Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti tədbir və treninq Goranboyda keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində carı ilin 24 noyabr tarixində Goranboy rayonunda tədbirlər keçirilib.

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi  Respublika Narkoloji Mərkəzinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.

  Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.

  Sonda treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün “Metodik Tövsiyələr” adlı kitabça təqdim edilmişdir.




Baxılıb: 848