Narkotiksiz həyat

Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə bu məqsədlə müvafiq Fərman imzalamış və bununla da problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair, 2013-2018-ci illər Dövlət Proqramı”nın bəndlərinin icrası ilə bağlı Şabran rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası 2018-ci il ərzində də proqramın icrası ilə əlaqədar aidiyyəti təşkilatlarla birlikdə mütəmadi olaraq tədbirlər keçirməkdə davam etmişdir.

Belə ki, 2018-ci il ərzində Şabran Rayon Polis Şöbəsi tərəfindən narkotiklərin qanunsuz dövrüyyəsi ilə bağlı 5 cinayət, 2 əkib-becərmə, 2 inzibati xəta aşkar edilmişdir. O cümlədən  aşkar edilmiş cinayətlərin 3-ü narkotiklərin qanunsuz saxlanılması ilə əlaqəli olmuşdur.

Aşkar edilmiş faktlarla bağlı qanunsuz dövriyyədən cəmi 1.785 qram heroin, 0,555 qram tiryək, 57.667 qram qurudulmuş marexuana, 75.111 qram(13 ədəd) çətənə kolları aşkar edilərək götürülmüşdür. Ümumilikdə 135.118 qram narkotik vasitə dövriyyədən çıxarılmışdır.

2018-ci il ərzində Şabran şəhər ərazisində yerləşən ümumtəhsil məktəblərində rayon Polis şöbəsinin əməkdaşları  “Narkomaniya könüllü ölümdür” və “Gənclər narkomaniyaya yox deyir” mövzularında  şagirdlərlə diskussiya şəklində hüquqi tərbiyəvi işlər aparmışlar.

Rayon Təhsil şöbəsi də 2018-ci il ərzində rayonun təhsil müəssisələrində maarifləndirmə işlərini genişləndirmiş, narkomaniyanın insan orqanizminə zərəri, törətdiyi fəsadlarla bağlı söhbətlərin aparılmasına diqqəti artırmışdır.

Ənənəyə uyğun olaraq bu il də rayon Təhsil şöbəsi plana müvafiq olaraq rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Mərkəzi xəstəxananın həkimləri və Gənclər və idman idarəsi ilə birlikdə ümumtəhsil məktəblərinin müəllim və şagirdləri üçün milli mənəvi dəyərlərin qorunması, “Narkomaniyaya yox deyək” və “Narkotik vasitələrin fəsadları” mövzularında söhbətlər aparmış, şəhərin 1,2,3,4,5 saylı, Əmirxanlı, Dəvəçi, Uzunboyad, Çölquşçu, Şahnəzərli, Pirəmsən, Zeyvə kənd tam orta məktəblərində, şəhər 2, 3 saylı, Sincanboyad, Vələsli, Xəlilli kənd ümumi orta təhsil müəssisələrində praktik konfrans və “dəyirmi masa”lar keçirilmişdir. Həmçinin şagirdlər narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində respublika esse, rəsm və foto müsabiqələrində iştirak etmişlər.

Belə ki, Dövlət Proqramının rayonumuzda icrası məqsədi ilə Şabran Rayon İdman və Gənclər İdarəsi də rayon Polis şöbəsi, Təhsil şöbəsi və Mərkəzi xəstəxanası ilə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər həyata keçirmişdir.

Belə ki, 24-25 fevral 2018-ci il tarixlərində UGİM-in idman zalında “Sağlam həyat naminə” devizi altında sambo idman növü  üzrə 2003-2004, 2005 və 2006-cı il təvəllüdlü yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir. Aprel 12-də Şabran Şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniya və müasir gənclik” mövzusunda “dəyirmi masa” təşkil edilmişdir.

7 iyun 2018-ci il tarixində Şabran Şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və rayon Gənclər və idman idarəsinin təşkilati dəstəyi ilə  “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi tərəfindən “Narkomaniya ilə bağlı regionlarda seminarların keçirilməsi” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə maarifləndirici görüş olmuşdur.

11 iyun 2018-ci il tarixində Dəvəçi kənd tam orta məktəbində rayon Gənclər və idman idarəsinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və digər zərərli vərdişlər əleyhinə birgə mübarizə” devizi altında maarifləndirici görüş keçirilmişdir.

Şabran Mərkəzi Rayon Xəstəxanasında narkomaniyadan qeydiyyatında olanların sayı cəmi 174 nəfərdir, onlardan 130-u dispanser, 43 nəfəri proflaktik qeydiyyatdadır. 174 nəfərdən 18-24 yaş arası 12 nəfər, 25-29 yaş arası 44 nəfərdir. Rayonda yeniyetmələr arasında narkotik aludəçisi qeydə alınmamışdır. Narkomanların sayında artım olmamışdır.

Hər il olduğu kimi, bu il də rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının təşkilatçılığı ilə 26 iyun  -Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü münasibətilə “dəyirmi masa”lar, konfranslar, sərgilər və s. tədbirlər keçirilmiş və onların yekun tədbiri kimi 25 iyun 2018-ci il tarixində təşkil edilmiş ümumrayon konfransının video və foto görüntüləri Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna göndərilmişdir. Konfransda qərara alınmışdır ki, bundan sonra keçiriləcək məktəb tədbirlərinə daha çox valideyn cəlb edilsin. Şagirdlərlə yanaşı, valideyinlərin də maarifləndirilməsinin vacibliyi xüsusi qeyd edilmişdir. Qarşıdakı aylarda rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin də “Narkotikə deyil, kitablara aludə ol” mövzusunda narkomaniya ilə mübarizə tədbirlərinə qoşulması tövsiyə edilib.

Konfransdan sonrakı müddətdə qəbul edilmiş tövsiyələrə əsasən narkomaniya ilə mübarizə tədbirlərinə rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi və Tarix-diyarşünaslıq muzeyi də qoşulmuşdur. Hər iki müəssisə müxtəlif mədəni kütləvi tədbirlər təşkil etməklə maarifləndirmə işinə öz töhfələrini verməyə çalışmışdır.

2018-ci ilin qarşıdakı aylarında da rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının iş planına uyğun olaraq tədbirlər həyata keçirilməkdə davam etdiriləcəkdir.




Baxılıb: 1293