Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

   26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixində Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

  Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı, Milli Məclisin deputatları Hadı Rəcəbli, Azay Quliyev və Şahin İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, BMT-nin Azərbaycan nümayəndəliklərinin əməkdaşları, beynəlxalq və yerli humanitar təşkilatlar, digər qonaqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdirlər.

  Keçirilən konfrans mahiyyət etibarı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ının müvafiq bəndinin icrasını təmin etməkdən ibarətdir. 

  Təşkil olunan konfransda Azər­baycan Gömrük Xidmətinin narkomani­yaya qarşı mübarizə mövzusunda beynəlxalq sərgi və müsabiqələr­də göstərilən ən uğurlu əsərləri nümayiş olunmuş və bu sərgi hazırda çətin və təhlükəli qlobal problemlərdən birinə çevrilən narkoma­niyaya qarşı mübarizənin vacibliyinin həssas şəkildə ictimaiyyətə çatdırılma­sına öz təsirini göstərmişdir.

   Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında keçirilmiş ən yaxşı müəllif yazıları müsabiqəsinin münsiflər heyətinin sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Şahin İsmayılov və başqaları tədbirdə çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, müsabiqənin əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət, bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

 Əli Həsənov qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycanda milli hüququ baza yaradılıb: "Milli Məclis bununla bağlı 29 qanun qəbul edib, Azərbaycan prezidentləri - ümummilli lider Heydər Əliyev və dövlət başçısı cənab İlham Əliyev tərəfindən 29 fərman və sərəncam imzalayıb, Nazirlər Kabineti 27 qərar qəbul edib. Bundan başqa, Azərbaycan BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyasına, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasına və 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasına qoşulub". Bundan əlavə Əli Həsənov bildirib ki, “Azərbaycanın coğrafi mövqeyi narkotiklirin qeyri-qanuni olaraq Avropaya daşinmasi üçün çox əlverişlidir.Ermənistan silahli qüvvələri tərəfindən Azərbaycanın 20% ərazisinin işğalı, ölkənin İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahli qüvvələrinin nəzarət etməsi nəticəsində həmin sahədən Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə, habelə digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. İşğal altında olan Azərbaycan ərazilərində narkotiklərin istehsalı və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılmasi və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır.”

   Eyni zamanda qeyd edilib ki, “Narkomanlığa qarşı mübarizə” mövzusunda jurnalistlər arasında keçirilmiş müəllif yazıları müsabiqənin məqsədi KİV-lərdə sağlam həyat tərzinin təbliğ olunması və bununla ictimaiyyətin, xüsusilə gənclərin məlumatlılığının artırılması, bu istiqamətdə mətbuatda dərc olunan materialların sayının artırılmasının stimullaşdırılması və gənc jurnalistlərin yaradıcılıq qabiliyyətlərinin nümayiş olunmasına şərait yaradılmasıdır.

  Tədbirin sonunda BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü”, həmçinin “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında təşkil olunmuş ən yaxşı müəllif yazıları müsabiqəsinin qalibi olmuş jurnalistlərin mükafatlandırılması həyata keçirilmiş, həmçinin Dövlət Proqramının 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, 2017-ci ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qeyri-hökumət təşkilatını cəlb etməklə ESPAD tədqiqatı metodologiyasına əsasən yeniyetmə və gənclər arasında siqarət, alkoqol və narkotiklərin istifadəsi ilə bağlı epidemioloji vəziyyəti qiymətləndirmək və onun dinamikası üzərində müşahidələr aparmaq məqsədilə Bakı şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarını əhatə etməklə, 1000 nəfər yeniyetmə və gənc arasında keçirilmiş sorğunun təqdimatı nümayiş olunmuşdur.




Baxılıb: 2081