Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

    2021-ci il avqustun 6-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə cari ilin 6 ayı ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsi üzrə Komissiyanın növbəti iclası keçirilmişdir.

    Komissiyanın iclasında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

    İclasda Komissiyanın sədri tərəfindən ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılmaqla, göstərilən sahədə mübarizə işinin təşkili dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilməsi,  mübarizə tədbirlərinin gücləndirilməsi, antinarkotik təbliğat, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi qeyd edilərək,qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti, əldə olunmuş nəticələr,o cümlədən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da artırılmasının zəruriliyi Komissiya üzvlərinin diqqətinə çatdırılmışdır.

    Komissiyanın iclasında daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Firuz Şirinzadə, səhiyyə nazirinin müavini Rahim Əliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni təmsil etdikləri qurumlar tərəfindən qeyd olunan sahədə aparılan mübarizə tədbirləri və əldə olunan nəticələr barədə çıxış edərək ətraflı məlumat vermişlər.

     İclasda ümumilikdə qeyd olunmuşdur ki, daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, müxtəlif marşurutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və cinayətkarlardan külli miqdarda güclü təsirə malik narkotik vasitələr müsadirə edilmiş, maarifləndirmə istiqamətində ayrı-ayrı sosial təbəqələr üzrə təbliğat işinin təşkili sistemli xarakter daşımış və profilaktik tədbirlərin keyfiyyətinin artırılması üçün müvafiq əlavə tədbirlər görülmüşdür.

     Komissiyanın iclasında son dövrlərdə narkotik vasitələrin ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilmiş, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və marifləndirmə işinin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.

    İclasın yekunu olaraq, gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarətin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilmişdir.




Baxılıb: 981