Narkotəhlükəsizlik və pandemiyadan sonrakı dünya prizmasından gələcəyə baxış

Narkotəhlükəsizlik – psixoaktiv maddələrin və narkotik vasitələrin qanuni və qeyri-qanuni dövriyyəsinə nəzarət sferasında mövcud olan potensial və real təhlükələrdən fərdlərin, cəmiyyətin və dövlətin müdafiə vəziyyəti, narkomaniyanın qarşısının alınması və ona qarşı mübarizədə səmərəlilik, narkotika aludəçilərinin reabilitasiyası və yenidən sosiallaşmasının vaxtında və effektiv həyata keçirilməsi səviyyəsidir.

Narkomaniya təhlükəsi və ondan qorunmaqla bağlı məsələlər əsrlər boyu ağıllı beyinləri həmişə narahat etmişdir. Narkoasılılığın mexanizmlərinə, onun köklərinin və mənbələrinin axtarışına, təbiəti və mahiyyətinin açılmasına çoxsaylı kitablar, məqalələr həsr olunsa da, bu problemin sirlərini tam açmaq hələ də mümkün olmamışdır. 

21-ci əsrin əvvəllərində beynəlxalq miqyasda baş verən qlobal dəyişikliklər dünya ictimaiyyətinin və ayrı-ayrı dövlətlərin milli təhlükəsizlik probleminə konseptual yanaşmalara yenidən baxılmasına gətirib çıxarmışdır. Narkotika cəmiyyətlərin və dövlətlərin formalaşmasında dağıdıcı rol oynayır. Mütəxəssislər qeyd edirlər ki, narkotika sanki şüşə qabdan çıxan cin kimi bütün sosial fəaliyyətlərə dağıdıcı təsir edir, qanunsuz narkoticarət milyonlarla insanı əhatə etməklə ən gəlirli biznesə çevrilir. Hazırda dünyada narkopartlayış yeni gücə malikdir və ona qarşı mübarizə əksər inkişaf etmiş dövlətlərin milli təhlükəsizlik doktrinalarında və praktiki siyasi fəaliyyətlərində öz əksini tapmışdır.

XX əsr və XXI əsrin əvvəlləri böyük insan tələfatına səbəb olan İspan qripi, vəba, xolera, tif, QİÇS, hepatit-B, hepatit-C və s. kimi yoluxucu xəstəliklərin tüğyan etməsi ilə yadda qalmışdır. Bu sırada bütün sələflərini kölgədə buraxmış SARS-CoV-2 koronavirusu isə həyatımızı iki hissəyə bölmüşdür: pandemiyadan əvvəlki dövr və pandemiya dövrü. Lakin zaman-zaman gəlib-gedən, güclənib-səngiyən yoluxucu xəstəliklərlə, digər kütləvi xarakter daşıyan patologiyalar və qlobal problemlərlə yanaşı, bəşəriyyəti təqib edən, onu addım-addım uçuruma doğru itələyən bir bəla da mövcuddur ki, nəinki heç bir halda, heç bir məkan və zaman daxilində “ağrı-acıları” zəifləmir, hətta çoxsaylı nüfuzlu beynəlxalq, regional və milli qurumların, güc strukturlarının, hüquq-mühafizə və səhiyyə sistemlərinin səylərinə baxmayaraq, insan həyatının ən dərin qatlarına nüfuz edərək getdikcə genişlənir. Bu qlobal bəla yuxarıda sadalanan və bir çox digər xəstəliklər üçün də katalizator rolunu oynayan narkomaniya və narkotik asılılıqdır. COVID-19 pandemiyası həyat tərzimizə, o cümlədən narkotiklərin istehsalı, daşınması, paylanması və istifadəsinə əhəmiyyətli dərəcədə təsir etdi.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətlər İdarəsi tərəfindən 2021-ci il üzrə dərc edilmiş Dünya Narkotik Hesabatında qeyd edilir ki, hazırda Yer kürəsində 275 milyona yaxın insan müntəzəm olaraq narkotik vasitələrdən istifadə edir və bu, 2010-cu illə müqayisədə 22% artıqdır. Onların 36 milyondan çoxu narkotik asılılıqdan yaranan patologiyalardan əziyyət çəkir. Təqribi hesablamalara görə, 15-64 yaş arası dünya əhalisinin 5,5%-i son bir ildə ən azı bir dəfə narkotik maddələrdən istifadə edib (bəzi məlumatlara görə, Azərbaycanda bu rəqəm təqribən 2,5%-ə bərabərdir). Dünya üzrə 11 milyon insan inyeksiya formasında narkotiklər qəbul edir, onların da yarısı hepatit C-dən əziyyət çəkir. Daha bir acınacaqlı statistika: təkcə 2020-ci ildə narkotik maddələr aludəçiliyi nəticəsində baş verən ölüm halları 13% artmışdır. 2021-ci ildə ölkəmizdə də bu səbəbdən ölənlərin sayı əvvəlki illə müqayisədə 60% artaraq 258 nəfərə çatmışdır. Dünya üzrə aşırı doza nəticəsində ölüm halları isə 2021-ci ildə 100 min nəfəri keçmişdir ki, bu da illik 29% artım deməkdir.

COVID-19 pandemiyasının ilk dövrlərində baş verən ciddi qapanmalar, sərhədlərin bağlanması, beynəlxalq nəqliyyat axınlarının dayandırılması, sosial uzaqlaşma, restoran, kafe və klubların fəaliyyətinə, kütləvi tədbirlərə qoyulmuş qadağalar narkotika ticarətini də müəyyən dərəcədə buxovlamışdı. Narkobaronlar külli miqdarda kokain və heroini toplayaraq sərhədlərin açılmasını, quru, hava və dəniz nəqliyyatının fəaliyyətə başlamasını gözləyirdilər ki, bazarı ucuz qanunsuz mallarla doldursunlar. Bu, artıq koronavirus epidemiyası və sintetik narkotiklərin istifadəsinin artması ilə sağlamlığı zədələnmiş dünya əhalisi üçün qorxulu gözləntilər demək idi.

Təəssüf ki, gözlənilən təhlükələr artıq özünü doğrultmaqdadır. Pandemiyanın ilk çağlarında qeyd etdiyimiz sıxıntılara məruz qalmış nəhəng narkotik bazarları qanunsuz fəaliyyətlərini tez bir zamanda bərpa etmişlər və daha da genişlənməyə nail olmaqdadırlar. İlk vaxtlar narkotika istehlakının azalması qiymətlərin də böyük artımına səbəb olmuşdu. Pandemiya dövrü irəlilədikcə narkotik və psixotrop maddələrin istehsalı nəinki azalmamış, əksinə, dünyanın əksər ölkələrində narkotiklərin istifadəsində 40%-dən çox artım müşahidə olunmuşdur.

Pandemiyanın qadağaları yumşaldıqca tələbatın artması narkotik maddələrin qeyri-qanuni tədarükünün genişlənməsinə, onların qanunsuz dövriyyəsinin diversifikasiyasına, gizli quru və su nəqli marşrutlarının sayının yüksəlməsinə, sualtı gəmilərdən, şəxsi təyyarələrdən və təmassız çatdırılma üsullarından istifadənin artmasına səbəb olmuşdur.

Elmi ədəbiyyatdan və kütləvi sosial mediadan əldə edilən tədqiqat məlumatları göstərir ki, pandemiya cəmiyyətin və onun fərdlərinin psixikasında, ruhi vəziyyətində də uzun müddət silinməyəcək izlər buraxmışdır. İnsanların daimi stress altında yaşaması, özünəqapanma hallarının, ətrafda baş verənlərə etinasız münasibətin kütləviləşməsi, həyatın mənasızlığına inananların sayının artması son iki ilin görünən simasına çevrilmişdir.

Pandemiya dövründə narkotika ticarətində təmassız üsulların istifadəsinin geniş vüsət aldığını da xüsusi qeyd etmək lazımdır. Biz texnoloji inkişafın mühüm göstəricilərindən biri olan internet sosiallaşmasının intensiv xarakter aldığı bir dövrdə yaşayırıq. Bu gün müxtəlif adlarda narkotik maddələrin internet üzərindən, sosial şəbəkələr, elektron poçtlar və s. vasitəsilə istifadəçilərə çatdırılması alıcı və satıcının bir-birini tanımadan əməliyyat aparmasına şərait yaratmaqla narkotik maddələrin paylanması şəbəkəsinin ifşa edilməsini olduqca çətinləşdirmişdir. Beləliklə, narkotiklərin ötürülməsi və qəbulunun qlobal modelləri daim yenilənir. Ekspertlərin hesablamalarına görə, internet üzərindən illik narkotik ticarətinin həcmi 2021-ci ildə 315 milyon dolları keçmişdir və bu rəqəm son 4 ildə ən azı dörd dəfə artmışdır.

Pandemiyanın səngidiyi bir dövrdə isə məhz qloballaşma sayəsində narkomaniya bəlasının yayılması bir sıra tranzit nəqliyyat xətlərinin qovşağında yerləşən Azərbaycan üçün təhlükəli xarakter almaqdadır. Rəsmi məlumatlara görə, ölkə əhalisinin 0,3%-i narkotik asılılıqdan əziyyət çəkməkdədir. Bəzi region və şəhərlərdə isə bu rəqəm 1%-ə çatır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin alim və mütəxəssisləri dövrün bu çağırışına cavab verərək narkomaniyaya qarşı ictimai hərəkatda fəal iştirak edir, narkotik asılılığın zərərləri barədə əhalinin müxtəlif qrupları arasında təbliğat işləri aparırlar. Onların sosial mediada, kütləvi informasiya vasitələrində yazıları, çıxışları və müsahibələri hər zaman xalq tərəfindən böyük maraqla qarşılanır. Mən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində AMEA-nın nümayəndəsi kimi müxtəlif tədbirlərdə, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının videokonfranslarında və müxtəlif iclaslarda müntəzəm iştirak edirəm, Dövlət Proqramı və digər rəsmi tapşırıqlar üzrə hesabatların vaxtında hazırlanması və lazımi ünvanlara çatdırılmasına çalışıram, eyni zamanda, mətbuatda mütəmadi çıxışlarım olur. Alim və mütəxəssislərimiz tərəfindən internet resurslarında, müxtəlif sosial şəbəkələrdə, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsinin və onun institutlarının rəsmi “Facebook” və “İnstaqram” səhifələrində, “YouTube” və “TikTok” kanallarında gənclərə, uşaq və yeniyetmələrə sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici çağırışlar mütəmadi xarakter daşıyır.

Nümunə üçün demək olar ki, son bir il ərzində AMEA Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən narkomaniyaya qarşı mübarizə məqsədilə vaxtaşırı mədəni-kütləvi tədbirlər, müsabiqələr, Papaver L. (Xaşxaş) cinsinə aid çətənə növlərinin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təbliğat-təşviqat xarakterli tədbirlər, “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?” başlıqları altında onlayn seminarlar, Xəzər və Pirallahı rayonlarının ərazilərində yerləşən bir çox orta ümumtəhsil müəssisələrində “Zərərli vərdişlərə yox deyirik!” devizi altında gənclər üçün maarifləndirici təbliğat aksiyaları keçirilmişdir.

Narkomanlığın zərəri barədə materialların hazırlanması üçün fundamental tədqiqat işlərinin aparılması da davam etdirilmişdir. AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi-tədqiqat planlarında və layihə işlərində narkotik asılılığın öyrənilməsi mövzusu önəmli yer tutmuş, həmişə olduğu kimi, 2021-ci ildə də bu istiqamətdə bir sıra nəticələr əldə edilmişdir. Dihidropirimidinazaya bənzər zülal 2 (DBZ2) ilə zənginləşdirilmiş zülal fraksiyası iribuynuzlu qaramal baş beynindən ammonium sulfatın qismən (0-40%) çökdürülməsi və sefadeks G-150 sütunu uzərində gel xromatoqrafiya vasitəsilə ayrılmışdır. Ultrafiltrasiya üsulu ilə zülalın qatılığı 3 dəfəyə qədər artırılmış və distillə suyunda 6 saat ərzində +5ºC temperatur səraitində dializə edilmişdir. Dializdən sonra kalsium ionlarından azad olması üçün zülal EDTA məhlulunda 5ºC-də gecə ərzində saxlanılmışdır. Amfolinlərin tətbiqi ilə izoelektrik fokuslaşma  üsulu vasitəsilə zülal fraksiyaları ayrılmış və geldən elyusiya olunmuşdur. DBZ2-nin izoelektrik nöqtəsinə aid olan fraksiya DBZ2 kimi saxlanılmış və dondurulmuş, zülalın homogenliyi poliakrilamid gelində elektroforez üsulu ilə müəyyən olunmuşdur. DBZ2-yə qarşı poliklonal anticisimlər CNBr-Sepharos sorbentinin üzərinə immobilizasiya olunmuş, DBZ2 sütununun üzərində immunoaffin xromatoqrafiyası üsulu ilə DBZ2 poliklonal immunoqlobulinlər məhlulundan təmizlənmişdir. Bir sikl ərzində DBZ2-yə qarşı 6 mq həcmində anticisimlər alınmışdır. Siçovulların beyin nahiyələrində beta-tubulin-III miqdarına beynin yan mədəciyinə yeridilən DBZ2-yə qarşı anticisimlərin təsiri bərk-fazalı dolayı immunoenzim üsulu ilə təyin olunmuşdur. Birinci anticisimlərin yerinə beta-tubulin-III-ə qarşı adadovşanının poliklonal immunoqlobulinlərindən istifadə olunmuşdur. İkinci anticisimlərin əvəzinə adadovşanlarının immunoqlobulinlərinə qarşı qıtıqotu peroksidaza ilə keçi immunoqlobulinlərinin konyuqatı istifadə edilmişdir. Peroksidaza substratının yerinə ortofenilendiamin tətbiq olunmuşdur.

Etaminal natrium ilə narkozlaşdırılmış təcrübə qrupu siçovullarının beyninin sol yan mədəciyinə DBZ2-yə qarşı poliklonal anticisimlər, nəzarət qrupu heyvanlarına eyni miqdarda adadovşanının qeyri-immun γ-qlobulinləri yeridilmiş, 24 və 72 saat sonra heyvanlar dekapitasiya olunmuş, beynin hippokampının və sol təpə qabığının nümunələri çıxarılaraq dolayı immunoenzim analizi üsulu ilə antigen yerinə istifadə olunmuşdur.

Tədqiqatların nəticələri göstərmişdir ki, DBZ2-nin beyindaxili yeridilməsində və nümunə götürülməsində 24 saat aralıq vaxt olduğu halda nə beynin hippokampında, nə də sol təpə qabığında beta III tubulinin səviyyəsində nəzarət qrupu göstəricilərinə nisbətən təcrübə qrupu göstəricilərində heç bir dəyişiklik müəyyən olunmamışdır.

DBZ2-nin beyindaxili yeridilməsində və nümunə götürülməsində 72 saat aralıq vaxt olduğu halda, beynin sol təpə qabığında nəzarət və təcrübə qrupları arasında beta III tubulinin səviyyəsində etibarlı fərq müşahidə olunmamış, beynin hippokampında təcrübə qrupu və nəzarət qrupu heyvanlarının arasında beta III tubulinin səviyyəsində azalmağa doğru etibarlı dəyişikliklər aşkar edilmişdir. Tədqiqatın nəticələrini təhlil edərək belə qənaətə gəlmək olar ki, DBZ2-yə qarşı anticisimlərin yaddaş proseslərinə gücləndirici təsiri yetkin orqanizmlərdə yeni neyronların əmələ gəldiyi yeganə beyin strukturu olan hippokampda yeni sinir hüceyrələrinin yaranması (neyrogenez) ilə bağlıdır.

Qeyd edilən tədqiqatlar davam etdirilir və onlardan alınan nəticələr mütəmadi olaraq ictimaiyyətə çatdırılacaqdır.

Hazırda biz total informasiya əsrində yaşayırıq. Bu gün içərisində olduğumuz məlumat axını o qədər güclüdür ki, hər hansı faktı saf-çürük etmək, doğrunu saxta xəbərdən, pisi yaxşıdan seçmək, həqiqəti arayıb tapmaq olduqca çətindir. Bu hal xüsusən hələ tam formalaşmamış xarakterlərin, dünyagörüşlərinin daşıyıcısı olan yeniyetmə və gənclərə aiddir. Elm adamlarının vətəndaşlıq borcu, ziyalılıq vəzifəsi mövcud olan nəhəng informasiyanın analizinə, yoxlanılmış və etibarlı faktlara, elmi tədqiqat nəticələrinə əsaslanaraq, dövlət və özəl təhsil sistemi və ənənəvi dini məktəblərlə əməkdaşlıq edərək cəmiyyətə düzgün impulslar vermək, inandırmaq və beləliklə, aludəçilik girdabına düşmüş və ya narkotik uçurumuna yuvarlanmaq təhlükəsi altında olan hər bir insanın həyatının xilası uğrunda mücadilə etməkdir. Əminliklə demək olar ki, nəinki ayrı-ayrı fərdlərin, hətta bəşəriyyətin və xalqların taleyi bu mübarizədə kimin qalib gələcəyindən asılı olacaqdır.

Beləliklə, insan cəmiyyətin qorunması və bəşəriyyətin gələcəyi naminə narkotəhlükəsizliyinin təmin edilməsi zərurui məsələdir və o, kompleks təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi icra hakimiyyəti orqanları, dövlət və ictimai institutların daim diqqətində olmalıdır.

İradə Hüseynova,
AMEA-nın vitse-prezidenti, akademik




Baxılıb: 1930