Narkomaniya müasir dövrün qlobal problemidir

Narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam edir.

Narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almışdır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir. Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Lakin bütün ciddiliyinə baxmayaraq, bu problem çox incədir və bu səbəbdən ehtiyatlı, balanslı bir yanaşma tələb edir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Bu sahədə fəaliyyət göstərən bir çox mütəxəssislər narkotik asılılığı “biopsixososial-mənəvi xəstəlik” adlandırırlar. Yəni, narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir.

Narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır. Hətta uzun müddət bu zərərli vərdişdən uzaq durmağı bacarmış narkotik aludəçisi yalnız bircə dəfə "yüksək" yaşamağa qərar verərsə, o zaman yenidən narkotika cəhənnəminə düşür. Məhz bu səbəbdən həkimlər ümumiyyətlə "sağalmış narkomanlar" ifadəsi əvəzinə "hərəkətsiz narkomanlar" (yəni, bu anda narkotikdən istifadə etməyən) deyiminə üstünlük verirlər. İnsan psixikasında narkotik asılılığın nəticələri müəyyən dərəcədə kompensasiya olunsa da, təəssüf ki, narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük olaraq dəyişməz qalır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında istifadə olunan bitkilər, onların vegetasiya dövrü, becərilməsi, prekursorlarının idxalı, istehsalı, istifadəsi daimi diqqətdə saxlanılmalı, real nəticələr əldə olunması üçün qeyd edilən bütün proseslərdə elmin iştirakı təmin edilməlidir.

Danılmaz həqiqətdir ki, narkomaniyaya qarşı bu və ya digər mübarizə üsulları müvafiq elm sahələrinin iştirakını zəruri edir. Tərkibində mərkəzi sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərən maddələr olan bitkilər, onların müxtəlifliyi, təsir mexanizmləri və törətdiyi fəsadlar müasir elmin nailiyyətlərinin tətbiqi ilə geniş şəkildə tədqiq edilməlidir. Bu cür bitkilərə dünyanın müxtəlif regionlarında bitən və ya becərilən Mavi suzanbağı (Nymphea caerulea), Peyot kaktusu (Lophophora williamsii), Kat (Catha edulis), Kokain (Erythróxylum cóca), Çətənə (Cannabis) cinsinə aid növlər (Cannabis sativa, Cannabis indica), Xaş-xaş (Papaver rhoéas, Papaver somniferum), Meksika mimozası (Mimoza tenuiflora), Havay qızılgülü (Argyreia nervosa), Narkotik adaçayı (Salvia divinorum), Efedra (Ephedra equisetina, E.distachya) və s. aid edilə bilər.

Eyni zamanda hazırda xüsusilə geniş yayılmış sintetik narkotik və psixotrop maddələrin, onların canlı orqanizmlərə, sinir sisteminə, insan sağlamlığına təsir proseslərinin də öyrənilməsi vacibdir.

Artıq uzun illərdir ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin müvafiq institutlarında narkotik tərkibli bitkilər, onların canlı orqanizmlərə təsiri ilə bağlı müəyyən tədqiqatlar aparılır, narkotik maddələrin istifadəsinin zərərləri barədə zəruri tədris-təbliğat vəsaitlərinin hazırlanması və yayılması sahəsində işlər aparılır. Alim və mütəxəssislər narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı sahələrinin aşkar olunması və həmin bitkilərin məhv edilməsi, habelə bu məqsədlə hər il xüsusi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üzrə dövlət orqanlarının təşkil etdikləri müşavirə, seminar və digər iclaslara cəlb edilirlər.

23 may 2020-ci il tarixində “Narkomaniya bütün pandemiyalardan daha təhlükəlidir” adlı məqaləmiz “İki sahil” qəzetində dərc olunmuş və kütləvi informasiya vasitələrində yayılmışdır (http://imbb.az/az/news/734). Məqalədə narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin dövlətimiz qarşısında duran ən vacib məsələlərdən biri olduğu qeyd edilmiş, bəzi narkotik bitkilər, onların müxtəlifliyi, insan orqanizminə təsiri, törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.

Son bir ildə pandemiya ilə əlaqədar müvafiq toplantılar əsasən onlayn rejimində keçirilmişdir. Biz il ərzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində AMEA-nın nümayəndəsi kimi bu formatda müxtəlif tədbirlərdə, o cümlədən 25 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Gənclər və İdman Nazirliyi ilə birgə keçirilmiş onlayn konfransında, 16 fevral 2021-ci il tarixində videokonfrans formatında növbəti iclasında yaxından iştirak etmişik.

Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə keçirilmiş iclaslarda qeyd olunan Dövlət Proqramı üzrə Tədbirlər Planı çərçivəsində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr və onların icrası, o cümlədən aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair məsələlər müzakirə edilərək müvafiq tapşırıqlar verilmişdir.

2020-ci ildə respublikanın televiziya kanallarında, saytlarda AMEA Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani “Narkotik bitkilər haqqında bilmədiklərimiz”, AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru, professor Arif-Ala Mehdiyev “Narkotik maddələrdən psixi asılılığın korreksiya yollarının araşdırılması” mövzusunda çıxışlar etmişlər.

Son bir il ərzində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə narkomanlığa və narkotik vasitələtin istifadəsinə qarşı mübarizəyə həsr olunmuş bir neçə onlayn seminar keçirilmişdir.

Yabanı halda təbiətdə bitən, çiçəkli bitkilər qrupuna aid olub biomüxtəliflikdə xüsusi əhəmiyyət kəsb edən narkotik tərkibli bitkilərin vegetasiya dövrü nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülməsi, qanunsuz əkinlərin məhv edilməsi, yeni yayılma ərazilərinin müəyyənləşdirilməsi məqsədilə AMEA Botanika İnstitutu əməkdaşlarının respublikanın Quba və Qusar rayonlarına ekspedisiyaları təşkil edilmişdir. Ekspedisiyalar zamanı Quba rayonunun Laza kəndi ərazisində bir neçə yerdə çətənə bitkisinə, əsasən əkin çətənəsi (Cannabis sativa) nümunələrinə rast gəlinmişdir.

Əkin çətənəsi (Cannabis sativa), qara batbat (Hyoscyamus niger L.), Şərq laləsi (Papaver orientalis), ziyilotu (Chelidonium majus), dəlibəng (Datura stramonium) bitki növləri haqqında yerli əhali ilə maarifləndirici söhbətlər aparılmışdır. Qara batbat bitkisinin bütün hissələri, xüsusilə toxumları zəhərlidir. Xoşagəlməz qoxuya malik olduğu üçün heyvanlar tərəfindən yeyilməsə də, insanlar ondan müəyyən məqsədlər üçün istifadə edirlər. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi vacib hesab edilmişdir.

AMEA Dendrologiya İnstitutunun və AMEA Mərkəzi Nəbatat Bağının təcrübə sahələrində və laboratoriyalarında ali təhsil müəssisələrinin tələbə və magistrantları, orta məktəblərin yuxarı sinif şagirdləri üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair seminarların, praktiki məşğələlərin keçirilməsi daimi xarakter daşıyır.

Alimlərimiz mütəmadi olaraq ümumtəhsil məktəblərində təşkil olunan maarifləndirmə xarakterli “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizləri altında təşkil olunan tədbirlərə dəvət olunurlar. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə həmin seminarlarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu əks etdirən mövzular ətrafında fikir mübadiləsi aparılır, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri dinlənilir.

AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun mövzu planlarında və layihə işlərində narkotik asılılığın öyrənilməsi önəmli yer tutur. Pandemiya şəraitinə baxmayaraq, institutda son bir il ərzində də narkomanlığın zərəri barədə materialların hazırlanması üçün tədqiqat işlərinin aparılması davam etdirilmişdir.

Heyvanlar üzərində aparılan müxtəlif eksperimental modellərdə nar­kotik asılı­lığın ya­ranması göstərir ki, müxtəlif kimyəvi mə­n­­şə­li narkotik pre­­pa­rat­ları asılılığı olan heyvanların orqanizminə yeritdikdən so­n­­ra onların beyin strukturlarında neyrotrans­mitter serotoninin miqdarının kəskin artması müşa­hidə olu­nur. Bu nəticələri nəzərə alaraq, narkotik prepa­rat­la­r­ın təsirindən yaranan çox güclü müsbət emosi­yaları tə­min edən sinir hü­ceyrələrinin daxilinə serotonin siqnalının ötürülməsi­nin dayandırılması üsulu işlə­n­ib hazırlanmışdır. Bu məqsədlə yeni serotonin-modullu antikon­soli­dasiya zülalına (SMAZ) qarşı anticisimlər vasitəsilə məqsədyönlü blokada tətbiq edilmişdir. SMAZ-a qarşı poliklonal anticisimlər aşağıdakı ardıcılıqla əldə olunmuşdur. Əvvəlcə ayrılmış SMAZ ilə adadovşan­larının 3-4 aylıq immunizasiyası nəticəsində bu zülala qar­şı poliklonal immunoqlobulinlər alınmışdır. İmmobilizasiya olunan SMAZ ilə CNBr-sefaroz sütunun üzərin­də immuno-affin üsulu ilə immunoqlobulinlər məhlulundan SMAZ-a qarşı poliklonal anticisimlər əldə edilmiş və -70°C şəraitində saxlanılmışdır. Həm mənfi möhkəmlənmə, həm də müsbət möhkəm­lən­mə modellərində 80% meyarına çatmış hey­van­ların be­yin qabığında SMAZ-ın miqdarının kəskin azal­ması müşahidə olunmuşdur.

SMAZ-a qarşı anticisimlər vasitəsilə nar­ko­tik asılılığın dayandırılması eksperimentlə­rində təlim zamanı SMAZ-ın miq­darı­nın az­al­­­­­­masına oxşar olan SMAZ-ın aktiv­li­yinin blokadası baş ve­rmişdir. Bunun əsa­sın­da fərz etmək olar ki, anticisimlər vasitəsilə SMAZ-ın ak­ti­v­­­liyinin məq­səd­yö­n­lü en­di­rilməsi yaddaş izlərinin yaranmasına kömək edir.

SMAZ-a qarşı anticisimlərin yaddaşa möhkəmləndirici təsir mexanizminin araşdırılması məqsədilə anticisimlərin heyvana beyindaxili yeridilməsinin yaddaş izlərinin yaranması ilə bağlı müxtəlif beyin strukturlarında sinir böyümə faktorunun miqdarı müəyyən edilmişdir. Nəticələr göstərir ki, 24 saat sonra hippokampda və beynin sol təpə qabığında sinir böyümə faktorunun miqdarının kəskin dərəcədə azalması müşahidə olunur. Eyni zamanda, SMAZ-a qarşı anticisimlərin yeridilməsindən 3 gün keçdikdən sonra hippokampda sinir böyümə faktorunun miqdarının artımı, sol təpə qabığında isə azalması müşahidə olunur. Sinir böyümə faktorunun miqdarının hippokampda və sol təpə qabığında dəyişilməsi SMAZ-a qarşı anticisimlərin təsirindən sinir hüceyrələrinin sələflərinin diffe­rensiasiya prosesinin sürətləndiyini göstərir.

Tədqiqatlar mahmız qurbağaları (Xenopus laevis) rüşeymlərinin üzərində aparılmışdır. Meta­morfoz mərhələsindən bir neçə mərhələ əvvəl (preme­tamorfoz mərhələsi) qurbağa rüşeymlə­rinin qida mühitinə SMAZ-a qarşı anticisim­lərin əlavə edilməsi nəticəsində rüşeymlərin metamorfoz mərhələsin­dən keçməsi və qurbağalara çevrilməsi prosesinin sürəti ciddi şəkildə (iki mərhələ tez) artmışdır. Belə nəticəyə gəlmək olar ki, SMAZ-a qarşı anticisimlərin yaddaş proseslərinə güçləndirici təsiri onların yenidən yaranmış sinir hüceyrələrinin differensia­siyasına təsiri ilə bağlıdır.

Neqativ yaddaşın yaranması əsasında anticisimlərin təsirindən yeni meydana gəlmiş sinir hüceyrələrinin differensiasiyası prosesinin güclənməsi və onların mövcud neyronlar zəncirlərinə qoşulması güman edilir. Alınmış nəticələri əsas tutaraq, gələ­cək­də kliniki şəraitdə müxtəlif mənşəli preparat­lardan yaranan narkotik asılılığın kor­rek­siyası məqsədilə SMAZ-ın immunokimyəvi blokadasını tətbiq etmək mümkün olacaqdır.

Hesab edirəm ki, postpandemiya dövründə müvafiq elmi tədqiqatlar daha  sistemli hal almaqla gücləndiriləcəkdir. Eyni zamanda genişmiqyaslı, elmi əsaslı maarifləndirmə işləri davam etdiriləcək, bioloji, tibbi, ekoloji, sosioloji və s. xarakter daşıyan müvafiq suallara əsaslandırılmış cavablar işlənib hazırlanacaq, tədqiqatlar zamanı alınan nəticələr ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

İradə Hüseynova,
AMEA-nın vitse-prezidenti, akademik




Baxılıb: 1606