Şəhər və rayonlarda narkomanlıq probleminə dair treninqlər keçiriləcək

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişinə əsasən karantin rejiminə dair mövcud qaydalara və metodiki göstərişlərin tələblərinə uyğun olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə görülən işlərin davamlılığının təmin olunması, antinarkotik təbliğat işinin daha da gücləndirilməsi və əhatəsinin genişləndirilməsi üçün cari ilin oktyabr və noyabr ayları ərzində respublikanın Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Ağsu, İsmayıllı, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ağcabədi, Bərdə, Balakən, Zaqatala, Qəbələ, Şəki  şəhər və rayonlarının ümumitəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulur.

      Tədbirlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.18, 4.4.26-cı bəndlərinin və Dövlət Komissiyasının müvafiq qərarlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

     Tədbirlər çərçivəsində şəhər/rayon komissiyaların üzvləri ilə 16 görüş, ümumtəhsil məktəblərinin işçiləri üçün 16 treninq, ümumilikdə 32 tədbir təşkil olunacaqdır. Eyni zamanda qeyd olunan şəhər və rayonlar üzrə müvafiq komissiyaların üzvləri ilə keçirilən görüşlərdə müzakirələrin aparılması və onlara metodiki köməkliyin göstərilməsi, zəruri təbliğat materiallarının təqdim olunması, bundan əlavə treninqdə iştirak edəcək iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış Sertifikatların verilməsi planlaşdırılmışdır.




Baxılıb: 589