Sumqayıt şəhərində narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir və treninq keçirilib

Oktyabrın 11-də Sumqayıt şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilib.

Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin, Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Sumqayıt şəhəri üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.

Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.

Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib.




Baxılıb: 59