Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2021-ci ilin 10 ayının yekununa dair məlumat

   Cari ilin 10 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7484 cinayət faktı aşkarlanmışdır. Onlardan 2787-si narkotik vasitələrin qanunsuz satışı, 4230-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 372-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

   Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 880 kq 982 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 606 kq 080 qr-nı heroin, 1 ton 153 kq 841 qr-nı marixuana, 1 ton 297 kq 331 qr-nı tiryək, 71 kq 954 qr-nı həşiş, 89,679 qr-nı kokain, 550 kq 974 qr-nı psixotrop maddələr, 200 kq 713 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 10331 ədəd metadon və 46966 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

   Müvafiq dövr ərzində 782,469 hektar sahədən çəkisi 173 ton 370 kq olan 430716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran İslam Respublikası, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kq-nvə 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülmüşdür.

   Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 286 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 892 kr 692.826 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır. Eyni zamanda qrup halında törədilən 328 fakt üzrə 1 ton 672 kq müxtəlif növ narkotik vasitə və 13766 ədəd psixotrop maddə qanunsuz dövriyyədən götürülmüşdür.

   2021-ci ilin yanvar-oktyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 880 kq-dan artıq narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 162 milyon AZN (95 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

   Cari ilin 19-20 may tarixlərində mövcud qanunvericiliyə uyğun olaraq, müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən 21190 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.

   2021-ci ilin 10 ayı ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55600 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərindən 2193-nün istifadəçi olması müəyyən edilmiş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

    Cari ilin yanvar – oktyabr ayları ərzində ərzində “802” qaynar xətt telefon zəng xidmətinə vətəndaş müraciətlərinin sayı artmış və qeyd olunan aylar üzrə 795 müraciət daxil olmuşdur ki,onların 168-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 205-i narkotik asılılıqdan müalicə, 422-i isə digər məsələlərlə bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 373 məktub ünvanlanmışdır.

    Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.




Baxılıb: 1201