Narkomaniya dövrün bəlasıdır

Narkomaniyanı dövrün bəlası adlandırırlar. Həqiqətən qloballaşan dünyamızın “ağ ölüm”ü qara fəsadları ilə dünyanın hər tərəfinə doğru ildırım sürəti ilə irəliləməkdədir.  Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür. Narkomaniya yunan sözü olub, “narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından göründüyü kimi, bəşəriyyət uzun illərdir onun törətdiyi fəsadlar qarşısında aciz qalıb. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal poblemlərindən birinə çevrilən, insanları sakitcə ölümün ağuşuna atan, genefonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır. Bu statistikanın 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.

Bu gün təkcə Meksikada narkomaniyanın bəlasına düçar olmuş insanların sayı 1 milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada 750 minə yaxın insan narkotik maddələrdən istifadə nəticəsində özlərinə ölüm hökmü yazmaqdadır. MDB və Asiya ölkələri də Qərbdən geri qalmır. Bu gün burada da 26 milyondan çox insan “ağ ölüm”ün əsirinə çevrilmişlər.

Təəssüflər olsun ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib. Ürək ağrıdan hal odur ki, respublikamızda narkotik maddə istifadəçilərinin 60 faizdən çoxu gələcəyimiz olan gənclərdir. Doğrudur, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda narkotizm o qədər də dəhşətli şəkil almayıb. Ancaq unutmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. Üstəlik, QİÇS-ə (qazanılmış immun çatışmazlığı sindromu) aparan dəhşətli bir yoldur. Yəni, o gizli şəkildə, sürətlə yayılma xüsusiyyətlərinə malik bir xəstəlikdir. Əgər Azərbaycanın 9 milyonluq əhalisinin içində 9 min nəfər də olsa narkoman varsa, deməli, fəlakət uzaqda deyil və bu barədə mütləq həyəcan təbili çalınmalıdır!

Etiraf etmək lazımdır ki, narkomaniya bizə SSRİ dövründən miras qalıb. O zaman dövlət bu ağır problemin cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etməyə çalışdığından, narkotiklə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxladığından müalicəsi çox çətin olan bu xəstəliyin get-gedə yayılıb kök atmasına səbəb olmuşdu. Respublikamız müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Mütəxəssislərin fikrincə, narkotik ticarətçiliyi neft və silah satışından sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə “narkomaniyanın vətəni” adlanan Əfqanıstanda onun meydanının ilbəil genişlənməsinə səbəb də elə budur. Mənfəət əldə etmək, kapital qazanmaq. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın inkişaf sürətini vaxtında ala bilməsə, o yaxın gələcəkdə böyük ictimai faciələrə gətirib çıxara bilər.

Bu gün narkomaniya və narkobiznes təkcə ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bundan əldə edilən kapital xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı  terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur. Həm də narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar bəşəri qanunlar qəbul etmiş superdövlətlərin gözləri qarşısında. Bu gün Dağlıq Qarabağda və Azərbaycanın işğala məruz qalmış digər ərazilərində onlarca narkotik laboratoriya fəaliyyət göstərməkdədir. Azərbaycanın silahlı münaqişə şəraitində olan nəzarətsiz ərazilərindən hər il Rusiyaya və Avropa ölkələrinə on tonlarla narkotik maddələr daşınır.

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, artıq 30 ildir ki, dünya əhalisi 26 iyunu “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd etməkdədir. Ayrı-ayrı dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını  və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək sahəsində səylərini artırıb insanları sağalmaz xəstəliklərə düçar edib onları son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxaran bu faciə sindromuna qarşı istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində  mübarizə aparsalar da, dünya üzrə nakomaniya adlı bu cəhənnəm əzabına düçar olanların sayı ilbəil artmaqdadır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üzərində dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən müdrik şəxsiyyət Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərmanından sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

İnsanları, xüsusilə gəncləri sağalmaz xəstəliklərə düçar edib onların ömrünü qaraldan “ağ ölüm”dən qurtulmaq məqsədilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirilir. Belə tədbirlərin görülməsi artıq ölkəmizdə ənənəyə çevrilib.

Müdafiə Nazirliyi




Baxılıb: 3556