Bu gün bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı barışmaz mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Son illər bu istiqamətdə dövlətimiz tərəfindən görülmüş əhəmiyyətli tədbirlər sayəsində mühüm nəticələr əldə olunub. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil respublikamızda narkomaniya bəlasına qarşı ciddi mübarizə aparılıb. Ulu Öndərin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı tarixli Fərman bu bəlaya qarşı mübarizənin keyfiyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Həmin Fərmana əsasən narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Bunun ardınca bu sahədə dövlət orqanlarının və ictimai birliklərin əlaqələndirilməsi məqsədi ilə yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası mühüm əhəmiyyət kəsb etdi.
Ümummilli Liderin xalqımızın xoşbəxt gələcəyinə hesablanmış siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yorulmaz fəaliyyətinin, möhkəm iradəsinin xalqın mübarizliyi ilə sıx birləşməsi nəticəsində respublikamızda narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparılır. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla təsdiq edilmiş Dövlət proqramları bu sahədə xüsusi rol oynayıb. Respublikanın hüquq-mühafizə orqanlarının, əlaqədar dövlət qurumlarının və ictimaiyyətin birgə fəaliyyəti ilə narkomaniyanın qarşısının alınması sahəsində ölkədə yüksək nəticələrə imza atılıb.
Respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da “ağ ölüm” adlandırılan narkotik maddələrdən istifadə edilməsinin, narkomaniyanın yayılmasının qarşısının qətiyyətlə alınması üçün konkret tədbirlər həyata keçirilir. Daha dəqiq desək, rayonda narkomaniyaya qarşı mübarizə daim diqqət mərkəzindədir. Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Nakomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyanın, rayonun hüquq-mühafizə orqanlarının, Təhsil şöbəsinin, Gənclər və idman idarəsinin və rayon Mərkəzi xəstəxanasının əlaqələndirilmiş fəaliyyəti sayəsində bölgə əhalisi arasında narkomaniyaya və narkotik maddələrdən istifadə edilməsinə qarşı mübarizə xeyli gücləndirilib.
Sözügedən qurumların təşkilatçılığı ilə əhali arasında geniş maarifləndirici tədbirlər aparılır. Bölgədə fəaliyyət göstərən əmək kollektivlərində, ali, orta ixtisas və ümumtəhsil məktəblərində gənclər və yeniyetmələr arasında narkotik maddələrdən istifadə hallarının qarşısının alınması, narkomanlığın yayılmasının profilaktikası məqsədi ilə seminarlar, söhbətlər, diskussiyalar təşkil olunur, müxtəlif qabaqlayıcı tədbirlər görülür. Yeniyetmə və gənclərin I və II Qarabağ müharibələrinin veteranları ilə görüşlərinin keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edib.
Bu sahədə rayon Gənclər və idman idarəsinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin rayon, respublika, Avropa çempionatları və dünya birincilikləri üzrə müxtəlif idman yarışlarına cəlb olunması xüsusilə önəmli rol oynayır. Bölgədə yeniyetmə və gənclərin asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün bütün imkanlardan istifadə olunur.
Məktəblilərin bilik yarışmalarında, rəsm, inşa müsabiqələrində, fənn olimpiadalarında iştirakının müntəzəm təmin olunması narkomaniyaya qarşı mübarizədə xüsusi önəm daşıyır. Rayonda narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin, valideynlərin rolundan hərtərəfli istifadə olunur. 26 iyun-Narkomaniyaya Qarşı Mübarizə Günü münasibəti ilə keçirilən ümumrayon tədbirlərində bu amilə xüsusi əhəmiyyət verilib.
Bütün bunlara baxmayaraq, rayon sakinləri arasında narkotik maddələrdən istifadə edilməsi hallarının aşkar edilməsi çox böyük narahatlıq doğurur. Odur ki, rayon hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrdən istifadə, psixotrop vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi şəkildə mübarizə aparılır. Ağcabədi Rayon Polis Şöbəsi bu istiqamətdə müntəzəm irimiqyaslı tədbirlər həyata keçirir. Polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində 2021-ci ildə rayon üzrə narkomaniya ilə əlaqədar 80 cinayət faktı aşkar olunub. Həmin dövrdə 28 kq 323,61q qurudulmuş marixuana, 1 kq 927,476q heroin və 37,13q psixotrop maddə olan metafetamin aşkar edilərək, dövriyyədən çıxarılıb. Göstərilən il ərzində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə 12,208-ci maddəsi üzrə isə 7 inzibati xəta müəyyən edilərək, baxılması üçün İTB-yə göndərilib.
Heç şübhəsiz, bundan sonra da roynda narkomaniyanın yayılmasının, narkotik vasitələrdən istifadə olunmasının qarşısının alınması üçün mübarizə tədbirləri daha da gücləndiriləcək, daha barışmaz təşkil olunacaq. Bu sahədə hər birimizin üzərinə mühüm vəzifələr düşür. Çünki narkomaniyaya qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur.
Muxtar Bağırov,
Ağcabədi RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdir müavini