Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2021-ci ilin 9 ayının yekununa dair MƏLUMAT

Cari ilin 9 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6737 cinayət faktı aşkarlanmışdır. Onlardan 2440-ı narkotik vasitələrin qanunsuz satışı, 3846-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 366-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 85-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 650 kq 584 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 490 kq 992 qr-nı heroin, 1 ton 108 kq 977 qr-nı marixuana, 1 ton 277 kq 611 qr-nı tiryək, 71 kq 935 qr-nı həşiş, 89,679 qr-nı kokain, 500 kq 344 qr-nı psixotrop maddələr, 200 kq 635 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 5327 ədəd metadon və 46893 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

Müvafiq dövr ərzində 782,469 hektar sahədən çəkisi 173 ton 370 kq olan 430716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4419 nəfər cəlb edilmişdir. Onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 305 nəfər, 26-29 yaşadək 768 nəfər, 30 yaş və ondan yuxarı isə 3340 nəfər təşkil edir. Həmin şəxslərdən 4321-i kişi, 98-i qadın olmuşdur. Ümumilikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin 3231 nəfəri işləməyənlər, 1627 nəfəri əvvəllər cinayət törətmişlər, 21 nəfəri əvvəllər xüsusi qeydiyyatda olanlardır.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 19-u İran İslam Respublikası, 9-u Gürcüstan, 8-i Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 311 kq-a yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 264 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 807 kq 683 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

2020-ci ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2542, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 933, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1537, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 49, bu kateqoriyadan olan digər cinayətlərin sayı 23 fakt artmışdır.

Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 844 kq 226 qr, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin çəkisi 609 kq, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1314 nəfər, qadınların sayı isə 38 nəfər artmışdır.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 650 kq-dan artıq narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 155 milyon AZN (91 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

Mövcud qanunvericiliyə uyğun olaraq, cari ilin 19-20 may tarixlərində müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən 21190 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.

2021-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 48530 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 9033 nəfərindən 1838-nin istifadəçi olması müəyyən edilmiş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Göstərilən dövr ərzində Dövlət Komissiyasının “802 Qaynar xətt” telefon xidmətinə 601 müraciət daxil olmuşdur ki,onların 135-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 145-i narkotik asılılıqdan müalicə, 321-i isə digər məsələlərlə bağlı olmuşdur.Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 280 məktub ünvanlanmışdır.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə

Dövlət Komissiyasınındaimi fəaliyyət göstərən İşçi Qrupu




Baxılıb: 646