Dünyada gedən elmi və texniki inkişaf tərəqqini nə qədər sürətləndirirsə, bəzi cinayətkar qruplar da bu inkişafdan istifadə edərək öz qanunsuz gəlirlərini artırmağa çalışır. Bir vaxtlar təbii yollarla hazırlanan və baha qiymətə satılan narkotiklərin yerini indi kimyəvi yollarla hazırlanmış və qiyməti təbbii maddələrdən hazırlanmış narkotiklərə nisbətən dəfələrlə ucuz olan narkotik maddələr tutur. Kimyəvi üsullarla hazırlanmış narkotik maddələr narkotik aludəçilərini qısa zamanda ölümün ağuşuna gətirir. Bu maddələrdən istifadəyə başlamış insanların müalicəsi və narkotiksiz həyata qaytarılması isə çox təəssüf ki, mümkünsüz olur. Kimyəvi üsullarla hazırlanmış narkotiklərin qiymətinin aşağı olması onları daha böyük qruplara əlçatan etdiyindən narkomaniyanın yaşının azalmasına və geniş insan kütləsini əhatə etməsinə münbit şərait yaradır. Artıq sübut olunub ki, narkomaniya ilə mübarizə təkcə narkoman və onun ailəsinin mübarzəsi deyil, bütün bir cəmiyyətin mübarizəsidir. Yanlız birlikdə, əlaqəli və planlaşdırılmış mübarizə nəticəsində bu böyük bəlanın qarşısını almaq olar.
Bu səbəbdən də hazırki şəraitdə narkomaniyaya qarşı mübarizə daha səmərəli və məqsədyönlü aparılmalıdır. Şabran rayonuna da narkomaniyaya qarşı mübarizə tədbirləri hərtərəfli və arasıkəsilmədən aparılır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı”nın bəndlərinin icrası ilə bağlı Şabran rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası 2018-ci il ərzində proqramın icrası ilə əlaqədar aidiyyati təşkilatlarla birlikdə mütəmadi olaraq tədbirlər keçirməkdə davam etmişdir.
Belə ki, aşkar edilmiş faktlarla bağlı qanunsuz dövriyyədən cəmi 1.785 qram heroin, 0,555 qram tiryək, 57.667 qram qurudulmuş marexuana, 75.111 qram(13 ədəd) çətənə kolları aşkar edilərək götürülmüşdür. Ümumilikdə 135.118 qram narkotik vasitə dövriyyədən çıxarılmışdır. 2018-ci il ərzində Şabran şəhər ərazisində yerləşən ümumtəhsil məktəblərində rayon Polis Şöbəsinin əməkdaşları “Narkomaniya könüllü ölümdür və gənclər narkomaniyaya yox deyir” mövzularında şagirdlərlə diskussiya şəklində hüquqi tərbiyəvi işlər aparmışdırlar.
Şabran rayon Təhsil şöbəsi də 2018-ci il ərzində rayonun təhsil müəssisələrində maarifləndirmə işlərini genişləndirmiş, narkomaniyanın insan orqanizminə zərəri, törətdiyi fəsadlarla bağlı söhbətlərin aparılmasına diqqəti artırmışdır.
Ənənəyə uyğun olaraq bu il də rayon Təhsil şöbəsi tərəfindən iş planına müvafiq olaraq rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi, Mərkəzi Xəstəxananın həkimləri və rayon Gənclər və İdman idarəsi ilə birlikdə ümumtəhsil məktəblərinin müəllim və şagirdləri üçün milli mənəvi dəyərlərin qorunması, “Narkomaniyaya yox deyək” və “Narkotik vasitələrin fəsadları” mövzularında söhbətlər aparılmış, şəhərin 1,2,3,4,5 saylı, Əmirxanlı, Dəvəçi, Uzunboyad, Çölquşçu, Şahnəzərli kənd tam orta məktəblərində, şəhər 2, 3 saylı ümumi orta təhsil müəssisələrində praktik konfrans və dəyirmi masalar keçirilmişdir. Həmçinin şagirdlər narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində respublika rəsm və foto müsabiqələrində iştirak etmişdirlər.
Rayon ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinə sözügedən mövzuda videofilmlər nümayiş etdirilmişdir.
Dövlət proqramının rayonumuzda icrası məqsədi ilə Şabran rayon İdman və Gənclər idarəsi də rayon Polis şöbəsi, Təhsil şöbəsi və rayon Mərkəzi Xəstəxanası ilə əməkdaşlıq edərək müxtəlif tədbirlər həyata keçirmişdir.
Belə ki, 24-25 fevral 2018-ci il tarixlərdə UGİM-in idman zalında “Sağlam həyat Naminə” devizi altında sambo idman növü üzrə 2003-2004, 2005 və 2006-cı il təvəllüdlü yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.
12 aprel 2018-ci il tarixdə Şabran şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniya və müasir gənclik” devizi altında dəyirmi masa keçirilmişdir.
07 iyun 2018-ci il tarixində Şabran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi tərəfindən “Narkomaniya ilə bağlı regionlarda seminarların keçirilməsi” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə maarifləndirici görüş keçirilmişdir.
11 iyun 2018-ci il tarixdə Dəvəçi kənd tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və digər zərərli vərdişlər əleyhinə birgə mübarizə” devizi altında maarifləndirici görüş keçirilmişdir.
Şabran Mərkəzi Rayon Xəstəxanasının narkoman kimi qeydiyyatında olanların sayı cəmi 174 nəfərdir, onlardan 130-u dispanser, 43 nəfəri proflaktik qeydiyyatdadır. 174 nəfərdən 18-24 yaş arası 12 nəfər, 25-29 yaş arası 44 nəfərdir. Rayonda yeniyetmələr arasında narkotik aludəçisi qeydə alınmamışdır.
Hər il olduğu kimi bu il də rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə 26 iyun “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” dəyirmi masalar, konfranslar, sərgilər və s. tədbirlər keçirilmiş və onların yekun tədbiri kimi 25 iyun 2018-ci il tarixində təşkil edilmiş ümumrayon konfransının video və foto görüntüləri Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövrüyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna göndərilmişdir. Konfransda qərara alınmışdır ki, bundan sonra keçiriləcək məktəb tədbirlərinə daa çox valideyin cəlb edilsin. Şagirdlərlə yanaşı valideyinlərin də maarifləndirilməsinin vacibliyi xüsusi qeyd edilib. Qarşıdakı aylarda “Narkotikə deyil, kitablara aludə ol” mövzusu ilə rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin də narkomaniya ilə mübarizə tədbirlərinə qoşulması tövsiyyə edilmişdir.
2018-ci ilin qarşıdakı aylarında da rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının iş planına uyğun olaraq tədbirlər həyata keçirilməkdə davam edəcəkdir.
Mehdi Balabəyov,
Şabran rayon İcra Hakimiyyəti başçısının birinci müavini