Gələcəyimizi birlikdə düşünək - narkomaniyaya yox deyək!

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami Rayon Komissiyası tərəfindən cari ildə bir sıra işlər həyata keçirilmiş, 2019-cu il üçün iş planı təsdiq edilmiş, aidiyyəti idarə və təşkilatlara müvafiq tapşırıqlar verilmiş, yerlərdə, xüsusilə tədris müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin intensivliyi daha da artırılmışdır.

Göstərilən müddət ərzində rayon Polis idarəsi ilə birgə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə 250 saylı tam orta məktəbdə “Devizimiz sağlam həyat tərzidir!”,  Keşlə qəsəbəsindəki 312 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya “yox” deyir!”, 201 saylı tam orta məktəbdə və Kimya-biologiya təmayüllü Respublika liseyində “Sağlam həyat tərzini seçirik - tütünçəkməyə və narkomanlığa “yox” deyirik!”, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Texniki Peşə Təhsil Mərkəzində “Gələcəyimizi birlikdə düşünək - narkomaniyaya “yox” deyək!”, 12 saylı tam orta məktəbdə “Zərərli vərdişlər və onların törətdiyi fəsadlar”,  272 saylı tam orta məktəbdə “Zərərli vərdişlərdən özümüzü qoruyaq!”, 214 saylı tam orta məktəbdə “Zərərli vərdişlər”, 238 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!”,  62 №-li məktəb-liseydə “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzularında, Rayon mərkəzi kitabxanası tərəfindən isə 109 saylı tam orta məktəbdə “Narkomaniya - gələcəyi olmayan həyat” adlı tədbirlər təşkil olunmuşdur.

Bunlardan əlavə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 14.06.2019-cu il tarixli,16/3192-14 №-li məktubuna əsasən 26 iyun -Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar 21 iyun 2019-cu il tarixində ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilmişdir. Həmçinin İşçi Qrupunun təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi məqsədilə  29 noyabr 2019-cu il tarixində 220 saylı məktəb-liseydə yekun rayon tədbiri təşkil edilmişdir. Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək, narkomanlığın sosial bəla olduğunu diqqətə çatdırmış, həmçinin sualları cavablandırmışdır. Tədbirdə narkomanlığın fəsadlarından və törətdiyi sosial bəlalardan bəhs edən videoçarxlar göstərilmiş, məktəb-liseyin foyesində rəsm sərgisi təşkil olunmuş, həmçinin məktəblilərin hazırladığı səhnəcik nümayiş etdirilmiş, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.

Rayon Gənclər və idman idarəsi tərəfindən də narkomanlığa qarşı mübarizə sahəsində “Devizimiz sağlam həyat tərzidir!” adlı aksiyalar, idman və bilik yarışları, inşa yazı və rəsm müsabiqələri, habelə 2019-cu ilin iyul ayında Bakıda keçirilmiş Avropa Gənclərinin Yay Olimpiya Festivalı ilə əlaqədar “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində 10, 32, 229, 238 saylı tam orta məktəblərdə və  220 saylı məktəb-liseydə “OCEP 2019 - Dostluq, həmrəylik” adlı tədbirlər keçirilmişdir. Rayon Gənclər və idman idarəsi tərəfindən keçirilən müxtəlif məzmunlu tədbirlərdə 12 mindən yuxarı uşaq və yeniyetmə iştirak etmişdir.

Məktəblərdə çətin tərbiyə olunan və dərsdən yayınan uşaqların qeydiyyatı aparılmış, rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən uşaq sahə inspektorları cəlb edilməklə  bu kateqoriyadan olan uşaqlarla həm fərdi qaydada, həm də valideynlərin iştirakı ilə profilaktik söhbətlər aparılmış, həmin uşaqlara müəllimlər təhkim olunmuşdur.

Göstərilən müddətdə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və yabanı halda becərilməsi faktı müəyyən edilməmişdir. Bununla belə,  narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində, həmçinin “Xaş-Xaş 2019” şərti ad altında qabaqlayıcı kompleks əməliyyat tədbirləri çərçivəsində rayon Polis idarəsi tərəfindən bir sıra işlər həyata keçirilmiş, rayon ərazisində narkotik vasitələrlə bağlı törədilən cinayət hadisələrinin qarşısının alınması, aşkar edilib açılması istiqamətində əməli tədbirlər görülmüş, əhalinin istirahət etdiyi yerlərdə reydlər və əməliyyat yoxlamaları təşkil edilmişdir. Rayon ərazisində aparılmış əməliyyatlar zamanı rayon sakinlərindən Tahirov Gündüz Tahir oğlundan 10 ədəd çətənə kolu, Xalıqov Yəhyəbala Bəybala oğlundan isə 1 kq 10 qram çəkidə heroin tutularaq dövriyyədən çıxarılmışdır. Hazırda hər iki fakt üzrə təhqiqat işləri aparılır.

2019-cu il ərzində rayon ərazisində narkotiklərlə bağlı 38 cinayət faktı qeydə alınmışdır. Onlardan 6  fakt satış, 32  fakt isə narkotiklərin qanunsuz saxlanılması üzrə olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 15 kq 874,266 qram müxtəlif növ narkotik maddə (marixuana-6 kq 531,95 qram, heroin - 2 kq 38,449.qram, tiryək-7 kq 50 qram, metafetamin -253,867 qram)  götürülmüşdür. Cinayət məsuliyyətinə cəlb edilmişlər arasında qadın və yetkinlik yaşına çatmayan yoxdur.

Rayon üzrə dispanser qeydiyyatında olan narkomanların adlı və ünvanlı siyahıları dəqiqləşdirilmiş, habelə onlar barəsində digər mühüm məlumatlar toplanılaraq yaşayış yerləri üzrə sahə inspektorlarının profilaktiki qeydiyyatına götürülmüşdür.

Bakı Şəhər Narkoloji Dispanserindən alınmış rəsmi məlumata görə, 01.12.2019-cu il tarixinə Nizami rayonu üzrə 848 nəfər qeydiyyatdadır, onlardan 16 nəfəri qadındır, qeydiyyatda yetkinlik yaşına çatmayan yoxdur.  Qeydiyyatda olanlardan 18-30 yaş-128 nəfər (15,10%), 30-40 yaş -189 nəfər (22,29%), 40-50 yaş-200 nəfər (23,61%) və 50 yaşdan yuxarı - 331 nəfər (39,0%) təşkil edir.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami Rayon komissiyası tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın, habelə qarşıya qoyulmuş digər vəzifələrin icrası istiqamətində məqsədəmüvafiq tədbirlər davam etdirilir.

Gülnaz İsrafilova,

Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri




Baxılıb: 1369