Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

2022-ci il martın 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun sədrliyi ilə ötən il ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsi üzrə Komissiyanın videokonfrans formatında növbəti iclası keçirilib.

Komissiyanın iclasında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd edilmişdir ki, ölkədə insanların sağlamlığının qorunması, mənəvi-əxlaqi dəyərlərin aşınmasının qarşısının alınması zərurəti narkomanlığa, narkotik vasitələrin  qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini ciddi şəkildə artırmışdır. Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi sayəsində sözügedən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.

Bununla yanaşı Komissiyanın sədri ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən 2021-ci il ərzində 8535 fakt üzrə 6 ton 607 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 91 kiloqramının ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 6512 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 70 nəfərinin xarici ölkə vətəndaşı olması barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

Komissiyanın iclasında daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Firuz Şirinzadə, səhiyyə nazirinin müavini Nadir Zeynalov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarov təmsil etdikləri qurumlar tərəfindən qeyd olunan sahədə aparılan mübarizə tədbirləri, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə çıxış edərək ətraflı məlumat veriblər.

Komissiyanın iclasında son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və marifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən birgə tədbirlər planları hazırlayaq kompleks şəkildə təşkil edilməklə gücləndirilməsinin zəruriliyi vurğulanıb.

İclasın yekunu olaraq, qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində fəaliyyətlərini gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji müalicə müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, yeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işlərinin təsirli vasitələrlə təşkili, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlər hazırlayıb həyata keçirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.




Baxılıb: 1047