Narkomaniya qarşı mübarizədə məqsədyönlü tədbirlər davam etdirilir

2020-ci il ərzində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, DİN-in Kollegiya Qərarları, eləcə də əmr və göstərişləri rəhbər tutularaq respublika ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində bir sıra təşkilati və əməli işlər görülmüşdür.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin real vəziyyətə uyğun qurulması, regional şöbələrin və ərazi polis orqanlarının aidiyyəti struktur qurumlarının işinin düzgün koordinasiyası və yerlərə idarəçilik təsirinin artırılması məqsədi ilə respublika ərazisində narkotiklə bağlı kriminogen vəziyyət mütəmadi olaraq təhlil edilmişdir.

Təhlil dövründə narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının və professional səviyyəsinin artırılması da diqqət mərkəzində olan məsələlərdən olmuşdur.

Bu məqsədlə DİN-in “Xəzri” Sağlamlıq və İstirahət Mərkəzində respublika polis orqanlarının 35 məsul növbətçiləri, 41 baş əməliyyat (əməliyyat) müvəkkilləri, 16 yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili xidmətinin baş inspektorları və 28 nəfər şəhər, rayon polis orqanlarının sahə rəisləri ilə «Yeni psixoaktiv maddələrin növləri və onlara qarşı mübarizə üsulları», «Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında profilaktik işin təşkili və aparılması», «Yetkinlik yaşına çatmayanların, gənclərin sağlam ruhda tərbiyə olunmasında, antinarkomaniya tədbirlərinin həyata keçirilməsində dövlətin rolu və polisin vəzifələri» mövzuları üzrə seminar-məşğələlər keçirilmişdir.

Orta, ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində və yaşayış yeri üzrə uşaq və gənclər arasında narkotik maddələrdən istifadənin qarşısının alınması, bu növ vasitələrin qanunsuz dövriyyəsi, zərərli nəticələri, qanunvericiliklə nəzərdə tutulan hüquqi anlayışı və cəza mexanizmlərinin geniş təbliği məqsədilə təlim-tərbiyə ocaqlarında, digər uşaq təşkilatlarında 350 görüş, diskussiya, dialoqlar keçirilmiş, yerli səhiyyə qurumlarının, narkoloci dispanser mütəxəssislərinin, habelə təhsil orqanlarının psixoloqlarının iştirakı ilə keçirilən tədbirlərdə 11000 mindən artıq yuxarı sinif şagirdləri və onların valideynləri cəlb olunmuş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Narkotiklərlə mübarizə və aidiyyəti xidmət əməkdaşları tərəfindən ictimaiyyət nümayəndələri arasında narkotiklərə qarşı profilaktik dünyagörüşün formalaşdırılması məqsədilə keçirilən maarifləndirici tədbirlərdə təqdim olunması üçün DİN-in Mətbuat Xidməti ilə birgə hazırlanmış 5 videoçarx və 2 təqdimat DİN-in sosial şəbəkələrdəki rəsmi saytlarında yayımlanması təmin edilmişdir.

Narkotiklərlə bağlı hüquqpozmalara görə tutulmuş 5 azyaşlı şəxslərdən 1-i Nərimanov, 1-i Ağdaş, 1-i Masallı, 1-i Xaçmaz, 1-i Tovuz rayon sakinləri olmuşdur. Sözügedən şəsxlərlə bağlı toplanmış materiallar aidiyyəti üzrə məhkəmə orqanlarına təqdim edilmişdir.

2020-ci il ərzində daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 5041 (+965) cinayət faktı aşkarlanmış (satış 1738, saxlama 2903, əkin 323, digər 77), qanunsuz dövriyyədən 1 ton 873 kiloqram (+641,6 kq.) narkotik vasitə (839,3 kq. güclü təsiredici, 864,3 kq. marixuana, 21,5 kq. həşiş, 148,0 kq. digər), 137,1 kiloqram psixotrop, 2 kiloqrama yaxın güclü təsir edən və 2,2 kq zəhərli maddə, 9 ton 555 kq (-458,3 kq.) aqrotexniki qaydada becərilmiş narkotik tərkibli çətənə və 1,7 kq (+1,6 kq) xaş-xaş bitkiləri çıxarılmışdır. Bununla yanaşı, 2513,4 hektar sahədə yabanı halda bitmiş yaş kütləsi 153,1 ton 101 olan (+26 ton 228 kq.) 414864 ədəd çətənə bitkiləri müvafiq qaydada məhv edilmişdir.

Keçirilmiş səmərəli əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu illə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı ümumilikdə 641,6 kiloqram, güclü təsirə malik olanlar 512,4 kiloqram, psixotrop maddələr isə 120,9 kiloqram çox olmuşdur.

Eyni zamanda 79 fakt üzrə 338,5 kq-dan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmış, 301 nəfərdən ibarət 131 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Narkotik xassəli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı 323 (+55) fakt aşkar edilmiş çəkisi 9 ton 555 kq çətənə və 1,7 kq xaş-xaş bitkiləri aşkar edilərək götürülmüş və prosessual qərar qəbul edilməsi üçün istintaq orqanlarına verilmişdir.

Cari il ərzində respublika ərazisində narkotiklərlə bağlı (AR İXM-nin 206-209-cu maddələri ilə) ümumilikdə 1365 inzibati xəta törədilmişdir ki, onlardan 251-i həbs, 87-si cərimə, 16-sı xəbərdarlıq, 2-si xitam edilmiş, 1009 xəta üzrə toplanmış materiallar müvafiq qərar qəbul edilməsi məqsədilə məhkəmə orqanlarına göndərilmişdir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 35 (+20) nəfər xarici ölkə vətəndaşı tutulmuş (Rusiya Federasiyası-13, İİR-11, Gürcüstan-7, Qazaxıstan-3, Türkiyə-1), onlardan ümumilikdə 157,9 kiloqram narkotik vasitə, 17,8 kq psixotrop və 165 qram güclü təsir edən maddələr, eləcə də 98,1 kiloqram (635 ədəd) narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

Respublika ərazisində narkotiklərlə bağlı cinayətlərin aşkar edilməsi, həmin cinayətləri törədən şəxslərin və mütəşəkkil dəstələrin ifşa olunması və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələrin çıxarılması üçün ciddi dönüş yaradılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi




Baxılıb: 918