Narkomaniyaya qarşı mübarizə hər bir hərbi qulluqçunun vəzifə borcudur

Bəşəriyyətin ən qorxulu xəstəliklərindən biri narkomaniyadır. Bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Narkotikdən istifadə edən insan üçün asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşananlar əksər hallarda, bu bataqlıqda məhv olub gedirlər. Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına, fiziki gücün düşməsinə, daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və damar vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də “HİV" və "QİÇS” xəstəliyinə. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik “Hepatit B”dir (Hepatit B qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir).

“Ağ ölüm” kimi tanınan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün millətləri düşündürən, cəmiyyətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) bəlası bu gün sərhəd tanımayan və qlobal xarakter daşıyan beynəlxalq problemlər yaradır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur.

Belə gənclərə yardım etmək məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmişdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu bu Dövlət Proqramının həyata keçirilməsinə nəzarəti təmin edir və dövlət qurumlarının fəaliyyətini əlaqələndirir.

Ölkəmizin iqtisadiyyatının sürətli inkişafı, infrastrukturun yenilənməsi, informasiya-kom­munikasiya texnologiyaların geniş tətbiqi dünya dövlətləri arasında nüfuzunun yüksəlməsinə və daha da cəlbedici olmasına səbəb olmuşdur. Hər il mötəbər forumların, konfransların yüksək səviyyədə təşkil edilməsi artıq ənənə halını almışdır. Məhz bu baxımdan hər il narkotiklərlə mübarizə sahəsində bir sıra beynəlxalq əhəmiyyətli tədbir və tədbirə hazırlıq iclasları keçirilməkdədir.

44 günlük müharibədən sonra azad edilmiş ərazilərimizdə aidiyyəti orqanlar tərəfindən həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilər aşkarlanaraq məhv edilmişdir. Xüsusilə Ağdam və Xocalı rayonunun işğaldan azad olunmuş bir neçə kəndində tonlarla narkotik bitkinin, həmçinin Füzuli rayonunda narkotik bitkilərin əkildiyi geniş plantasiya, narkotik vasitələrin istehsal olunduğu laboratoriyanın aşkarlanması Ermənistan tərəfinin ərazilərimizin işğal altında qaldığı dövrdə cinayətkar əməllərinin bariz nümunəsi kimi göstərmək olar.

Cəmiyyətimizin ayrılmaz hissəsi olan orduda da narkomaniya ilə mübarizə sağlam hərbi kollektivin formalaşması baxımından bütün kateqoriyalı komandir (rəis) heyətinin və vəzifəli şəxslərin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasında ordu quruculuğu işində başlıca vəzifə olan yüksək döyüş qabiliyyətli, sağlam şəxsi heyətdən, intizamlı hərbi hissə və bölmələrdən formalaşmış, müasir silah və texnika ilə silahlanmış və yüksək döyüş ruhuna malik olan ordunun yaradılmasıdır. Narkotik və onun törətdiyi fəsadların aradan qaldırılması ilə mübarizə uzunmüddətli, çoxşaxəli cəmiyyətin bütün sahəsini, həmçinin də Azərbaycan Ordusunu əhatə edən bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, ordu sıralarında hərbi xidmət keçmək üçün gələn mülki həyatda narkotik maddə aludəçisi olan bir şəxs, hərbi hissənin həyata keçirdiyi funksiyalar baxımından, yəni hər bir əsgərə silahın verilməsi baxımından bu cür şəxslərin cinayəti törədən potensial namizədlər sıralarında birinci yer almasına səbəb ola bilər. Odur ki, bu baxımdan hərbi xidmətin ilk günlərində hərbi hissə komandanlığı birinci növbədə hərbi xidmət keçməyə gələn hərbi qulluqçuların tibbi və psixoloji müayinəsinin aparılmasına, onlarla xüsusi psixoloji testlərin keçirilməsinə çox ciddi fikir verir. Hər bir yeni gələn əsgər tam şəkildə yuxarıda qeyd edilən yoxlamalardan sağlam keçdikdən sonra öz şəxsi keyfiyyətlərinə, bilik, bacarığına, fiziki durumuna, sağalamlığının vəziyyətinə görə müvafiq vəzifələrə və bölmələrə təyin edilirlər.

Hərbi xidmətə yeni gələn gənc əsgərlərin formalaşması istiqamətində də həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizə işinə ordu rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. Belə ki, bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçuların antinarkotik ruhda tərbiyə edilməsi məqsədilə, narkotik maddələrin insanın sağlamlığına vurduğu zərərlər barədə şəxsi heyətlə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərslərində, hüquq hazırlığı, tərbiyəvi iş və siyasi-məlumatlandırma saatlarında, səhbəst vaxtlarda söhbətlər aparılır, sənədli filmlər nümayiş etdirilir. Mövzu ilə bağlı mütəmadi olaraq Hərbi Prokurorluq orqanları əməkdaşlarının, din xadimlərinin, psixoloqların və tibb mütəxəssislərinin şəxsi heyət qarşısında çıxışları təşkil olunur. Hərbi hissələrin ərazisində çoxlu sayda əyani təbliğat vasitələrinin və banerlərin, bölmələrdə (kazarmalarda) səngərlərdə isə müvafiq lövhələrin vurulması ilə çox sayda qabaqlayıcı, profilaktik tədbirlər həyata keçirilir.

Xüsusi təyinatlı təhsil müəssisələrində kursant və dinləyicilər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğatlar aparılır, o cümlədən bu barədə bədii və videofilmlər nümayiş etdirilir. Narkotiklərin qanunsuz istifadəsi və dövriyyəsi ilə əlaqəli cinayətlər və digər hüquq pozuntularının qarşısının alınması məqsədi ilə Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və müvafiq hüquq-mühafizə orqanları ilə təsdiq edilmiş qarşılıqlı fəaliyyət planlarına uyğun olaraq birgə tədbirlər təşkil olunur. “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı” mövzusunda hərbi hissə və bölmələrin yerləşdiyi ərazilərdə yerli İcra Hakimiyyəti orqanları, müxtəlif dövlət və içtimai təşkilatların iştirakı ilə elmi-praktiki konfrans və seminarlar keçirilir. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində aparılan antinarkotik təbliğat işinin səmərəliliyi, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə yalnız hər bir hərbi qulluqçunun bəşəriyyətin bəlası sayılan narkomanlığa qarşı tutacağı vətəndaş mövqeyindən birbaşa asılıdır. “Ağ ölüm”lə aparılan mübarizə işinin təhlilləri bir daha sübut edir ki, narkotikə qurşanmış insanlara qarşı vətəndaşlıq mövqeyi onu əhatə edən insanlar tərəfindən zəif göstərilərsə o zaman antinarkotik təbliğat işinin səmərəlilliyi də az olar. Bu bəlaya qarşı bütün hərbi kollektivlərin nümayəndələrinin birləşərək birgə mübarizə aparması bu günün tələbi olaraq bizlərdən yaxınlarımızın xilas edilməsini tələb edir.

Ramil Abbasov,
polkovnik-leytenant




Baxılıb: 2152