Narkomanlıq dünyanı narahat edən əsas qlobal problemlərdən biridir

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilməkdədir

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas qlobal problemlərdən biridir. Bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı” hazırda uğurla icra olunanmaqdadır.

Belə ki, Dövlət Proqramı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərin həllinə əhəmiyyətli təsirini göstərməkdədir.

Eyni zamanda, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter almış, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür.

Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşurutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların preksursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.

Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2893 fakt aşkar olunmuşdur. Onlardan 1015-i narkotik vasitələrin qanunsuz satışı, 1665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olmuşdur.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 2 ton 309 kq 543,2 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kq 615,3 qr-nı heroin (63,2%), 524,2 kq-nı marixuana (22,6%), 168 kq 675,3qr-nı tiryək (7,3%), 20 kq 469,8 qr-nı həşiş (0,8%), 394 qr-nı kokain (0,01%) narkotik vasitələr, 135 kq 091,2 qr-nı psixotrop maddələr və digərləri (5,8%) təşkil etmişdir.

Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton 163 kq olan 271 min 712 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydaya uyğun olaraq məhv edilmişdir.

Cinayət məsuliyyətinə 1933 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1418 nəfər təşkil edir.

Məsuliyyətə cəlb olunanlardan 85-i fəhlə, 2-si nəqliyyat işçisi, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyən, 1890-ı kişi, 43-ü qadın, 49-u isə xarici ölkə vətəndaşı olmuşdur.

Məsuliyyətə cəlb edilmiş 49 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 8-i Gürcüstan, 13-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Pakistan vətəndaşı olmuşdur. Onlardan çəkisi 448,3 kq müxtəlif növ narkotik vasitə, 13 kq 314,8 qr psixotrop maddə, 950 qr həb, 98 kq 028,7 qr (635 ədəd) çətənə bitkisi götürülmüşdür.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4732, ötən 6 ay ərzində bu növ cinayətlərə görə həbs olunmuşların sayı 1661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2740 nəfərdir.

Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı 143 fakt aşkar edilmiş, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılmışır.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 194-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 769,6 kq narkotik vasitələr müsadirə edilmişdir. Qeydə alınmış cinayətlərin 822-si isə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan 208,4 kq müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

Təhlil göstərir ki, ötən ilin 1-ci yarımilli ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilmiş cinayətlərin sayı 47 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kq 793,9 qr, yabanı halda müəyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kq 409 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 250 nəfər artmış, 16-18 yaşadək olanların sayı 1, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 7 nəfər azalmışdır.

Qaçaqmalçılıqla bağlı aşkar edilən faktların sayı 108 fakt azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin çəkisi 400,4 kq çox olmuşdur.

Hesabat dövründə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 10832 nəfər keçirilmişdir. Onlardan 3101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 1759 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür. Hazırda əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583 nəfər xəstə müalicə alır.

Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunmuşdur və ekspertizadan cəmi 1794 nəfər keçmişdir. Onlardan 1228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.

Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8408 nəfərdən (3260 kişi, 74 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olmuşlar ki, onların da 2605 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülmüşdür. Ümumiyyətlə, qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı1093 nəfər olmuşdur.

Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur.

Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstərişlərinə əsasən, 26 iyun -Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində sistemli şəkildə maarifləndirmə işinin təşkili və əhatəsinin genişləndirilməsi məqsədi ilə bir çox tədbirlər həyata keçirilmişdir.

Belə ki, cari ilin 30 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı, Dövlət Komissiyasına üzv olan qurumların məsul əməkdaşlarının, Bakı şəhəri və respublikanın şəhər, rayon komissiyalarının sədrlərinin iştirakı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda onlayn konfrans keçirilmişdir.

Həmçinin ictimai maarifləndirmə tədbirləri çərçivəsində cari ilin iyul ayından etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildirişin (DK İsci Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Daxili İşlər Nazirliyi 012/590-21-10, Respublika Narkoloji Mərkəzi 012/455-07-61) ölkə üzrə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və “Azerfon” operatorları tərəfindən cəmi 7 milyondan artıq sms abunəçilərə göndərilməsi təmin edilmişdir.

“Narkomanlığa birlikdə “yox” deyək” şüarı Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında mövcud olan monitorlarda nümayiş olunmuşdur.

Narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişiklikləri və xəbərdaredici şüarları əks etdirən maarifləndirici videoçarxın və “Çalış ki, narkotikə hədəf olmayasan” adlı sosial çarxı Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsi ilə Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində o, cümlədən kütləvi informasiya vasitələrində və Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində geniş işıqlandırılmışdır.

Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunda televiziya kanallarında Dövlət Komissiyasının üzvü olan aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə xüsusi verilişlər təşkil edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “802” qaynar xətt rabitə əlaqəsi fəaliyyətə başlamışdır.

Cari ilin 29 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Informasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) təşəbbüsü ilə 2021-2025-ci illəri əhatə edən yeni proqram layihəsinin hazırlanması məqsədi ilə ölkəmizin aidiyyəti dövlət qurumlarının iştirakı ilə virtual platformada məsləhətləşmələrin aparılması üçün videokonfrans keçirilmişdir.

Həmçinin Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasının növbəti mərhələsində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, müasir texnologiyanın və yeni üsulların tətbiqi məqsədi ilə profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə ixtisaslaşmış təlimlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirələrin, məktəb psixoloqları üçün treninqlərin, cəzaçəkmə müəssisələrində, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi, narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanması və həmin materialların yayılmasının təşkili nəzərdə tutulmuşdur.

Qeyd olunanlardan əlavə, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı bədii və animasiya filmlərinin, sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələrində geniş işıqlandırılması da planlaşdırılmışdır.

Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkotizmin profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, respublika rəhbərliyinin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri




Baxılıb: 1311