Bəşəriyyət üçün ən böyük bəla narkomaniyadır.

  Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə hazırda çox aktual xarakter daşıyır. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədilə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkomaniyanın fəsadlarının aradan qaldırılması və bu istiqamədə görülən işləri daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.

  Respublika əhalisi və xüsusilə gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölüm”ə qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər paytaxt Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda gündəlik və daimi xarakter daşıyır.

  Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşkilatçılığı ilə rayonda yerləşən ali və orta məktəblərdə mütəmadi olaraq narkomanlığa, yeniyetmə və gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə kütləvi tədbirlər təşkil olunur. Bu maarifləndirici tədbirlərdə bu gün bütün dünya üçün ən təhlükəli bəlalardan biri olan narkomaniyanın yeniyetmə və gənclər üçün necə təhlükəli və qorxulu bir bəla olduğundan söhbət açılır və son vaxtlarda Səbail rayonunda narkomaniya ilə bağlı aparılan profilaktiki tədbirlər barədə məlumat verilir, filmlər və videoçarxlar nümayiş etdirilir.

  Keçirilən tədbirlərdə Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili və Narkotiklərlə Mübarizə bölmələrinin məsul işçiləri, tibb işçiləri, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

  2015-ci il ərzində rayonun təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Pedaqoji və İqtisad universitetlərində narkomaniya ilə bağlı elmi-praktik konfrans və “dəyirmi masa”lar, 26 İyun-BMT-nın Narkotiklərlə Mübarizə Günü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Komissiyanın təşkilatçılığı ilə “Səbail rayon gəncləri narkomanlığa yox deyir!” mövzusunda “dəyirmi masa” və rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda rəsm sərgisi, həmçinin rayon Polis idarəsi, Narkoloji dispanserin əməkdaşları, ağsaqqallar, veteranlar və gənclərin iştirakı ilə 6 saylı orta məktəbdə “Ağ ölüm”ə yox deyək!” mövzusunda maarifləndirici tədbir, Azərbaycan Dövlət İqtisad Universitetində “Gənclər sağlam həyatı seçir” mövzusunda tədbir, 49 saylı “İntellekt” məktəb-liseydə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir və həmin məktəbdə yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə hazırlanmış “Həyatla oyun” adlı teatr tamaşasının nümayişi, Badamdar mədəniyyət evində “Gələcəyimizi qoruyaq” adlı tədbir, Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 3 nömrəli filialında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə “Narkomaniyaya yox deyək” başlığı altında tədbirlər, 7 və 160 saylı məktəblərdə sağlam həyat tərzini təbliğ edən aksiyalar təşkil olunmuş, narkomaniya əleyhinə təşkil olunmuş bir sıra şəhər və respublika miqyaslı tədbirlərdə rayon orta məktəblərinin şagirdlərinin və ali məktəb tələbələrinin iştirakı təmin olunmuşdur.

  Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 2015-ci il ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 93-dən 57-yədək azalmışdır. Aşkar edilmiş faktlardan 21-i satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olmuşdur. Aşkar edilmiş faktlar üzrə 13 kq 480 qram narkotik maddə götürülərək qanunsuz dövriyyədən çıxarılmışdır. Əvvəlki illə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi miqdarı 3 kq 714 qram artmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələr məhkəmə hökmlərindən sonra Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayonun hüquq mühafizə orqanlarının nümayəndələrindən ibarət xüsusi komissiya tərəfindən müntəzəm olaraq məhv edilmişdir.

  Narkomaniyaya qarşı aparılan işlərin əsas istiqamətlərindən biri yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə edilməsi olduğundan həyata keçirilən təbliğati işlərlə yanaşı, rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması istiqamətindəki işlərə ciddi fikir verilir.

  Məktəblilərin asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlərdə 3000-dən çox uşaq və yeniyetmə iştirak etmiş, il ərzində “Park Bulvar” Ticarət və İstirahət Mərkəzindəki “Sinema Klub”da 2000-dən çox uşağın pulsuz 3D formatda uşaq filmlərinə baxışı təşkil olunmuşdur.

  Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, onların idmanın müxtəlif növlərinə cəlb olunması məqsədilə fevralda Səbail rayonundakı 91 nömrəli orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan mini-futbol turniri, 2 saylı Uşaq-Gənclər İdman Məktəbində şahmat üzrə Bakı komanda çempionatı, 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Məktəbli Kuboku” yarışları, Bayıl stadionunda AFFA tərəfindən keçirilən futbol üzrə “Coco-cola məktəbli kuboku”, 91 nömrəli tam orta məktəbin idman meydançasında 1999-2001-ci və 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında stritbol üzrə turniri, 2 saylı Şahmat məktəbində şahmat üzrə beynəlxalq turniri, Veloparkda Bakının Səbail rayonunun orta məktəbləri arasında rayon çempionatı və həmçinin Səbail rayon orta məktəbliləri arasında Spartakiada yarışları təşkil olunmuşdur.

  Tətillər zamanı, xüsusilə də yay aylarında yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, sağlam həyat tərzinin təbliği ilə bağlı idman və digər yarış və tədbirlərin keçirilməsinə xüsusi fikir verilir. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və DİN Daxili Qoşunlar Komandanlığı ilə birgə layihəsi əsasında Quba rayonunda hər il 250 nəfər uşaq üçün son 10 il ərzində keçirilmiş hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsi xüsusi əhəmiyyət kəsb edir.

  Avqust ayında rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə layihəsi olaraq ikinci dəfə Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri - ümumilikdə 180 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı “N” saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü “Gənc Heydərçilər” yay istirahət düşərgəsi yaradılmışdır.

  Uşaq və yeniyetmələrin bilik və intellektual səviyyələrinin yüksəldilməsi, onların dünyagörüşünün artırılması məqsədilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən onların il boyu xüsusi qrafik əsasında rayon ərazisindəki muzey, sərgi salonları və teatrlara pulsuz ekskursiyaları, dəniz gəzintiləri təşkil olunur.

  Sistematik olaraq rayonun məktəblərində rayon Polis idarəsinin, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun, Bakı Şəhər Narkoloji Dispanserinin, Səbail Rayon Məhkəməsinin əməkdaşlarının iştirakı ilə tədbirlər, sosioloji sorğular keçirilir. Tədbirlər zamanı qonaqlar məktəbliləri maraqlandıran sualları cavablandıraraq geniş diskussiyalar aparmış, uşaqlara narkomanlığa qarşı mübarizə ilə bağlı bukletlər paylanmış, təhsil müəssisələrində narkotik vasitələrin insan sağlamlığı və cəmiyyət üçün təhlükəli olması barədə müxtəlif təbliğat vasitələri yerləşdirilmişdir.

  Rayon Komissiyasının keçirdiyi, həmçinin rayondakı təşkilatlarda narkomanlığın zərərinin təbliği və bu barədə gənclərin maarifləndirilməsi ilə bağlı təşkil olunan tədbirlərdə əmək və müharibə veteranlarının, ağsaqqalların, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri və üzvlərinin iştirakı təmin olunur.

  Keçirilən tədbirlər barədə materiallar kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır, Komissiyanın fəaliyyəti və həyata keçirdiyi işlər hər il RİH başçısı yanında Şuranın yığıncağında müzakirə olunur.

İsrafil Kərimov,

Səbail Rayon İcra 
Hakimiyyəti Başçısı Aparatı 
şöbə müdirinin müavini 




Baxılıb: 758