“Narkomaniya ümumbəşəri bəladır”

Bu ilin ilk 4 ayında narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Abşeron Rayon Komissiyası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, pisxotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün “Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonun Gənclər və İdman idarəsi, Təhsil şöbəsi, Polis idarəsi, Səhiyyə Şöbəsi və Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə birgə tədbirlər planı hazırlanmış, həyata keçməsi üçün işlər aparılmışdır. Belə ki, ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində, pedaqoji kollektivlərdə şagirdlərin, valideynlərin, hüquq-mühafizə orqanlarının və səhiyyə şöbəsi işçilərinin iştirakı ilə seminarlar, “dəyirmi masa”lar və görüşlər keçirilmişdir. Tədbirlər planına uyğun olaraq Təhsil şöbəsinin işçiləri məktəblərdə və məktəbdənkənar tərbiyə müəssisələrində “Narkotik maddələrin cəmiyyət üçün mənfi təzahürləri”, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” “Narkotik maddələrin cəmiyyətdə törətdiyi fəsadlar” “Narkomaniya ümumbəşəri bəladır” və s. mövzularda “dəyirmi masa”lar və yığıncaqlar keçirmişlər.

Keçirilən tədbirlərdə əyani vasitələr, videokasetlər və digər təbliğat vasitələrindən geniş istifadə edilmiş, cəmiyyət üçün qorxulu olan narkomaniya bəlasının acı nəticələri əyani şəkildə nümayiş etdirilmişdir. “Narkotik maddələrin insan sağlamlığına vurduğu ziyan elmi şəkildə izah edilərək narkomaniyanın milli mentalitetimizə yad təzahür olduğu qeyd edilmişdir.

Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı verilən fərman və sərəncamların icrası ilə əlaqədar və eləcə də Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının həyata keçirilməsi sahəsində rayon komissiyası bir sıra tədbirlər reallaşdırmışdır.

Yeniyetmə və gənclər arasında müntəzəm olaraq “Mənim yaxınım narkoman olsa” mövzusunda sosioloji sorğu, “Narkotiksiz sağlam həyat” mövzusunda rəsm sərgisi və narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Narkomanlığın profilaktikası mövzusunda kütləvi informasiya vasitələrində materiallar verilmiş,təbliğat və maarifləndirmə işi aparılmışdır. Qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin məskunlaşdığı yerlərdə təbliğat və maarifləndirmə işləri görülmüşdür.

Gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, onun istifadəsi və alqı-satqısı ilə məşğul olanların araşdırılıb, cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə polis əməkdaşları ilə birlikdə reydlər keçirilmişdir. Narkomaniya ilə məşğul olanların toplaşdığı yerlər müəyyən edilmiş və nəzarətə götürülmüşdür. Səhiyyə şöbəsi ilə daim əlaqə saxlayaraq, narkotik maddələrin qəbuluna aludə olmuş gənclərin sağlam həyat tərzinə qaytarılması məqsədilə onların müalicə olunmaları üçün birgə səylər göstərilir.

Gənclər və idman idarəsinin bu sahədə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri gənclərin sağlam həyat ruhunda tərbiyə olunması, asudə vaxtlarını səmərəli keçirməsidir. Bunun üçün idman tədbirlərinə geniş yer verilir və belə tədbirlərin keçirilməsinin kütləvi hal almasına çalışılır. Rayonumuzda kütləvi idman növlərindən olan futbola və karateyə daha şox gəncləri cəlb etmək üçün bu idman növləri üzrə rayon birincilikləri keçirilir. Respublika səviyyəli yarışlarda iştirak edilir. Artıq 10000-ə yaxın gənc idmanla məşğul olmağa cəlb edilmişdir və RİH-in müvafiq komissiyalarının iştirakı ilə narkotik vasitələrin psixotrop maddələrin prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmuş seminarlar keçirilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Xaş-xaş 2017” şərti adlı kompleks əməliyyat axtarış profilaktik tədbirlər planının həyata keçirilməsi ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin yerlərdə nümayəndəliklərinin Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinin iştirakı ilə rayonda yerləşən Xırdalan şəhərinin, rayonun qəsəbə və kəndlərindəki tam orta məktəblərdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bunlara misal olaraq Xırdalan şəhər 1,2,3,4,5,6,7,8,9,10 saylı tam orta məktəblərində, Mehdiabad 1,2,3,4 saylı tam orta məktəblərində, Qobu 1,2,3 saylı tam orta məktəblərində, Fatmayi qəsəbə tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və digər mövzularda yeniyetmələr qarşısında elmi-praktik konfranslar keçirilmiş və ictimaiyyət qarşısında maarifləndirici çıxışlar edilmişdir.

Rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkinlərini aşkar etmək, narkotik vasitələrin hazırlanmasının qarşısını almaq məqsədilə narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının rəhbərliyi altında və digər xidmət sahələrinin iştirakı ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

Abşeron Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşlarına daxil olmuş məlumatlara əsasən narkotiklərlə bağlı bir sıra tədbirlər həyata keçirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2017-ci il və 2018-ci ilin 4 ayı ərzində narkotiklərlə bağlı 94 cinayət faktı qeydə alınmışdır. Bunlardan 12 fakt satış, 3 fakt əkin, 79 fakt narkotik vasitələrdən istifadə etməkdir. Tutulub saxlanılanlar arasında 94 nəfər kişi olmuşdur.

Rayon ərazisində 580 nəfər narkoman qeydiyyata alınmışdır.

2017-ci il və 2018-ci ilin 4 ayı ərzində rayonun qəsəbə və kəndlərində yerləşən ümumtəhsil məktəblərində, Xırdalan Şəhər Heydər Əliyev Mərkəzinin akt zalında və Bakı Humanitar və İqtisad Kollecində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbirlər keçirilmişdir. Tədbirlərin sonunda “Fitnə” filmi nümayiş etdirilmişdir. Tədbirlərdə rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, İdman və Gənclər İdarəsinin rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişlər. Keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Fuad Cəbrayılov,

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 1450