Azərbaycan bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan etsə də, bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır.
Artıq ölkə ərazisindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni nəql olunması nəinki Azərbaycanın, hətta regionun çərçivəsindən çıxaraq böyük miqyaslı bir problemə çevrilməkdədir. Belə ki, son dövrlər narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan ciddi işlər nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin
• İran – Azərbaycan;
• İran – Azərbaycan – Rusiya – Yaponiya;
• İran – Azərbaycan – Gürcüstan – Avropa;
• İran – Azərbaycan – Rusiya – Ukrayna
marşurutları ilə narkotiklərin daşınması halları aşkar edilmiş, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür. Və sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda və digər tranzit ölkələrində satılır.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulmuş, narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlamış, memorandumlar imzalamış, bu sahədəki fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazası yaradılmışdır.