Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 969 cinayət faktı aşkarlanmışdır. Onlardan 342-si narkotik vasitələrin qanunsuz satışı, 618-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 5-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 4-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin 265 kq 299,28 qr-nı heroin, 204 kq 953,323 qr-nı marixuana, 76 kq 032,52 qr-nı tiryək, 4 kq 993,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 60 kq 064,847 qr-nı psixotrop maddələr, 3 kq 400,337 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 2165 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 463 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 6-sı İran İslam Respublikası,1-i Türkiyə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 87 kq 663,15 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.
2022-ci ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 20 milyon 711 min AZN (12 milyon 183 min ABŞ dolları) kimi qiymətləndirilir.
Cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 4676 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 330 nəfərindən 268-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Cari ilin yanvar ayı ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 157 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 21-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 69-u narkotik asılılıqdan müalicə, 67-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 90məktub ünvanlanmışdır.
Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.