Dünyanı çənginə alan narkomaniya

Narkotiklərlə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikadan istifadə hallarının qarşısının alınması daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı 36 qanun, Azərbaycan Respublikası Prezidentinin 13 fərmanı, 53 Sərəncamı, Nazirlər Kabinetinin 23 qərarı, 5 Sərəncamı, o cümlədən Ali Məhkəmənin plenumunun qərarları qəbul edilib. Bu gün Prezident ilham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı  mübarizəyə dair 2013-2018-ci illər üçün “Dövlət Proqramı” icra olunmaqdadır.

Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onlar prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı, eləcə də digər hüquqi-normativ sənədləri rəhbər tutaraq rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2018-ci ilin ötən dövründə ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir.

2018-ci ilin ötən dövrində rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirmək üçün rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin, Astara Pedaqoji Kollecinin, rayon mədəniyyət müəssisələrinin, YAP rayon təşkilatı Gənclər Birliyinin, rayon Mərkəzi Xəstəxanasının və Polis şöbəsinin birgə kompleks tədbirlər planına uyğun olaraq müxtəlif mövzularda 11 tədbir: 4 seminar müşavirə, 1 rəsm sərgisi, 6 görüş və mədəni-kütləvi aksiyalar keçirilmişdir. Bu tədbirlərdə 815 nəfərdən çox gənc iştirak etmişdir. Burada “Narkotiklərsiz XXI əsr”, “Narkomaniya uçuruma aparan yoldur”, “Bəşəriyyətin faciəsi”, “Narkotiklərsiz həyat”, “AİDS XXI əsrin bəlasıdır”,  “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir”, “Narkomaniyaya yox deyək” mövzularında məruzə və mühazirələr oxunmuş, söhbətlər aparılmış, seminar-müşavirələr keçirilmiş, foto və rəsm sərgiləri təşkil olunmuşdur.

Astara Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi, Gənclər və idman idarəsi, Təhsil şöbəsi, Müharibə, Əmək və Silahlı Qüvvələr, Veteranları Şurası Astara rayon  təşkilatı Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə 29 may 2018- ci il tarixində Astara şəhər 2 saylı tam orta məktəbində və 8 iyun 2018-ci il tarixində  Astara Pedaqoji Kollecində “Narkomaniyaya yox deyək” mövzusunda gənclərlə seminarlar keçirilmişdir.

Narkomaniyaya qarşı mübarizə məqsədilə Astara Rayon Mərkəzi Xəstəxanasında narkoloji kabinet fəaliyyət göstərir. Narkoloji kabinet tərəfindən narkotik vasitələrdən istifadə edənlərin qeydiyyatı aparılır və 330 nəfər narkoman, 16 nəfər alkoqolizmdən əziyyət çəkən qeydiyyata alınmışdır. Həmin şəxslər mütəmadi olaraq müayinə olunaraq xəstəlikdən azad olunmaq üçün daim profilaktik tədbirlər həyata keçirilir. Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 34 cinayət hadisəsi qeydə alınmışdır. Narkotik vasitələrin satılması ilə bağlı 15  fakt, saxlanması ilə bağlı 17 fakt və narkotik tərkibli bitkilərin əkilib becərilməsinə dair 2 fakt aşkar olunmuşdur.

Aşkar edilən faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. 2018-ci ilin ötən dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 1 kq 168.228 qram heroin,  15 kq 258.273 qram tiryək, cəmi 34  fakt üzrə 16 kq 426.501   qram narkotik maddələr, 3 kq 420  qram narkotik bitki (yaşıl kütlə) və 44  çətənə kolu, 1833.3 qram tramadol, 4.491 qram medanfitamin və 5.32 qram metadon cəmi 1 kq 843.111 qram psixotrop maddə aşkar edilib, dövriyyədən çıxarılmışdır.

Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının rayonda fəaliyyət göstərən Ağsaqqallar Şurası, Qadınlar Şurası, gənclər təşkilatları, Veteranlar Şurası, dini icmalar və digər qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir.

Nəticələr göstərir ki, bəşəri problem olan narkomaniya ilə mübarizədə ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, əhalinin bütün təbəqələrinin birgə mübarizəsi çox böyük əhəmiyyət daşıyır. Başqa sözlə narkomaniyaya qarşı mübarizə ümumxalq işi olmalıdır. Yalnız bu halda biz gələcəyimizi bu bəladan qurtara bilərik.

Allahverən Mahmudov,

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyanın sədri




Baxılıb: 1361