Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

    05 iyul 2021-ci il tarixində Azərbaycan Texniki Universitetində "26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib.

   “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb. Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri Raqif Allahverdiyev  narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Vüqar Mansurov qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə məruzə ilə çıxış edib.

   Məruzələr ətrafında aparılan müzakirələr vebinar iştirakçıları tərəfindən maraqla qarşılanıb.




Baxılıb: 784