Qaradağ rayonunda narkomaniyaya qarşı mübarizə daim diqqətdədir

Ölkəmizdə aparılan əsaslı demokratik islahatlar həyatımızın bütün sahələrində öz müsbət nəticələrini göstərməkdədir. Bu illər ərzində respublikamızın beynəlxalq aləmə inteqrasiyası və dünyada gedən qloballaşma prosesləri fonunda xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil dövlət quruculuğu işində daha çox diqqət yetirilən sahələrdən biri olmuşdur. Bu baxımdan cəmiyyətin inkişafına, insanların sağlamlığına, mənəviyyatına, xalqımızın genefonduna ağır zərbə vuran narkomaniyanın gətirəcəyi fəsadlar hər kəsi narahat etməyə başlamış və onunla mübarizə işi Azərbaycan dövlətinin ümummilli siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir.

Narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. Bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafına mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Azərbaycan Respublikasının 1992-ci ildə BMT-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il Konvensiyasına, 1998-ci ildə isə “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyasına və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına qoşulması, eyni zamanda, 18 iyun 1999-cu il tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi prinsipial əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin 26 avqust 1996-ci il 485 nömrəli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Həmin Fərman əsasında Azərbaycan Respublikasında 2000-ci ilədək daha sonra isə 2000-2006-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə qəbul edilmiş ümummilli proqramlar ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin təşkilinə xüsusi təkan vermişdir.

Müasir dünyamızın ən ağrılı problemlərindən biri olan narkomaniyanın yayılması, xüsusilə gənclərin buna aludəçiliyi bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Ona görə də heç təsadüfi deyildir ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin prioritet istiqamətlərindən biri - yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin bərqərar olması, idman və bədən tərbiyəsinin geniş inkişafı, cinayətkarlığın, xüsusilə onun narkomaniya ilə bağlı növlərinin profilaktikasıdır. Məhz bu siyasət çərçivəsində gənclərlə işin təşkilinin qanunvericilik bazası yaradılmış və təkmilləşdirilmiş, onların məşğulluğunun təmini məqsədilə ölkəmizdə mövcud idman obyektləri yenidən qurulmuş, təzələri tikilib istifadəyə verilmiş və idmançılar üçün hər cür şərait yaradılmışdır.

Bütün bunlara baxmayaraq narkomaniya ilə mübarizə hər zaman aktual olmuşdur. Bəs narkomaniya nədir? Narkomaniya psixi və fiziki asılılıq yaradan xəstəlikdir. Narkotik vasitələrdən istifadə edən şəxslər gücdən düşür, zəifləyir, öz iradəsini, insani hisslərini itirir, ailə üzvlərindən və getdikcə cəmiyyətdən uzaqlaşır. Müasir dünyamız inkişaf etdikcə narkotik vasitələrdən istifadə edənlərin də yaşı cavanlaşır, xüsusilə məktəb yaşlı uşaqlar arasında geniş yayılır. Gənclərin narkomaniyaya qurşanması onların təhsildən kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bütün bunların fonunda demək olar ki, narkomaniyaya qarşı mübarizə yalnız dövlətin işi deyil, eləcə də cəmiyyətimizin və dövlətimiz təməlini formalaşdıran hər bir ailənin-valideynin işidir.Məktəb yaşlı uşaqlara daim valideyn nəzarəti olmalı, onların asudə vaxtlarını səmərəli və faydalı keçirmələri üçün onlara istiqamət verilməlidir. Çox acınacaqlı hal odur ki, bu gün narkomaniya qadınlar arasında da geniş yayılmaqdadır. Bu isə öz növbəsində, bugünün qadını sabahınsa anası olacaq, prinsipilə baxsaq cəmiyyətimizə çox ciddi və narahatlıq doğuran bir işarədir. Çünki sağlam cəmiyyətin və dövlətin təməlini sağlam ailələr təşkil edir.

Bu gün Qaradağ rayonunda da narkomaniyaya qarşı geniş, səmərəli və maarifləndirici işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli 1334 saylı Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlər Proqramı” təsdiq olunmuşdur. Rayon ərazisində orta məktəb şagirdləri və yeniyetmələr arasında narkotik vasitələrdən istifadə hallarına qarşı mübarizə, narkomanlığın yayılmasının profilaktikası və qabaqlayıcı antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə planlı tədbirlər həyata keçirilməkdədir. 

2019-cu il ərzində Qaradağ rayonunun bütün qəsəbələrində gənclərin iştirakı ilə “Gənclər narkomanlığa qarşı”, “Zərərli vərdişlərdən qorun”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Özümüzü narkomanlıqdan qoruyaq” kimi mövzularda elmi-praktik konfranslar, “dəyirmi masa”lar, toplantılar təşkil edilmişdir. Hər tədbirin əvvəlində narkomaniyanın yaratdığı ağır fəsadları göstərən video-çarx nümayiş olunmuş və broşürlər paylanılmışdır. Ötən il məktəblilər, yeniyetmə və gənclər arasında “Narkomanlığa qarşı mübarizə ümumxalq işidir” və  “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzularında inşa yazı müsabiqələri keçirilmişdir.

2019-cu il ərzində QİÇS və hepatit kimi ağır infeksion-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, həkimlərin və mütəxəssislərin iştirakı ilə təhsil müəsissələrində bu xəstəliklərin yaranma səbəbləri, yayılması və nəticələri ilə bağlı mütəmadi diskussiyalar və söhbətlər aparılmışdır.

20 iyun 2019-cu il tarixdə 26 iyun-Narkotiklərlə Ümumdünya Mübarizə Gününə həsr olunmuş rəsm müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Müsabiqəyə təqdim olunan 42 işdən 15 rəsm işi seçilərək Bakı şəhər mərhələsində  iştirak  etmək üçün  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektoruna təqdim edilmişdir.

26 iyun 2019-cu il tarixdə Qaradağ Gənclər evində “Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə rayon gəncləri ilə Qarabağ müharibəsi veteranlarının görüşü keçirilmişdir. Görüşdə veteranlar keçdikləri döyüş yolundan danışmış, gəncləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Təşkil olunan bütün tədbirlərdə yeniyetmə və gənclərin narkomaniya kimi zərərli vərdişlərdən çəkindirilməsinə, antinarkotik təbliğatın aparılmasına və maarifləndirməsinə, narkomanlıqla bağlı çevik məlumat mübadiləsinə, onlar arasında sağlam həyat tərzinin formalaşmasına diqqət yetirilmiş və onların da bu barədə fikirləri öyrənilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün  Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cü il tarixli, 1334 saylı Sərəncamının icrasının təmin olunması  istiqamətində rayon komissiyası tərəfindən tədbirlər planı hazırlanmış və tədbirlər planına uyğun işlər davam etdirilir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında
Narkomanlığa və Narkotik  Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı  Mübarizə üzrə Rayon Komissiyası




Baxılıb: 1094