2020-ci ilin 9 ayı ərzində aidiyyəti orqanlar tərəfindən (ötən ilin müvafiq dövrü ilə müqayisə etməklə) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı aparılmış mübarizə tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda təhlil olunaraq ümumiləşdirilmişdir.
Müəyyən edilmişdir ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 4195 (+535 və ya 12,8%) fakt aşkar olunmuşdur. Onlardan 1507-si (+436) narkotik vasitələrin qanunsuz satışı, 2309-u (+19) narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si (+56)qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 62-si(+24) isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kq 356,5 qr (+1 ton 831,7 kq) narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 297 kq 293,6 qr-nı (+ 1 ton 483,4 kq) heroin (60,4%), 848 kq 997,8 q-nı (+163,8 kq) marixuana (22,3%), 267 kq 258,7 qr-nı (+ 19,7 kq) tiryək (7%), 90 kq 377,2 qr-nı (+68,9 kq) həşiş (2,4%), 394 qr-nı (-3,5 kq) kokain (0,01%) narkotik vasitələr, 302 kq 035,2 qr-nı (+99,3 kq) psixotrop maddələr və digərləri (7,9%) təşkil etmişdir.
Həmçinin hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2513 (-111 ha) hektar sahədən çəkisi 152 ton 791 kq 035,6 qr (+25 ton 946 kq 106 qr) olan 414 min 644ədəd (+166 min 680) yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydaya uyğun olaraq məhv edilmişdir.
Ötən 9 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cinayət məsuliyyətinə 3105 (+487) nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 4 (-4) nəfər, 18-25 yaşadək 251 (+42) nəfər, 26-29 yaşadək 526 (+129) nəfər, 30 yaş və ondan yuxarı isə 2308 (+322) nəfər təşkil edir.
Məsuliyyətə cəlb olunanlardan 16-sı (+8) əvvəllər xüsusi qeydiyatda olan, 891-i (+219) əvvəllər cinayət törətmişlər, 2135-i (+308) işləməyən, 3045-i (+514) kişilər, 60-ı (-9) qadınlar, 61-i (-10) isə xarici ölkə vətəndaşı olmuşdur.
Məsuliyyətə cəlb edilmiş 61 xarici ölkə vətəndaşından 34-ü İran İslam Respublikası, 10-u Gürcüstan, 13-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Pakistan və 1 - i Ukrayna vətəndaşı olmuşdur. Onlardan çəkisi 767 kq 292 qr müxtəlif növ narkotik vasitə, 18 kq 394,2 qr psixotrop maddə, 165 qr güclü təsir edən maddə, 98 kq 028,7 qr (635 ədəd) çətənə bitkisi götürülmüşdür.
Cari ilin hesabat dövründə hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilmiş, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kq müxtəlif növ narkotik vasitə, 6 kq 501,4 qr psixotrop maddə, 2 kq 651 qr prekursor çıxarılmışdır.
Ümumilikdə aşkar edilmiş cinayətlərin 305-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 252,4 qr narkotik vasitələr müsadirə edilmişdir. Qeydə alınmış cinayətlərin 1252-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan çəkisi 435,1 kq müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
Təhlil göstərir ki, ötən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 536, qanunsuz satışı ilə bağlı faktların sayı 437, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı56, qrup şəklində törədilmiş cinayətlərin sayı251 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 831 kq 734,4 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 25 ton 946 kq 106 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 487 nəfər artmışdır.
Bunula yanaşı məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 12, azyaşlıların sayı 4, qadınların sayı 9 nəfər azalmış, orta məktəb şagirdləri və kollec tələbəsi məsuliyyətə cəlb edilməmişdir.
Qeyd olunanlarla yanaşı qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitə olan heroinin çəkisi -1 ton 483,4 kq, marixuananın çəkisi -163,8 kq, həşişin çəkisi - 68,9 kq, tiryəkin çəkisi -19,7 kq, psixotrop maddələr və digərlərinin çəkisi - 99,3 kq artmış, kokainin çəkisi 3,6 kq azalmışdır.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2019-cu il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32 921 (+1489) nəfər narkotik istifadəçisi vardır ki, onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.
Hesabat dövründə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 24499 nəfər keçirilmişdir. Onlardan 4283 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 2570 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür.
Ötən 9 ay ərzində Metadonla əvəzedici terapiya proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 370, Respublika Narkoloji Mərkəzində - 174, Sumqayıt şəhər Narkoloji Dispanserində-84) 628 nəfər xəstə müalicə alır.
Cari ilin 9 ayı ərzində 2701 nəfər Ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmişdir ki, onlardan 1816 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilmişdir.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən cari ilin 9 ayı ərzində İİV-ə 397 nəfər yoluxmuş, onlardan 390-ı Azərbaycan Respublikası vətəndaşıdır.
Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8526 nəfərdən (6112 kişi, 2434 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olmuşlar ki, onların da 2620 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülmüşdür. Qeydiyyatda olanların 8237 nəfəri Azərbaycan Respublikası (5904 nəfər kişi, 2333 qadın ), 289-u (208 kişi, 81 qadın) əcnəbi vətəndaşlardır.
31.09.2020-ci il tarixədək ümumilikdə qeydiyyatda olanların 6255 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. Onlardan 2230 nəfəri İnyeksion Narkotik İstifadiçiləridir.
Cari ilin ötən dövrü ərzində Anti Retro Terapiyaya cəlb olunan 409 pasiyentdən 60 nəfəri inyeksion narkotik istifadəçşidir. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1108 nəfər olmuşdur.
Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 9 ayında aşkarlanmış 390 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 54 (13,9%) nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən cari ilin 9 ayı ərzində müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, birgə əməkdaşlıq fəaliyyəti nəticəsində ictimai maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Dövlət Proqramının 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən “İllik Hesabat” hazırlanmışdır.
26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir:
Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “802” qaynar xətt rabitə əlaqəsi cari ilin avqust atından etibarən fəaliyyətə başlayıb və “802” telefon xidmətinin fəaliyyətinin ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə sosial çarx hazırlanmışdır.
Dövlət Proqramının 4.1.22 bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytının mobil versiyasının hazırlanması təmin edilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi (məlumat, ərizə, şikayət və təklif) üçün nmdk.gov.az saytında onlayn müraciət bölümü yaradılmışdır.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, ailədaxili münasibətlər kontekstində valideyn nəzarətsizliyinin narkotik vasitələrdən istifadədə rolu movzusunda “Alimizə və övladlarımıza dəyər verək”, “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında “İçindəki günəşi qoru, narkotikə yox de” adlarında iki ədəd yeni maarifləndirici video çarx hazırlanmışdır. Qeyd olunan video çarxların mövcud şərait nəzərə alınmaqla, gələcəkdə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.
Dövlət Proqramı"nın 4.4.35-ci bəndinin icrası ilə əlaqədar, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən üzərində xüsusi şüarlar əks olunan yeni forma və dizaynda sosial lövhələr hazırlanmışdır.
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair şəhər və rayonlar üzrə ayrı-ayrılıqda əldə olunan statistik məlumatlar sisteminin modernləşdirilməsi üçün müvafiq elektron xəritələrin hazırlanması istiqamətində işlər davam etdirilir.