Narkotiksiz gələcək naminə

“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının tərkibinə rayonun hüquq-mühafizə orqanlarının, rayon Təhsil şöbəsinin, Gənclər və idman idarəsinin, Mərkəzi Rayon Xəstəxanısının həkim narkoloqu və Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri daxil edilmişdir.            

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Bu məsələ Sabirabad rayonunda daim diqqətdə saxlanılır. 2020-ci ildə rayon üzrə narkomaniya ilə bağlı 56 cinayət faktı qeydə alınmışdır. Bunlardan 15-i  narkotik maddələrin satışı, 22-si narkotik maddələrin qanunsuz saxlanılması, 19-u narkotik vasitələrin əkilib becərilməsi (kultivasiyası) ilə bağlı olmuşdur. Bu müddət ərzində 33 kq. 115,3 qram marixuana, 88,3 qram heroin aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reydlər zamanı əkilib becərilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkarlandığı zaman müvafiq məlumatlar bu bitkilərin məhvedilmə prosesini əks etdirən foto və video materialları tərtib olunan aktlara əlavə edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilir.

Rayon ərazisində narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi və yabanı halda yayılmasının qarşısının alınması məqsədi ilə kompleks əməliyyat-axtarış və proflaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Ölkə ərazisində COVID-19 infeksiyasının yayılması ilə əlaqədar 2020-ci ilin mart ayına qədər Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə komissiya tərəfindən Sabirabad şəhəri M.Ə.Sabir adına, N.Nərimanov adına orta məktəblərdə və Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir. Rayon Gənclər və idman idarəsi tərəfindən 18 sentyabr 2020-ci il tarixində bu mövzuda onlayn seminar təşkil edilmişdir.

Sabirabad Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və narkomaniyanın qarşısının alınması sahəsində profilaktik fəaliyyətin gücləndirilməsini, əhali arasında hüquqi maarifləndirmə işlərinin aparılmasını, habelə Dövlət Proqramının  icra vəziyyətini daim diqqət məkəzində saxlayır və bundan sonra da bütün lazımı tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir. 

Həsən Həsənov,
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyanın sədri

 




Baxılıb: 892