17 saylı Cəzaçəkmə Müəssisəsində narkomaniyanın zərərləri ilə bağlı tədbir keçirilib

     Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz  dövriyyəsinin və onlardan sui-istifadə hallarının qarşısının alınması, penitensiar müəssisələrdə cəza çəkən məhkumlar arasında maarifləndirmə tədbirlərinin və anti-narkotik təbliğat işinin gücləndirilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 12 fevral tarixində 17 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

    Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərindən, eyni zamanda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumatlar verilmişdir.

    Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici əyani vəsaitlər, bukletlər və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanılıb.




Baxılıb: 3971