“802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı artmışdır

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, video çarxın metro stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində və o cümlədən televiziya kanalları və sosial şəbəkələrivasitəsilə mütəmadi olaraq yayımlanmasından sonra daxil olan vətəndaş müraciətlərinin sayı artmışdır.

   Cari ilin yanvar- mart ayları ərzində qaynar xətt zəng xidmətinə 498 müraciət daxil olmuşdur ki,onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə,   249-u isə digər məsələlər ilə bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə ümumilikdə 252 məktub ünvanlanmışdır.

  Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.




Baxılıb: 956