Azərbaycan Texniki Universitetində maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Texniki Universitetində gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə həsr olunmuş “Narkotiksiz gələcək naminə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru açaraq Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb.

Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və mətbuat xidmətinin əməkdaşları iştirak edib.

Məruzəçilər mövzu ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və müvafiq qanunvericilik aktlarının icrası ilə bağlı ətraflı məlumat verib, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə çıxış ediblər.

Həmçinin tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib. Məruzələr ətrafında aparılan müzakirələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə tələbələrin narkomaniyaya qarşı mübarizə ilə bağlı sualları ekspertlər tərəfindən cavablanırılıb. Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları  iştirakçılar arasında paylanılıb.




Baxılıb: 628