Narkotiksiz gələcək naminə

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” və bundan irəli gələrək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İş Planının müvafiq bəndlərinin icrası ilə bağlı Mədəniyyət Nazirliyinin Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında “Ağ ölüm”, İrəvan Dövlət Azərbaycan Dram Teatrında M.Haqverdiyevin “Şeytan və ağ ölüm”, Lənkəran Dövlət Dram Teatrında R.Rəhimlinin “Ağ kəlağayı”, Bakı Uşaq və Gənclər Teatrında Arzu Soltanın “Həyatla oyun və ya xaşxaşın göz yaşı” tamaşaları hazırlanmışdır.

Sözügedən tamaşalar pandemiyadan öncə teatrlarda hər ay mütəmadi olaraq göstərilməklə yanaşı, müxtəlif təhsil ocaqları ilə birgə layihələr şəklində də nümayiş olunurdu.

Eyni zamanda, regionlarda fəaliyyət göstərən dövlət rəsm qalereyaları tərəfindən uşaqların mövzu ilə bağlı bir sıra əl işlərinin onlayn təqdimatı keçirilmişdir.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən də bir sıra tədbirlər keçirilmişdir. Narkomanlığın cəmiyyətə zərərinə dair keçirilən silsilə tədbirlərdə əsas məqsəd maarifləndirmə işinin səviyyəsini yüksəltməkdir. Həmçinin asudə vaxtın səmərəliliyi üçün müxtəlif tədbirlər təşkil edilmiş, əyani təbliğat vasitələrindən istifadə olunmuşdur. Məktəb şagirdlərinin “Narkomaniyaya “yox” deyək” adlı onlayn rəsm sərgisi keçirilmişdir.

Cari ilin 20 may tarixində Azərbaycan İstiqlal Muzeyində “Narkomaniya: ağ ölüm”, 5 iyun tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Narkotiksiz gələcək naminə”, “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbirlər və 19 iyun tarixində narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” film-tamaşasının yaradıcı heyəti ilə görüş keçirilmiş və film nümayiş etdirilmişdir.

Eyni zamanda, cari ilin birinci yarısında M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən “Gələcəyimizi birlikdə düşünək - narkomaniyaya “yox” deyək” adlı elektron məlumat bazası virtual olaraq təqdim edilmişdir. 26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə hazırlanan məlumat bazası rəsmi sənədlər, beynəlxalq konvensiyalar, kitablar, məqalələr toplusu, nəşrlərin fotoqalereyası, videoqalereya və faydalı linklər bölmələrindən ibarətdir. Elektron məlumat bazasında təqdim olunan sənədlər tam mətnləri ilə verilmişdir.

25 iyun 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həyata keçirilən “Birgə mütaliə” layihəsinin növbəti onlayn kitab müzakirəsi məhz narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr edilmişdir. Tədbirdə V.Siqarevin “Şeytan ailəsi” əsərinin müzakirəsi aparılmışdır. Həmçinin əsər əsasında səhnələşdirilən “Ağ ölüm” tamaşasından da söhbət açılmışdır.

Bundan əlavə, dövr ərzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən zərərli vərdişlərə və narkomaniyaya qarşı bir neçə tədbir keçirilmişdir. Onların sırasında Biləsuvar rayonunda “Sağlam həyat tərzi və mədəniyyət” mövzusunda silsilə onlayn debatlar və Ağcabədidə “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” mövzusunda vebinarı xüsusi vurğulamaq olar.

Həmçinin C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində cari ilin 2 iyul tarixində sosial şəbəkə üzərindən “Yaşamaq şansını əldən verməyək!” adlı videoçarx nümayiş olunmuşdur.

Kamran Musayev,
Elm və tidqiqatlar sektorunun məsləhətçisi




Baxılıb: 847