Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində fevralın 11-də narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Komissiyanın İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı, Səhiyyə Nazirliyi Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi mövzu ətrafında çıxışlar ediblər.
Çıxışlarda narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edildi.