Narkomaniyaya qarşı mübarizədə atılan addımlar qətiyyətlidir

  Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Bu, həm narkotik istifadəçisinin şəxsiyyət deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyyəsi, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

  Buna görə də indi dünyada, o cümlədən Azərbaycan Respublikasında narkotizmlə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranmış və formalaşmışdır.

  Ölkəmizdə narkotizmlə mübarizə onun ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanması və mühafizəsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin həyata keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir.

  Bu sahədəki problemlə ona böyük maddi və mənəvi ziyan vurmuş hərbi təcavüz – Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının 20 %-nin işğalı, dağıdılmış minlərlə yaşayış məskəninin mövcudluğu şəraitində mübarizə aparır. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonu zəbt edilmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Ermənistan silahlı qüvvələri işğalı bu günədək davam etdirdiyindən, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilmişdir ki, həmin ərazilərdən də Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir. İşğal olunmuş və nəzarətdən çıxmış torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır ki, bu da dünyanın bütün sivil ölkələrini düşündürməlidir. Çünki, bölgədə narkotiklərin kök salması, təkcə ölkə və region üçün yox, həm də digər dövlətlər üçün gələcəkdə qarşısı alınmaz qüvvəyə çevrilə bilər.

  Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust 485 nömrəli Fərmanı ilə yaradılmış və əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələdirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası antinarkotik təbliğata xüsusi önəm vermiş, həmçinin maarifləndirmə işinin əhatəsi genişləndirilmişdir.

  Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

  Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

  Belə ki, görülmüş kompleks tədbirlər nəticəsində 2018-ci il 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1853 fakt aşkar edilmişdir ki, onlardan 525-i satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 585 kq 686,765 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, o cümlədən 6958 ədəd çətənə kolu, 2 kq 256,4 qr güclü təsir edən və 1 kq 480,2 qr zəhərli maddə müsadirə olunmuşdur.

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  510 kq 752,924 qr marixuana (32,2%), 199 kq 523,602 qr tiryək (12,6%), 803 kq 880,072 qr heroin (50,7%), 51 kq 356,945 qr həşiş (3,2%), 16 kq 215,884 qr digərləri (1%), 2 kq 886,845 qr psixotrop maddələr (0,1%), 2 kq 510,732 prekursorlar (0,1%), həmçinin 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100% və 4961 ədəd həb təşkil etmişdir.

  Cari dövr ərzində cinayət məsuliyyətinə cinayət məsuliyyətinə 1287 nəfər cəlb edilmişdir ki, onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, qulluqçu və ya maddi məsul şəxs, 1-i orta məktəb şagirdi, 471-i əvvələr cinayət törətmişlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 1271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur.

  Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 384 ha 44 sot ərazidən 78 ton 883 kq 897 qr (158 min 034 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

  Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

  Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil etmişdir ki, onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir.

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

  Belə ki, cari il üçün Dövlət Komissiyasının işçi qrupu tərəfindən “Sağlam həyat naminə narkotikə yox!”, “Marixuana Haqqında Həqiqət”, “Düz bildiyin səhvlər”, “Narkotiklər haqqında həqiqəti bilin” və “Psixotrop maddələr haqqında həqiqət” adlı beş adda on min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanmışdır.

  Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərinin gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Çalış ki, Narkotiklərə Hədəf Olmayasan!” sayca 5-ci yeni sosial rolik hazırlanmış və cari ildən başlayaraq Bakı şəhərinin mərkəzi küçələrində yerləşən 19 elektron reklam tablosunda, eyni zamanda “MetroPark" və “Park Bulvar” Alış Veriş Mərkəzlərində mövcud olan monitorlarda yayımlanmağa başlanılmışdır.

  Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədi ilə və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar olan yeni forma və məzmunda hazırlanmış 12 ədəd sosial lövhə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi”, “Koroğlu”, “Nəriman Nərimanov”, “Nəsimi”, “Xalqlar Dostluğu”, “Əhmədli” və digər stansiyalarında və 100 ədəd lövhə avtobus dayanacaqlarında quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ına müvafiq olaraq, təhsil müəssisələrində təhsil işçiləri və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə təbliğat aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı, əsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” teatr tamaşasının cari ilin mart ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət, Azərbaycan Tibb, Xarici Dillər, Slavyan, Pedaqoji, İqtisad və Texniki Universitetlərində nümayişi təmin olunmuşdur. Həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi keçirilmişdir.

  Həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bu ildə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda eləcə də, mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçirilməkdədir. Həmçinin, Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 10 ədəd sosial lövhənin cəzaçəkmə müəssisələrində quraşdırılması təmin edilmişdir.

  Həmçinin 2012-ci ildən başlayaraq “İki Sahil” qəzetinin rəhbərliyi ilə razılaşmaya uyğun olaraq rubrika açılmış hər həftə psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunverciliyin və onun tələblərinin izah edilməsi, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə məlumatlar dərc edilməkdədir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan işlər barədə Azərbaycan və İngilis dillərində Azərbaycan Respublikasında Narkotiklərə Nəzarət sahəsində 2017-ci il üçün Ölkə Məruzəsi hazırlanmışdır.

 “26 iyun-BMT-nin Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixində Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilmişdir. Konfrans zamanı “Narkomanlığa qarşı mübarizə” mövzusunda jurnalistlər arasında keçirilmiş müəllif yazıları müsabiqənin qalibləri mükafatlandırılmış və ESPAD tədqiqatı metodologiyasına əsasən 1000-ə yaxın yeniyetmə və gənclər arasında keçirilmiş sorğunun təqdimatı nümayiş olunmuşdur. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı, Milli Məclisin deputatları Hadı Rəcəbli, Azay Quliyev və Şahin İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, BMT-nin Azərbaycan nümayəndəliklərinin əməkdaşları, beynəlxalq və yerli humanitar təşkilatlar, digər qonaqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdilər.

  Bundan başqa Dövlət Komissiyasının işçi qrupu tərəfindən şəhər/rayon komissiyaları ilə birgə yeniyetmə, müəllimlər və valideynlərin yaxından iştirakı ilə silsilə tədbirlər keçirilmişdir. Həmçinin “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo (iki formada) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunmuşdur.

  Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədar olaraq cari ilin 16 iyul tarixindən etibarən sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərin davamlılığını təmin etmək və əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir!” devizi, zəruri bildiriş və əlaqə vasitələri SMS şəklində ölkə üzrə fəaliyyət göstərən mobil operatorları tərəfindən mərhələli qaydada abunəçilərə göndərilməyə başlanılmışdır.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində təbliğat aparılmasını nəzərə alaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet və feysbuk sosial şəbəkəsindəki rəsmi səhifələrində narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq Azərbaycan, Rus və İngilis dillərində geniş məlumatlar verilmiş və səhifələrin təbliği istiqamətində müvafiq işlər həyata keçirilmişdir. Bundan əlavə cari ildən etibarən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun “dk_ishci_qrup” adı ilə rəsmi “Instagram” səhifəsi fəaliyyətə başlamışdır.

  Beləliklə, Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni dövlət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri ardıcıl olaraq sistemli şəkildə həyata keçirir.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri




Baxılıb: 1493