Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb

  Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və 2022-ci il ərzində görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb.

 Tədbirlər Planı çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun tabeliyində olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə tədbirlərin, interaktiv təlimlərin, “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminarların keçirilməsi, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, habelə maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının canlı ifada nümayişinin təşkil edilməsi planlaşdırılıb.

  Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinə təqdim olunması nəzərdə tutulur.




Baxılıb: 173