləndirilməsi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Gəncə şəhərində fəaliyyət göstərən Narkoloji Dispanserdə müalicə işləri ilə yanaşı, profilaktiki iş də aparılmışdır. Belə ki, 2017-ci ildə ali və orta məktəblərdə Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları ilə birlikdə “Narkomaniya-QİÇS”, “Narkomaniya-HepatitC” mövzularında profilaktiki çıxışlar edilmiş, bundan başqa da 2 dəfə yerli televiziya kanallarında narkomaniya mövzularında çıxışlar olmuş, 26 İyun - Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü münasibətilə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı tədbir keçirilmişdir.

Gəncə şəhərində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aparılması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsinə diqqət artırılmış, yeniyetmə və gənclərin ən çox cəlb olunduqları yerlərdə, xüsusən də şəhərin təhsil müəssisələrində profilaktiki tədbirlər gücləndirilmiş, gənclərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif mədəni-kütləvi, əyləncəli proqramlar, idman oyunları təşkil edilmiş, çıxışlar edilmiş, iştirakçıları maraqlandıran suallara cavablar verilmişdir. Gənclər və yeniyetmələrlə keçirilən bütün görüşlərdə narkotik istifadəçilərinə qarşı münasibət çox pis qiymətləndirilmiş, bu sahədə aparılan profilaktiki işə isə müsbət yanaşılmışdır.

Sahil İsmayılov,

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında
Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın üzvü




Baxılıb: 1932