Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir

Narkomaniya ilə  mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. Qeyd edək ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, dünya əhalisi 26 iyun tarixini Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edir.

Bu statistika  hər kəsə məlumdur ki, dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir.  Həmçinin statistikada bu fakt da yer alır ki,   gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması həyəcan təbili çalmaya bilməz. Hər bir ölkənin gələcək inkişafında əsas hərəkətverici qüvvəsi olan gənclərin sağlam şəkildə böyüməsi, təhsil alması, onların potensialından qarşıya qoyulan hədəflərin gerçəkləşməsində səmərəli istifadə edilməsi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Gənclərə diqqət və qayğı ilə yanaşan, «Gələcəyimiz bir çox cəhətdən indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır» söyləyən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev onların bu sosial bəladan qorunması üçün daim ciddi səylər göstərmiş, bu istiqamətdə müvafiq sənədlər imzalanmışdır. Belə ki,  1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib.  Bugünədək bu  sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.

Qeyd etdiyimiz kimi, gənclərin layiqli vətəndaş kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biridir. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən  Prezident İlham Əliyev  gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində davamlı addımları ilə diqqətdədir. İmzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Bir Dövlət Proqramının uğurlu icrası qarşıya çıxan yeni vəzifələrin icrası üçün növbəti sənədin qəbulunu bir zərurətə çevirir. Bu baxımdan  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə xidmət edir.  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramında” kompleks tədbirləri müəyyənləşdirib.

Onu da qeyd edək ki, narkomaniya və narkobiznes dünyada münaqişə  ocaqlarının,  nəzarətsiz zonaların, terrorçu mərkəzlərin və  mütəşəkkil cinayətkar qrupların yaradılmasında, silah alverinin güclənməsində  mühüm amillərdən biridir. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. 30 ilə yaxın müddətdə bu ərazilərimizin nəzarətsiz zonaya çevrilməsi  narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. İşğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirilməsi, onlardan əldə olunan vəsaitlərin cirkin niyyətlərin həyata keçirilməsinə yönəldilməsi faktdır.  Artıq 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsi bölgədə və dünyada yeni reallıqlar yaradıb. Yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə  yeni idarəetmə strukturu yaratmaqla torpaqlarımızdan, bu bölgələrimizin malik olduğu potensialdan  ölkəmizin davamlı inkişafının təmin edilməsi üçün geniş imkanlar açır.  Ölkəmizin həyatında yeni dövr başlayır,  quruculuq və bərpa işlərinin həyata keçirilməsinə dost ölkələrin şirkətləri dəvət edilir, beləliklə, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yaxın zamanlarda Böyük Qayıdışına başlanılacaq. Hər birimiz üçün qürur doğuran bu məqamları qeyd etməklə Azərbaycan gənclərinin nə qədər vətənpərvər, milli düşüncəyə malik  vətəndaşlar olduqlarını  diqqətə çatdırır, tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı döyüşçülərimizə Allahdan şəfa diləyirik.

Torpaqlarımız öz tarixi sahiblərinə qayıtmaqla nəzarətsiz zona ifadəsini də öz üzərindən götürdü. 2021-ci ilə Zəfərlə qədəm qoymağımız hər sahədə yeni reallıqlara uyğun addımların atılmasının zəruriliyini ortaya qoyur. Bu Qələbəmiz Azərbaycan gəncliyində bugünümüz və sabahımızla bağlı böyük qürur hissi yaradıb. Tarix yazmaqla Vətən, torpaq sevgisini nümayiş etdirən  gənclərimizin istər ön, istərsə də arxa cəbhədə göstərdikləri qəhrəmanlıq fonunda  onların    pis vərdişlərə aludəçiliyini düşünmək istəməzdik. Amma hər bir məsələdə güvənli olmaq üçün  maarifləndirmə işinin əhəmiyyətini unutmamalı, bu istiqamətdə səylərimizi artırmalıyıq. 

2020-ci ilin, eyni zamanda, həm dünya, həm də ölkəmiz üçün COVID-19 pandemiyası ilə mübarizə dövrü olduğunu nəzərə alsaq görərik ki, ötən bu bir ildə  maarifləndirici tədbirlərin onlayn keçirilməsi də öz müsbət nəticəsini vermişdir. Reallıq budur ki,  narkomaniyaya qarşı mübarizə tək bir ölkənin, bir qurumun, təşkilatın, yaxud bir şəxsin  deyil, ümumilikdə dünyanı narahat edən məsələ olduğu üçün birgə addımların atılmasını tələb edir.  Problemin ictimai təhlükəliliyi  ondan ibarətdir ki, gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır, bu isə öz növbəsində müxtəlif fəsadların yaranmasına səbəb olur. Bu da sirr deyil ki,  narkotiklərlə bağlı cinayətlər haqqında, həmçinin bu bəlaya yoluxanların staitsikası əvvəllər  gizli saxlanılırdı. Məhz bu gizlilik onun coğrafiyasının daha da genişlənməsinə bir növ yol açdı. Bu gün isə reallıqlara uyğun olaraq tamamilə başqa mənzərənin şahidi oluruq. Bu bəlaya yoluxanların, narkotik maddə satışı və alışı ilə məşğul olanların tutularaq cinayətə cəlb edilməsi ilə bağlı görülən işlərin ictimaiyyətə açıqlanması öz müsbət nəticəsini verir. Bu baxımdan ki, çoxları üçün adi görünən, amma ağır cəza olan ictimai qınaq deyilən məfhum var. Özünə dəyər verən, ətrafdakılarının yanında   pis vərdişlərin aludəçisi kimi tanınmağı vicdanına sığışdırmayan insanlar iradələrinə hakim olaraq   bu bəladan yaxa qurtarmağı bacarırlar.  Hər zaman bu fikir də önə çəkilir ki, insanların çoxunun dəyərini bilmədiyi iki şey var - sağlamlıqları və zamanları”. Amma zamanında sağlamlığın qayğısına  qalmamağın sonra yaratdığı fəsadları gördükdə peşmançılıq hissi keçirsək də, geriyə dönüşün mümkünsüzlüyünü unutmamalıyıq.

Arxada qalan hər il özlüyündə bir hesabatdır. Əvvəldə ötən ilin mühüm Qələbə sevincindən, 2020-ci ilin qorxulu hekayəsi olan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərindən bəhs etdik. Bu hadisələrin biri sevinc, digəri narahatlıq doğuran olsa da, ümumi məqsəd birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirib qalibiyyətə nail olmaq idi. Vətən müharibəsində Zəfər çaldıq, COVID-19-a da birliyimizlə qalib gələcəyik. 2020-ci ildə  digər sahələrdə də işlər davam etdirilmiş, kompleks tədbirlər məqsədlərə çatmaqda stimulverici amil rolunu oynamışdır. Belə ki,  narkotiklərlə mübarizə sahəsində qəbul edilmiş qanunları, ölkə Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin əmr, göstəriş və kollegiya qərarlarını əldə rəhbər tutaraq, ötən ildə paytaxtın  hər bir rayonunda müvafiq  RPİ NMB-si ərazi polis bölmələri ilə birlikdə narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması  məqsədilə kompleks tədbirlər təşkil olunmuş, bu növ cinayətlərlə məşğul olan şəxslər tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş, onlayn şəkildə çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilmişdir. Hər zaman olduğu kimi, ötən il də  Bakı şəhərinin on iki rayonu üzrə fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiya”ları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı  tərtib olunmuş  2020-ci ilə dair iş planına uyğun olaraq müvafiq qurumların- Bakı Şəhər Gənclər və İdman  İdarəsinin,  Mədəniyyət və Turizm İdarəsinin,   Baş Polis İdarəsinin,  Baş Səhiyyə İdarəsinin və  Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin  birgə iştirakı ilə   müxtəlif istiqamətlərdə,  «Narkomaniya ilə mübarizə birgə işimizdir», «Gələcəyimiz olan gəncləri bu bəladan qoruyaq», «Narkomaniyaya «yox» deyirik»  «Narkomaniya ümumbəşəri bəladır»,  «Narkotiksiz gələcək və sağlam həyat»,  «Narkomanlıq uçuruma aparan yoldur», «Gələcəyimiz sağlam gəncliklədir»  və  sair mövzularda onlayn tədbirlər keçirilmişdir. Karantin rejiminin tələblərinə uyğun olaraq orta və ali təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması ilə  distant təhsilə keçid olsa da məktəblilərin və tələbələrin iştirakı ilə vidoformatda keçirilən tədbirlər onların maariflənməsinə öz müsbət təsirini göstərmişdir. Həmin tədbirlərə videoformatda qatılan  hüquq-mühafizə orqanlarının əməkdaşları, psixoloqlar, din xadimləri, ziyalılar, həkim-narkoloqlar məktəbliləri və tələbələri maraqlandıran  sualları çavablandırmışdır. Yazılı və elektron KİV-lərdə maarifləndirici materialların dərc olunması, videoçarxların təqdimatı da bu istiqamətdə müsbət nəticələrin əldə edilməsinə öz töhfəsini verir.

Bakı şəhəri üzrə fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə komissiyaları dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı ilə təsdiq    edilmiş “Narkotik vasitələrin, psixotrop maddələri  və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər  üçün Dövlət Proqramı»nı rəhbər tutaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomaniyadan əziyyət çəkən səxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, əhaliyə, xüsusilə də yeniyetmə və gənclərə  narkomaniya və onun insan, cəmiyyət, bütövlükdə dövlət üçün necə böyük bir bəla, faciə olmasını təbliğ edən tədbirləri onlayn şəkildə davamlı  təşkil etməklə fəaliyyətlərini  gücləndirmiş və 2021-ci il üçün nəzərdə tutulan Tədbirlər Planında görüləcək işlər öz əksini tapmışdır.  Məqsəd hər zaman qeyd etdiyimiz kimi,  sağlamlağımızı qorumaq, gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq, onların asudə vaxtlarını yaxşı təşkil etmək, bilik və bacarıqlarını artırmaq və bununla yeni dövrün reallıqlarına uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə dəstək olmaqdır. Pandemiyanın davam etdiyi hazırkı, həmçinin postpandemiya və postmüharibə  dövründə digər istiqamətlər kimi, narkomaniyaya qarşı mübarizə sahəsində də  həyata keçiriləcək  tədbirlərin formatı  üzərində yenidən müzakirələr aparılır,  müasir, təsiredici, maarifləndirici  layihələrin reallaşdırılması  gündəmə gətirilir. Birgə səylər əsasında hədəflərə nail olacaq, Azərbaycan narkomaniyaya  qarşı mübarizə təcrübəsi ilə də liderliyini qoruyacaq.  

Könül Əfəndiyeva,

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində
fəaliyyət göstərən Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Komissiyanın katibi




Baxılıb: 1242