Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsidir

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Buna görə də hazırda dünyada, o cümlədən Azərbaycan Respublikasında narkotizmlə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranmış və formalaşmışdır.

Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust 485 nömrəli Fərmanı ilə yaradılmış və əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələdirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası antinarkotik təbliğata xüsusi önəm vermiş, həmçinin maarifləndirmə işinin əhatəsi genişləndirilmişdir.

Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan ölkə Prezidenti tərəfindən 13 Fərman və 56 Sərəncam verilmiş, 38 Qanun, Nazirlər Kabinetinin 31 qərarı və 10 sərəncamı, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilmişdir. Eyni zamanda, fəaliyyət istiqamətini genişləndirmək məqsədilə 2000-ci ildən etibarən respublikanın bütün şəhər/rayon İcra hakimiyyətlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

2019-2024-cü illər üçün Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər genişmiqyaslı əsələlərdən ibarətdir

Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə atdığı qəti addımlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində dövlətin siyasətində, yanaşmasında aydın ifadə olunur. Dövlətin siyasəti narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkara çıxarılması, narkotik vasitənin qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətinə yönəlmiş və bu dövlət orqanları tərəfindən həyata keçirilən strateji sistemdir.

Cənab İlham Əliyevin ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bir çox sahələrdə olduğu kimi, nəqliyyat infrastrukturu təsərrüfatının yenidən qurularaq müasir dünya standartlarına çatdırılması istiqamətində mühüm işlər görülmüş və bunun nəticəsidir ki, hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik olmaqla beynəlxalq yük daşımalarda Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem də xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır. Bəlli olduğu kimi, bu, ilk növbədə Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

Belə ki, 2019-cu il ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 4536 fakt aşkar edilmişdir ki, onlardan 1719-u satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldəetmə və ya saxlama, hazırlama, istehsal etmə, daşıma, göndərmə və ya qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, 2486-sı satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə, saxlama, hazırlama, emal etmə, daşıma, 268-i qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 63-ü isə sair cinayətlərlə bağlı olmuşdur.

Ümumilikdə qeydə alınmış cinayət faktları üzrə qanunsuz dövriyyədən çəkisi 3 ton 508 kq 715 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və 247 min 964 ədəd narkotik xassəli çətənə bitkiləri çıxarılmışdır. Həmçinin qanunsuz dövriyyədən çəkisi 381 kq 546 qr prekursor, 247,3 qr güclü təsir edən maddə, 12 kq 500 qr zəhərli maddə götürülmüşdür.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 091 kiloqramını heroin (59,6%), 820 kiloqram 979,4 qramını marixuana (23,4%), 332 kiloqram 674,9 qramını tiryək (9,5%), 4 kiloqram 009 qramını kokain (0,1%), 27 kiloqram 813,3 qramını həşiş (0,8%), 232 kiloqram 203,9 qramını psixotrop maddələr və digərləri (6,6%) təşkil etmişdir.

Qeyd olunanlarla yanaşı, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2401 ha 288 sot ərazidən yaşıl kütləsi 126 ton 844,9 kq (247 min 964 ədəd) olan narkotik tərkibli bitkilər aşkar edilib yandırılma üsulu ilə məhv edilmişdir.

Aşkar edilmiş faktlar üzrə cinayət məsuliyyətinə 3487 nəfər cəlb edilmişdir ki, onlardan 18 yaşadək 14 nəfər, 18-25 yaş 280 nəfər, 26-29 yaş 537 nəfər, 30 yaşdan yuxarı isə 2656 nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 260 nəfəri fəhlə, 2436-sı işləməyən, 2-si orta məktəb şagirdi, 1191-i əvvəllər cinayət törətmişlər, 7-si əvvəllər xüsusi qeydiyyatda olanlar, 3389-u kişi, 98-i qadın, 99 nəfəri isə xarici ölkə vətəndaşı olmuşdur.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilmiş ümumilikdə 99 nəfər xarici ölkə vətəndaşının 83-ü İran İslam Respublikası, 2-si Rusiya Federasiyası, 6-sı Gürcüstan, 2-si Pakistan, 1-i Ukrayna, 1-i Türkiyə, 1-i Braziliya, 1-i Boliviya, 1-i Əfqanıstan və 1-i Moldova vətəndaşı olmuşdur.

2020-ci ilin 5 ayı ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanusuz dövriyyəsi ilə mübarizə sahəsində 2435 fakt aşkar edilmiş, qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 346 kq müxtəlif növ narkotik vasitələr, 94,5 kq psixotrop maddələr, 740,2 qr güclü təsir edən və 1 kq zəhərli maddələr müsadirə edilmişdir.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, ümumilikdə 32921 nəfər (27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik) narkotik istifadəçisi qeydiyyatdadır. Onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri inyeksion narkotik istifadəçisidir. 2019-cu ildə 2831 nəfər yeni qeydiyyata götürülmüş, 1342 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar cari ili 25 iyun tarixində Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun, Milli Məclisin deputatlarının, Dövlət Komissiyasının üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirildi. O cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədrinin müvafiq göstərişinə əsasən 26 iyun -Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar aidiyyəti dövlət qurumları və şəhər, rayon komissiyaları ilə onlayn konfransların keçirilməsinə başlanılmışdır.

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti dövlət qurumları ilə birlikdə bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur.

Belə ki. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildirişin (DK İsci Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Daxili İşlər Nazirliyi 012/590-21-10, Respublika Narkoloji Mərkəzi 012/455-07-61) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən sms vasitəsilə abunəçilərə göndəriləcək.

“Narkomanlığa birlikdə yox deyək” şüarı Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında mövcud olan monitorlarda nümayiş olunması planlaşdırılıb.

Narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişiklikləri və xəbərdaredici şüarları əks etdirən maarifləndirici videoçarx və o cümlədən “Çalış ki, narkotikə hədəf olmayasan” adlı sosial çarxın Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsi ilə Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində nümayiş olunacaq.

Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlərin kütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində geniş işıqlandırılması təmin olunacaq.

Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün nazirlik, komitə və təşkilatlarla, operativ qaydada əlaqələndirməni təmin etmək üçün “Qaynar xətt” rabitə əlaqəsi fəaliyyətə başlayacaq.

Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummili siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Bununla yanaşı, Azərbaycan Respublikasının narkotik vasitələrin qanunsuz döviriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə aparmağa hər cür əsası vardır. Ölkə Prezidentinin fədakar səyləri nəticəsində əldə edilmiş siyasi sabitlik, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dövlət nəzarəti, Azərbaycan xalqının qədim tarixi, milli adət və ənənələri, zəngin mədəniyyəti belə əsaslardandır.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik

Vasitələrin Qanunsuz Dövriyyəsinə

Qarşı Mübarizə üzrə Dövlət

Komissiyasının İşçi Qrupunun rəhbəri




Baxılıb: 1946