Narkomaniya - dövrümüzün həyəcan təbili

Günümüzün ciddi problemi sayılan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın geniş yayılması müasir dövrümüzdə cəmiyyətdə sosial-psixoloji  gərginliyin artmasına səbəb olan əsas amillərdəndir.

Təəssüflə qeyd edilməlidir ki,  xüsusilə son illərdə, qlobal informasiya məkanında baş verən inqilabi sıçrayışlar narkotik istifadəçiləri ordusunu sürətlə cavanlaşdırdı. Yeniyetmə və ilkin gənclik dövründə bu bəşəri bəlaya düçar olanların sayı sürətlə artmaqdadır.

Yeniyetmələr arasında narkomaniyanın yayılması problemini aktual edən həm də odur ki, müstəqil həyata başlamamış belə şəxslər gələcək həyatlarını, sağlamlıqlarını böyük risk altına qoymaqla yanaşı, həmçinin cəmiyyət üçün təhlükəli olurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi narkomaniyanın profilaktikası, ictimai maarifləndirmə işinin genişləndirilməsi  istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Komitə tərəfindən  2021-ci ilin ötən dövrü ərzində Təhsil və Səhiyyə nazirlikləri ilə birgə əməkdaşlıq çərçivəsində  təhsil müəssisələrində “Narkotiksiz həyat”, “Sağlam həyat tərzi”, “Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri”, “Ziyanlı vərdişlərin ailələrə təsiri”, “Sağlam gələcəyimiz”, “Sağlam həyat tərzi və narkomaniyaya yox deyək”  və digər mövzularda keçirilən maarifləndirici tədbirlərdə problemlə bağlı ətraflı fıkir mübadiləsi aparılıb.

Komitənin nəzdində fəaliyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və maarifləndirilməsi məqsədilə il ərzində onlarla təlim, dəyirmi masa və bir sıra başqa tədbirlər təşkil olunub. Tədbirlərdə 2000-dən artıq iştirakçı məlumatlandırılıb. Eyni zamanda, respublikanın 42 rayon və  şəhərində ümumtəhsil məktəblərinin  təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrlərinin, həmçinin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Narkoloji  Mərkəzinin iştirakı ilə 84 maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirlədən 2 100 nəfər iştirakçı faydalanıb.

Yetkinlik yaşına çatmayanlar  arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi, ölkədə yeniyetmələr arasında narkomanlığın yayılma səbəblərinin, habelə  problemin həllinə yönələn siyasətin müəyyən edilməsi məqsədi ilə Komitə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə “Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması və təhlili” üzrə analitik hesabat hazırlayıb. Hesabatın hazırlanması prosesinə Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri də cəlb olunub.

Sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə Komitə tərəfindən “Biz narkotiklərə yox deyirik” adlı buklet hazırlanaraq çap edilib, eləcə də “Ziyanlı vərdişlərin qurbanı olma! Sağlamlığını qoru!” adlı videoçarx hazırlanaraq  sosial şəbəkələrdə nümayiş etdirilib, eləcə də ictimai nəqliyyatda “Narkotik ya həyat, seçim öz əlindədir” adlı banerlər nümayiş etdirilib.

Dövlətin narkomaniya ilə mübarizə sahəsində məqsədyönlü siyasəti, problemə aydın yanaşması mövcuddur və bu istiqamətdə dövlət qurumlarının həyata keçirdikləri tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki cəhətdən sağlam təməllər üzərində formalaşmasını qarşıya məqsəd qoyur. İnsanların həyatını faciəyə çevirən narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə bərabər, cəmiyyət də aktiv iştirak etməli, bu məsələyə heç kəs laqeyd qalmamalıdır. Yalnız birgə səylər nəticəsində günümüzün qlobal problemi olan narkomaniyaya qarşı mübarizədə müsbət nəticələr əldə etmək mümkündür.

Nailə İbrahimova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi




Baxılıb: 474