Narkomaniya «ağ ölüm»dür

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq bir çox ölkələr «Narkotiksiz gələcək naminə» milli proqramlar qəbul ediblər. Bu ölkələr sırasında Azərbaycanın da adı var. Həmin proqramlara əsasən, təhsil ocaqlarında, ictimai və dövlət təşkilatlarında narkomaniyanın ziyanı haqqında maarifləndirici kampaniyalar aparılır.

Narkomaniyaya qarşı mübarizə qlobal xarakter daşımaqla nüfuzlu beynəlxalq təşkilatların da əsas fəaliyyət prioritetidir. Buna görə də BMT-nin qərarı ilə hər il 26 iyun tarixi «Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü» elan edilmişdir.

Narkomaniya «ağ ölüm»dür, həyatdan qopmaqdır. «Narkomaniya» və  «ölüm» sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Narkotik maddə alverçiləri yeniyetmələrin çox olduğu yerlərdə peyda olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə gəncləri ölümə aparan bu pis vərdişə alışdırırlar.

Bu gün də narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya dünyanı narahat edən ən təhlükəli problemlərdən biri olaraq qalır. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir. Eyni zamanda, narkotik tranzitinin qarşısının uğurla alınması da çox mühüm mübarizə vasitəsidir.

Xətai rayonunda da narkomaniyaya qarşı davamlı tədbirlər həyata keçirilib. Xüsusilə Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 55, 95, 116, 194, 269 saylı tam orta məktəblərdə «Ağ ölüm»,  «Narkotiklərə yox deyək», «Narkomaniya əsrin bəlasıdır» adlı bir çox maarifləndrici tədbirlər keçirilib.

Bu kimi tədbirlərdə yerli bələdiyyələrin üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri də iştirak ediblər. Bütün tədbirlərdə narkomaniya əleyhinə çəkilmiş videoçarxlar nümayiş olunmaqla bərabər, ziyalıların da tövsiyə və məsləhətləri dinlənilib.

Etibar Əhmədov,
Xətai rayon İcra Hakimiyyəti başçısının müavini




Baxılıb: 2055