Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair maarifləndirmə tədbiri təşkil olunub.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının icrası məqsədilə cari ilin 25 noyabr tarixində Dövlət Komissiyasının İşçi  Qrupu Zaqatala  Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirmə xarakterli tədbir keçirmişdir.

  Mədəniyyət mərkəzində keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, Zaqatala rayon İcra Hakimiyyətinin başçısının müavini,  rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

  Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib, eyni zamanda, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə tövsiyyələr də diqqətə çatdırılmışdır.

  Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır və rayon komissiyasına metodiki köməklik göstərilmiş və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan zəruri təbliğat materialları paylanmışdır.

   Sonda mədəniyyət mərkəzinin şagirdləri tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirildi.

 



Baxılıb: 1389