Narkotik sərhədsiz fəlakətdir

Hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə  təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunanmaqdadır.

Belə ki, hesabat dövründə daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirmiş, müxtəlif marşurutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

2020-ci ilin 9 ayı  ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 4195 fakt aşkar olunmuşdur. Onlardan 1507-si narkotik vasitələrin qanunsuz satışı, 2309-u  narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si  qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 62-si  isə digər cinayətlərlə bağlı olmuşdur..

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kq 356,5 qr  narkotik vasitələrin və psixotrop maddələrin 2 ton  297 kq 293,6 qr heroin,  848 kq 997,8 qr  marixuana,  267 kq 258,7 qr tiryək, 90 kq 377,2 qr həşiş, 394 qr kokain, 302 kq  035,2  qr-nı  psixotrop maddələr və digərləri təşkil etmişdir.

Həmçinin müvafiq dövr ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2513  hektar sahədən çəkisi 152 ton 791 kq 035,6 qr  olan 414 min 644 ədəd  yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq, qaydaya uyğun olaraq məhv edilmişdir.

Cinayət məsuliyyətinə 3105  nəfər cəlb edilmişdir ki, onlardan 16-18  yaşadək 4 nəfər, 18-25 yaşadək 251  nəfər, 26-29 yaşadək 526  nəfər, 30 yaş və ondan yuxarı isə 2308  nəfər təşkil edir.

Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilmiş, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kq müxtəlif növ narkotik vasitə, 6 kq 501,4 qr psixotrop maddə, 2 kq 651 qr prekursor çıxarılmışdır.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 305-i qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 252,4 qr narkotik vasitələr müsadirə edilmişdir. Qeydə alınmış cinayətlərin 1252-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan çəkisi 435,1 kq müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

Təhlil göstərir ki, 2019-cu ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin  9 ayı ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 536, qanunsuz satışı ilə bağlı faktların sayı 437, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 56, qrup şəklində törədilmiş cinayətlərin sayı 251 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 831 kq 734,4 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 25 ton 946 kq 106 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 487 nəfər artmışdır.

Qeyd olunanlarla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitə olan heroinin çəkisi -1 ton 483,4 kq, marixuananın çəkisi -163,8 kq, həşişin çəkisi - 68,9 kq, tiryəkin çəkisi -19,7 kq,  psixotrop maddələr və digərlərinin çəkisi - 99,3 kq artmışdır.

Son məlumata əsasən, Respublika Narkoloji Mərkəzdə qeydiyyatda 32 921 (+1489) nəfər narkotik istifadəçisi  vardır ki, onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.  4283 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 2570 nəfərdə istifadə aşkarlanmış və onlar müvafiq qeydiyyata götürülmüşdür.

Ötən ilin 9 ay ərzində Metadonla əvəzedici terapiya proqramı üzrə 628  nəfər xəstə müalicə alır. Bununla yanaşı,  2701 nəfər ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmişdir ki, onlardan 1816 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilmişdir.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, ötən ilin  9 ayı ərzində İİV-ə 397 nəfər yoluxmuş, onlardan 390-ı Azərbaycan  Respublikası vətəndaşıdır.

Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8526 nəfərdən (6112 kişi, 2434 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olmuşlar ki, onların da 2620 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülmüşdür. Qeydiyyatda olanların 8237 nəfəri Azərbaycan  Respublikası (5904 nəfər kişi, 2333 qadın ), 289-u (208 kişi, 81 qadın) xarici ölkə vətəndaşıdır.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişlərinə əsasən, 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində sistemli şəkildə maarifləndirmə işinin təşkili və əhatəsinin genişləndirilməsi məqsədi ilə bir çox tədbirlər həyata keçirilmişdir.

Belə ki, ötən ilin 30 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı, Dövlət Komissiyasına üzv olan qurumların məsul əməkdaşlarının, Bakı şəhəri və respublikanın şəhər, rayon komissiyalarının sədrlərinin iştirakı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda  onlayn konfrans keçirilmişdir.

Həmçinin ictimai maarifləndirmə tədbirləri çərçivəsində ötən ilin iyul ayından etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildirişin (DK İsci Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Daxili İşlər Nazirliyi 012/590-21-10, Respublika Narkoloji Mərkəzi 012/455-07-61) ölkə üzrə fəaliyyət göstərən Azercell, Bakcell və Azerfon operatorları tərəfindəncəmi 7 milyondan  artıq sms abunəçilərə göndərilməsi təmin edilmişdir.

“Narkomanlığa birlikdə yox deyək” şüarı Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında mövcud olan monitorlarda nümayiş olunmuşdur.

Narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişiklikləri və xəbərdaredici şüarları əks etdirən maarifləndirici videoçarxın və “Çalış ki, narkotikə hədəf olmayasan” adlı sosial rolikin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsi ilə Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində nümyaiş olunmuşdur.

Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunda televiziya kanallarında Dövlət Komissiyasının üzvü olan aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə xüsusi verilişlər təşkil edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni  təmin  etmək  məqsədilə  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “802” qaynar xətt rabitə əlaqəsi fəaliyyətə başlamışdır.

Dövlət Proqramının 4.4.38-ci və eyni zamanda 4.4.35-ci bəndinin icrası məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair videoçarxın, narkomanlığln zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı yeni sosial çarxlar hazırlanmış və qeyd olunan videoçarxların Bakı şəhərinin küçə və prospektlərində olan elektron lövhələrdə, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda, kütləvi informasiya vasitələrində (televiziya kanallarında) işıqlandırılması təmin edilmişdir.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd sosial lövhə “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılmış və bir il ərzində nümayişi nəzərdə tutulmuşdur.

Həmçinin Dövlət Proqramına müvafiq olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytının təkmilləşdirilməsi, mobil versiyası hazırlanmışdır.

Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınmasında vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün saytda onlayn müraciət bölümü yaradılmışdır.

Bundan əlavə, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair şəhər və rayonlar üzrə ayrı-ayrılıqda əldə olunan statistik məlumatların toplanması və təqdim edilməsi sisteminin modernləşdirilməsi üçün interaktiv xəritə hazırlanmışdır. O cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur.

Belə ki, 2020-ci ilin 29 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Informasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) təşəbbüsü ilə 2021-2025-ci illəri əhatə edən yeni proqram layihəsinin hazırlanması məqsədi ilə keçirilən videokonfransda,  25-27 noyabr tarixlərində Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndiricilər Şurasının (MƏŞ) növbəti iclasının sənəd layihələrinin hazırlanması məqsədi ilə videokonfrans formatda görüşündə, 2-4 dekabr tarixlərində Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının bərpa olunan 63-cü sessiyasında Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi iştirak etmişdir. 

2020-ci ilin 23 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda tələbələr üçün onlayn seminar keçirilmişdir.

Həmçinin Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasının növbəti mərhələsində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, müasir texnologiyanın və yeni üsulların tətbiqi məqsədi ilə profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə ixtisaslaşmış təlimlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirələrin, məktəb psixoloqları üçün treninqlərin, cəzaçəkmə müəssisələrində, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi bitdikdən sonra Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni sosial çarxların metro stansiyalarında mövcud olan monitorlarda da nümayiş olunması planlaşdırılmışdır. Eyni zamanda vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı fəaliyyətin təşkili məqsədi ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə QHT Koalisiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulmuşdur.

Beləliklə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində aidiyyəti orqanların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı”nda icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.

Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri




Baxılıb: 1550