Narkomaniya çıxılmaz bataqlıqdır

Narkomaniya insanların düçar olduğu çıxılmaz bataqlıqdır. Narkomaniyanı haqlı olaraq  "ağ ölüm" də adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 270 milyonu  planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır.

Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul xalqların  həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.

Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir.

Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-nun Avropa ilə Asiya qitəsinin  qovşağında yerləşən Azərbaycan ərazisindən keçməsi, burada səhra, yarımsəhra, mülayim, subtropik, kontinental və digər iqlim şəraitlərinin mövcudluğu ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib-becərilməsinə, həm də yabanı halda bitməsinə şərait yaradıb. Məsələn, xaşxaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u yabanı halda yetişir. Beynəlxalq narkosindikatlar narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya daşınmasında Azərbaycanı tranzit əraziyə  çevirmək cəhdində oldular. Həmçinin artıq tarixə gömülmüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərirdi. Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması, Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrinin Ermənistan hərbi birləşmələrinin əlində olması işğalçı dövlətin həmin əraziləri transmilli cinayət üçün nəzarətsiz zonaya çevirmələrinə,  hər il orada min tonlarla narkotik maddə yetişdirib Avropa və Qara dəniz hövzəsi ölkələrinə ixrac etmələrinə və silah qaçaqmalçılığı ilə məşğul olmalarına geniş şərait yaradıldı ki, bizlər sözügedən silahları müzəffər ordumuzun uğurlu əks-hücum əməliyyatları zamanı əyani şəkildə görmüş olduq.

Azərbaycanın Erməni işğalçıları üzərində qəti qələbəsindən sonra bu kimi ciddi problemlərdə aradan qalxdı. Azərbaycan "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq  ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən o müdrik şəxsiyyətin 1996-cı il avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında"  imzaladığı Fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, həmin bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 1998-ci ildə BMT-nin "Narkotik vasitələr haqqında" 1961-ci il və "Psixotrop maddələr haqqında" 1971-ci il konvensiyalarına da qoşulmuş, Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının  və xammalın hazırlanması qadağan edilmişdir. Ulu Öndərin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-2007-ci illərdə verdiyi tarixi Fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi. 2011-ci il oktyabrın 17-də BMT-nin dəstəyi ilə "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda paytaxtımızda keçirilən ikigünlük beynəlxalq konfrans da bu cəhətdən böyük əhəmiyyət kəsb etmişdir.

Narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəlir. Çünki narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir. Bu sahədə ölkəmizdə  normativ-hüquqi baza da yaradılıb, müvafiq təşkilati strukturlar da, milli proqramlar da. Artıq 20 ildən çoxdur ki, Azərbaycan  narkotizmin Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç bəşəri konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində, vahid əqidə bayrağı altında birləşərək yeni mübarizə metodları hazırlamaqda, bəşər sivilizasiyasını lərzəyə gətirən bu ölüm kabusunun qarşısının alınmasında birgə səy, hünər və əzmkarlıq nümayiş etdirməkdədir. Narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının  qarşısı qətiyyətlə alınmalıdır.

Nurbala Mirzəyev,
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 1871