NARKOMANİYA - XXI ƏSRİN BƏLASI

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, o cümlədən narkomanlıq - bu gün bəşəriyyəti ciddi düşündürən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran  qlobal problemlərdəndir. Təəssüflə qeyd etməliyik ki, “ağ ölüm” adlandırılan narkomaniya dünyanın bir çox dövlətlərində insanlıq üçün dəhşətli bəlaya çevrilmişdir. Böyük rus yazıçısı Lev Tolstoy yazırdı: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, digəri sağalmaz xəstəlik olan narkomaniyadır”. Narkomaniya  (yunan sözüdür, narke - yuxu, bihuşluq, mania - cəzb etmə, ağılsızlıq) cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Narkomaniyanın etiologiyası və məişətə daxil olması eramızdan neçə minillik öncəyə gedir. Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. XIX əsrin ortalarında narkomaniya tarixinin yeni bir dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla - vena daxilinə yeridilməsi ilə başlanmışdır. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olmuşdur. Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaş-xaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Marixuananın təsiri tərkibindəki THK - delta-9-tetrahidrokannabinol maddəsinin miqdarından asılıdır. Bəzi hallarda marixuana qəbul olunduqdan dərhal sonra təsir göstərir, digər hallarda isə 15-25 dəqiqə sonra təsir etməyə başlayıb 30 dəqiqə  ərzində maksimuma çatır və 2-4 saat davam edir. O, toksiki maddə olduğundan insanın ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər bütün orqanizminə mənfi təsir göstərir. Orqanizmin zəifləməsi isə son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına səbəb olur.

Bu bəla cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun deqradasiyasına gətirib çıxarır. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) və başqa sağalmaz və ya çətin müalicə olunan xəstəliklərə yoluxurlar. Narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda cinayətkarlığın artmasına səbəb olur, terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi maneələr yaradır.

Problemin faciəvi tərəfi isə gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasıdır. Hər bir xalqın gənclərinin fiziki və mənəvi sağlamlığı dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da dövlət tərəfindən gənclərə yetərincə qayğı göstərilir, gənc nəslin inkişafı, onların sağlam həyat tərzinin təşkili ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Mütəxəssislərin fikrincə, erkən yaşından narkotik qəbul edən insanın orta ömrü 35-40 il olur. Narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz əqli və idrak bacarıqlarını, maraqlarını itirməklə mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların və meyillərin əvəzinə yaranmış maraqlar bütün mənfi ifadələri ilə onların psixi proseslərini reqressiyaya uğradır. Belə yeniyetmələrdə əqli və intellektual bacarıqların pozulması, təhsilə həvəssizlik, əxlaqın aşağı düşməsi, dərs fənlərini mənimsəmək bacarığının olmaması, anlaqlı dərk etmə bacarığının və yaddaşın itirilməsi, aqressivlik elementləri ilə ümumi narahatlığın və əsəbiliyin üstünlük təşkil etməsi müşahidə olunur.  Hesab edirik ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür.

Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə yerləşən Azərbaycan öz təbiəti, təbii sərvətləri etibarı ilə olduqca zəngin ölkə olub, 11 iqlim qurşağından 9-nu saxlayır. İqlim şəraiti ölkə ərazisində narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də belə bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdır. Məsələn, xaş-xaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. O cümlədən 19-u həm də yabanı halda yetişir.

Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və digər ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirdikdən sonra, kriminal strukturlar Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd etmişdilər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik maddələrin tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur.

Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir. 

1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Müstəqilliyimizin ilk illərindən başlayaraq Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini görmüş, narkomaniya və narkobizneslə mübarizənin hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizəsi olduğunu qeyd etmişdir. “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” 1996-cı il 26 avqust tarixli Fərman və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən bu sahə üzrə son 15 ildə 13 fərman, 56 sərəncam imzalanmış, Milli Məclis tərəfindən 38 qanun qəbul edilmiş, bir neçə Dövlət proqramı hazırlanmışdır.

İlham Əliyev demişdir: “Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir”.

Alimlərimiz də bu istiqamətdə fəaliyyət planı hazırlamış, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası istiqamətində bir sıra əhəmiyyətli işlər görmüşlər.

Azərbaycan florası zəngin bitki örtüyünə malikdir. Bitkilər aləmi öz gözəlliyi ilə insanları özünə cəlb edir. Təbiətdə qida, dekorativ, dərman və s.  xüsusiyyətləri ilə seçilən bitkilər vardır. Dərman xüsusiyyətlərinə malik olub insanların sağlamlığına xidmət edən bitkilərlə yanaşı, tərkibində insan orqanizmini zəhərləyən bitki qrupları da vardır. Narkotik bitkilər birbaşa sinir sisteminə təsir edir, onu qıcıqlandırır, tədricən  zəifləyən orqanizmi məhvə aparır. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir və onlara əsasən, Cənubi və Şimali Amerikanın, Mərkəzi Asiyanın tropiklərində təsadüf olunur.

Narkotik bitkilərin cəmiyyətə ziyanı olsa da, bitki aləmində özünəməxsus yeri vardır. Biomüxtəlifliyin qorunmasında daşıdığı roluna görə narkotik tərkibli bitkilərin tamamilə məhvedilməsi yolverilməzdir. Narkotik bitkiləri həyatımızdan tamamilə təcrid edə bilmərik, çünki bu bitkilərin  tərkibində alkoloidlər vardır və bunlardan dərman istehsalında geniş istifadə olunur.

AMEA-nın Botanika İnstitutunun əməkdaşları respublikanın ayrı-ayrı bölgələrində yayılan narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqinin aparılması üçün bu bitkilərin əkildiyi sahələrdə olmuşdur. Tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi, onların vegetasiya dövrü nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülməsi ən vacib məsələlərdən hesab edildiyi üçün ekspedisiyalar zamanı yabanı halda  bitən narkotik tərkibli bitkilərin məhv edilməsi  ilə  bağlı onların yayılma zonalarında bu bitkilərin morfologiyasnı xarakterizə edən, yəni  xarici görünüşünü  əks etdirən herbari materiallarından və şəkillərdən istifadə edərək əhali arasında onların zərərli xassələrinin təbliği ilə mütəmadi olaraq məşğul olmuş, insanları bu barədə maarifləndirilmişlər.

Adətən, narkotik bitkilərin çiçəkləməsi yay-payız mövsümünə təsadüf edir. Narkotik bitkilərin tərkibində alkoloidlər vardır. Narkotik bitkilərin cəmiyyətə böyük ziyanı  olsa da, bitki aləmində özünəməxsus yeri var. Biomüxtəlifliyin qorunmasında daşıdığı roluna görə narkotik tərkibli bitkilərin tamamilə məhvedilməsi yolverilməzdir. Ekspedisiyalar zamanı aşağıda adları qeyd edilən narkotik tərkibli bitkilər Azərbaycan florasında göstərilən yayılma yerlərinə uyğun olaraq Naxçıvan MR və Balakən-Qax ərazilərində müəyyən olunmuşdur: şərqlaləsi (Papaver orientalis), ziyilotu (Chelidonium majus), dəlibəng (Datura stramonium).

Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. İlk qəbuldan insanı özünə alışdıra bilən bu maddələr xüsusilə təhlükəlidirlər. Bu silsiləyə daxil olan maddələr içərisində flakka ən təhlükəlisi hesab olunur. Rusiyada istehsal olunduğu deyilən süni narkotik vasitənin ən geniş yayıldığı ölkələr ABŞ və Braziliyadır. Bonzai adlı sintetik maddə Çində istehsal olunur. Beyinə zərər vuran, davranışı korlayan bu maddənin istifadəçiləri cəmiyyətdə insanlara qarşı şiddət göstərməyə meyilli olurlar. Alfa-mentil-fentanil (AMF) adlı sintetik maddə morfindən 100 dəfə, trimatilfentanil (TMF) morfindən 5,5-6 min dəfə, heroindən isə 1000 dəfə təsirlidir. Qismən uzun sürən və beyinə dərhal böyük hissələrdə daxil olmayan, lakin onu yavaş-yavaş məhv edən opiat qrupuna aid olan narkotiklərdən (morfin, kodein və s.) fərqli olaraq fentanil və onun analoqları (AMF, TMF, meperedin) sərbəst şəkildə sürətlə beyinə daxil olaraq onu və digər sistemləri (immun sistemləri də daxil olmaqla) də məhv edərək orqanizmin fəaliyyətinin qısa müddətdə dayanmasına, yəni ölümə səbəb olur.

Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vuraraq orqanizmin ümumi intoksikasiyasına, yəni ümumi zəhərlənməsinə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür. Dünyada 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir, onların da 3 milyonunda QİÇS xəstəliyi vardır. Azərbaycanda da rəsmi statistikaya görə son beş ildə narkomanların sayı 10 dəfəyədək artmışdır. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 30 min nəfərə yaxındır.

Son illərdə heyvanlar üzərində aparılan müxtəlif eksperimental modellərdə narkotik asılılığın yaranmasının səbəbləri və aradan qaldırılma yolları istiqamətində intensiv tədqiqatlar aparılmaqdadır. AMEA-nın akademik A.İ.Qarayev adına Fiziologiya İnstitutunda ABŞ-ın “BioIndustrial Initiative” fondu tərəfindən dəstəklənmiş “Narkotik asılılığın korreksiyasının yeni üsulunun islənməsi” adlı layihə çərçivəsində kliniki şəraitdə müxtəlif mənşəli preparatlardan yaranan narkotik asılılığın korreksiyası məqsədi ilə serotonin-modullu antikonsolidasiya zülalının (SMAZ) immunokimyəvi blokadası istiqamətində araşdırmalar aparılmışdır. Bu məqsədlə SMAZ-ın anticisimlər vasitəsilə seçimli blokadası tətbiq edilmisdir. İnstitutun əməkdaşları tərəfindən SMAZ zülalı ilk dəfə siçovulların baş beyin qabığında aşkar olunmuş və bütöv beyindən ayrılmışdır.  Bu zülal serotoninin miqdarı ilə korrelyasiya təşkil edərək serotonin siqnalının hüceyrədaxili ötürülməsini təmin edir. Həmin zülalı təlimdən qabaq siçovulların baş beynin yan mədəciyinə yeridildikdən sonra müsbət (qida) və mənfi (elekrik şok) möhkəmlənmiş şərti reflektor modellərdə yaddaş izlərinin formalaşmasının pozulması müşahidə olunur. Sonrakı tədqiqatlarda bu zülala qarşı poliklonal anticisimlər əldə edilərək əvvəlcə ada dovşanlarından ayrılmış SMAZ zülalı ilə 3-4 aylıq immunizasiya nəticəsində həmin zülala qarşı poliklonal immunoqlobulinlər alınmışdır. İmmobilizasiya olunan SMAZ ilə CNBr-sefaroz sütunun üzərində immuno-affin üsulu vasitəsilə SMAZ-a qarşı immunoqlobulinlərin məhlulundan poliklonal anticisimlər əldə edilmişdir. Xüsusi qurğular vasitəsilə  siçovullarda narkotik asılılıq yaradılmışdır. Bu qurğuda heyvan nasosa qoşulmuş dəstəklərin birini basarkən birbaşa boğaz venaya hər dəfə 50 mkl həcmində 100 mkq morfin məhlulu yeridilir. Heyvanların baş beynindən sinqulat qabıq və hipotalamus çıxardılaraq SMAZ-ın miqdarı immuno-enzim üsulu ilə təyin olunmuş və müəyən olunmuşdur ki, morfinin öz-özünə yeridilmə şəraitində siçovulların baş beynin sinqulat qabığında SMAZ-ın miqdarı nəzərə çarpacaq (66,7% qədər) dərəcədə artır. Tədqiqatların sonrakı mərhələsində öz-özünə morfinin yeridilməsi üçün dəstəyin basılmaları stabil səviyyəyə çatdıqdan sonra SMAZ-ın aktivliyinin blokadası məqsədilə heyvanların qarın boşluğuna SMAZ-a qarşı anticisimlər yeridilir və 50 dəqiqədən sonra narkotik asılılığın ölçülməsi zamanı müxtəlif heyvanlarda morfinin öz-özünə daxil edilməsinin səviyyəsi 4 dəfədən 8 dəfəyə qədər azaldığı müəyyən olunur. SMAZ-a qarşı anticimlər vasitəsilə narkotik asılılığın susdurulması ilə yanaşı, eyni zamanda SMAZ-ın aktivliyinin blokadası da müşahidə olunmuşdur. Güman olunur ki, anticisimlər vasitəsilə SMAZ-ın aktivliyinin məqsədyönlü azaldılması yaddaş izlərinin yaranmasına kömək edir.

SMAZ-a qarşı anticisimlərin yaddaş pros

eslərinin əsasında duran molekulyar mexanizmlərini aydınlaşdırmaq üçün həmin anticisimlərin siçovullara beyindaxili yeridilməsindən sonra hippokampda, sol və sağ təpə qabıqlarında sinir böyümə faktorunun miqdarı təyin olunmuşdur. Nəticələr göstərmişdir ki, SMAZ-a qarşı anticisimlərin təsirindən hippokampda və sol təpə qabığında sinir böyümə faktorunun miqdarının azalması baş verir. Ehtimal olunur ki, SMAZ-a qarşı anticisimlərin təsirindən sərti-reflektor vərdişlərin formalaşmasının güclənməsinin əsasında sinir böyümə faktorunun iştiraki ilə kök hüceyrələrinin differensiasiyası və yaddaş izlərini saxlayan yetkin neyronların yaranması durur.

Alınan nəticələr əsasında qeyd etmək olar ki, SMAZ-a qarşı olan anticisimlər vasitəsilə narkotik asılılığın aradan qaldırılması üzrə eksperimentlərdə bir tərəfdən serotonin siqnalının hüceyrədaxili ötürülməsinin dayandırılması, digər tərəfdən isə morfinin əldə olunması üçün dəstəyə faydasız basılması ilə neqativ yaddaş izlərinin yaranması müşahidə olunur (narkotik preparatlardan psixolojı asılılığın aradan götürülməsi). Alınmış nəticələri əsas tutaraq, hesab etmək olar ki, gələcəkdə kliniki şəraitdə müxtəlif mənşəli preparatlardan yaranan narkotik asılılığın korreksiyası məqsədilə SMAZ-ın immunokimyəvi blokadasını tətbiq etmək olar.

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Nəzərə almaq lazımdır ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

İradə Hüseynova,

AMEA-nın vitse-prezidenti, akademik

Arif Mehtiyev, 

AMEA-nın Akademik A.İ.Qarayev adına Fiziologiya
İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru




Baxılıb: 3291