Narkotiklərə qarşı qətiyyətli mübarizə davam etdirilir

Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə daim diqqət mərkəzində olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət səviyyəsinə qaldırmış və hazırda bu strateji kurs dövlət başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar baza konvensiyasının hər birinə qoşulmuş, bu sahədə məsələləri tənzimləyən çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoymaqla bu təhlükəli təzahürlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Həmin Dövlət Proqramının Qeyd hissəsinə əsasən nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun iştirakı tövsiyə edilmişdir.

Dövlət Proqramının ölkə üzrə icrası, eləcə də 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” ilə əlaqədar yerli icra hakimiyyəti orqanları ilə birlikdə hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının məsul əməkdaşlarının iştirakı ilə ölkə üzrə keçirilmiş seminarlarda və dəyirmi masalarda yeniyetmələr, gənclər və müəllimlər yaxından iştirak etmiş, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin cəmiyyətə və insan sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar barədə izahat xarakterli məlumatlar verilmişdir.

Prokurorluq ölkənin müvafiq hüquq-mühafizə orqanları ilə birlikdə narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirlərin davamlı olaraq sistemli şəkildə həyata keçirilməsi üçün fəaliyyət göstərir.

Bu istiqamətdə ciddi mübarizə aparılmasını zəruri edən əsas amil ölkə ərazisinin narkotik ticarəti üçün cəlbedici olmasıdır. 10 milyon nəfər əhalisi olan, eyni zamanda, Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanla, suda Xəzəryanı ölkələrlə həmsərhəd olan Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, narkotiklərin “istehsalçısı” olan Asiya və “istehlakçısı” olan Avropa ölkələri arasında yerləşməsi, avtomobil, su, hava və dəmir yolları şəbəkəsi vasitəsilə daşınan yüklərin həcminin, nəqliyyat vasitələrinin və sərnişinlərin sayının ilbəil artması, həmçinin uğurla həyata keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində hər il dünya ölkələri ilə qurulan ticarət və logistika sahəsindəki əlaqələr təəssüflə qeyd edilməlidir ki, iri narkotik ticarətçilərini də özünə cəlb edir.

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində 2020-ci il ərzində narkotiklərlə əlaqədar 5221 cinayət faktı aşkar edilmiş, 4 ton 041 kq 456 qr narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

Aşkar edilən cinayətlər üzrə narkotiklərin əsas daşınma marşrutları Əfqanıstan və İran İslam respublikalarında əldə edilən narkotiklərin tranzit olaraq Azərbaycandan keçirilməklə, Gürcüstandan və Rusiya Federasiyasından Ukraynaya, oradan da Avropa ölkələrinə - Belçika Krallığı, Niderland Krallığı, Polşa Respublikası və digərlərinə gedən marşrut xətləridir.

2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanmışdır. Onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 287 kq 819,817 qr narkotik vasitələr və psixotrop maddələr götürülmüşdür.

Cari ilin I rübü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş 1997 fakt üzrə qanunsuz dövriyyədən çəkisi 1 tondan artıq olan narkotik vasitələr və psixotrop maddələr, habelə, güclü təsir edən maddələr çıxarılmış, qanunsuz əkilib-becərilmiş çətənə bitkiləri müəyyən edilərək müvafiq tədbirlər görülməsi üçün istintaq orqanlarına verilmişdir.

Eyni zamanda, bu istiqamətdə Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq olaraq əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilməklə qətiyyətli mübarizə davam etdirilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən “Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının tələblərinə uyğun olaraq cari ilin müvafiq dövrü ərzində 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 737 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və o cümlədən çətənə bitkisinin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən bir sıra beynəlxalq tədbirlər, o cümlədən hər il keçirilən Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransda Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri mütəmadi olaraq iştirak edərək ölkəmizdə bu sahədə görülmüş işlərlə bağlı məlumatlar təqdim etmişdir.

Toğrul Muxtarov,

Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri




Baxılıb: 798