Narkomaniyasız cəmiyyət qəhrəman, vətənpərvər gəncliyin yetişməsi deməkdir

Narkomaniya “ağ ölümdür”, həyatdan üz çevirməkdir. “Narkomaniya” və  “ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə peyda olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaş-xaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir.

Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.

Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir.

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT hər ilin 26 iyun tarixini “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan etmişdir.

Bu gün də narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya dünyanı narahat edən ən təhlükəli problemlərdən biri olaraq qalır. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maarifləndirmənin gücləndirilməsidir.

Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və ona üzv təşkilatlar  məqsədyönlü proqramlar həyata keçirirlər. AHİK “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”dan (2013-2018-ci illər) irəli  gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı həmkarlar ittifaqlarının tədbirlər planı” (24.10.2013 - cü il tarixli, № 2 b. 4) qərarına əsasən  üzv və tabeliyində olan təşkilatlar tərəfindən görülən işləri təhlil edir.

Bu işlər ilk növbədə həmkarlar ittifaqı üzvü olan, o cümlədən işləyən və təhsil alan gənclər arasında “Narkotiksiz gələcək naminə” devizi ilə həyata keçirilib. Yerlərdə, ilk növbədə əmək fəaliyyətinə yeni başlayan gənclərin mənafelərinin üstün tutulması, onların hüquqlarının və sağlamlığının qorunması, cəmiyyətdə fəal iştiraka hazır olan  şəxslər kimi formalaşmaları, işləyərək təhsil alan tələbə gənclər üçün lazımi şəraitin yaradılması, eləcə də hərbi xidmətdəki gənclərə qayğı göstərilməsi nəzarətdə saxlanılır.

Bir sıra sahə orqanları vətəndaşların, o cümlədən gənclərin, yeniyetmə  və uşaqların asudə vaxtlarının təşkilində mühüm rol oynayan, öz xidmət əhatələrindəki istirahət və mədəni-maarif müəssisələrinin işinin canlandırılmasına, bədən tərbiyəsi və idmana marağın artmasına, sosial infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülməsinə xüsusi diqqət yetirilib.

AHİK və ona üzv olan həmkarlar ittifaqı orqanlarının təşkilatçılığı ilə  2017-ci il ərzində 70-ə yaxın maarifləndirmə tədbiri (seminar, “dəyirmi masa”, treyninq və s.) keçirilmişdir.

Eyni zamanda gənclərin məşğulluğu və işədüzəlməsi sahəsində tendensiyalar öyrənilmiş, gənc əməkçilərin iş şəraitinin tədqiqi və təhlili aparılmış, gənclər təşkilatlarının yaradılmasına köməklik göstərilmiş, normativ-hüquqi, o cümlədən gənclərin həmkarlar İttifaqlarına daxilolma motivasiyasının izahatı olan materiallar işlənib hazırlanmışdır.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən səmərəli tədbirlərə əlavə olaraq onların zərərli vərdişlərdən, xüsusilə də narkotik vasitələrdən uzaq durmaları, antinarkotik maarifləndirmələrin aparılması da gündəm  məsələlərdəndir.

Belə ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə bu istiqmətdə davamlı olaraq görüşlər keçirilir. Dərs proqramı və hərbi hazırlıqda fərqlənmiş əlaçılara təqaüdlər, pul mükafatları verilmişdir.  Kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilmişdir.

Bədii qiraət və rəsm üzrə keçirilən “Azərbaycan əsgəri” və “Vətənə xidmət edirik” müsabiqələrində, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idman yarışlarında 54 qalib kursant  AHİK-in diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən əməkdə, təhsildə, ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş 44  nəfər gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülmüşdür. “Gənc həmkarlar ittifaqı lideri” məktəbi layihəsində fəal iştirak etmiş 13 nəfər gənc isə AHİK-in diplomları ilə təltif olunmuşlar.

Azərbaycan Həmkarlar İttifaqları tərəfindən narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat hər il müvafiq Dövlət Komissiyasına təqdim edilir, antinarkotik təbliğatın gücləndirilməsində həmkarlar ittifaqlarının rolunu əks etdirən məqalələr  KİV-də o cümlədən “İki sahil” və “Ülfət” qəzetlərində dərc olunur.

AHİK-in zəhmətkeşlərin mədəni-məişət
problemləri üzrə analitik tədqiqat şöbəsi




Baxılıb: 1238